ain.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 19-da Şəki şəhərində keçirdiyi əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul, cari ilin məzunları üçün əlavə xarici dil, martda keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən XI sinif şagirdləri və eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər, həmçinin buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməyən əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 6 mərkəz ayrılıb. İmtahanlar Şəki şəhərindəki 7, 8, 11, 12 və 17 nömrəli tam orta məktəblərdə, fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olmaları üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
Ümumilikdə 1349 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 17 imtahan rəhbəri və 133 nəzarətçi cəlb olunub. İmtahanların keçirilməsi üçün 108 zal ayrılıb.
DİM-in Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində imtahanlar mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib. Onun məlumatına görə, fizika-riyaziyyat və humanitar təmayüllü liseydə keçirilən imtahanda iştirak edən bir nəfər gözdən əlil abituriyentə sualların cavablandırılması üçün əlavə bir saat vaxt verilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.