RU

Natiq Bağırov: Hakimliklə bağlı şərh vermək istəmirik, hər cür çətinliyə hazır olmalıyıq

Tbilisi, 19 aprel, AZƏRTAC

Bizim üçün nəticələr qənaətbəxş alındı, lakin bəzi hallarda medalların əyarı daha yüksək ola bilərdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatı ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycan idmançıları yarışda ümumilikdə yaxşı çıxış ediblər: “Ümumilikdə yaxşı nəticə göstərildi. İdmançılarımız bir gümüş və üç bürünc medal əldə etdilər. Amma nəticələr qızıl medal səviyyəsində də ola bilərdi. Azərbaycan cüdoçuları yüksək səviyyəli idmançılardır və beynəlxalq arenada güclü rəqabət mühiti mövcuddur. Əlbəttə, medal qazanan idmançılarımız çox güclüdürlər. Bu gün həm Avropada, həm də dünyada bütün idmançılar böyük əzmkarlıqla çalışırlar. Bizim idmançılar kimi digər ölkələrin də istedadlı nümayəndələri yarışlarda iştirak edirlər”.

Natiq Bağırov ilin sonunda Bakıda keçiriləcək dünya çempionatında Azərbaycan idmançılarının daha yaxşı nəticələr göstərəcəyinə inandığını söyləyib: “Biz əminik ki, Bakıda keçiriləcək dünya çempionatında daha uğurlu çıxış edəcəyik. Doğma azarkeşlərin dəstəyi bizə əlavə motivasiya verəcək və daha yüksək nəticələr əldə etməyimizə kömək olacaq. Dünya çempionatı ən yüksək səviyyəli yarışdır, lakin mənim fikrimcə, idmançılarımız artıq çox yaxşı güləş nümayiş etdirirlər.”

Balabəy Ağayev (60 kiloqram), Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyevin (100 kiloqram) hakim qərəzi ilə üzləşməsindən bəhs edən ACF rəsmisi idmanda bəzən ədalətsiz qərarlarla rastlaşmağın mümkün olduğunu vurğulayıb: “Ümumiyyətlə, həyatın özü kimi idmanda da bəzən haqsızlıqlar ola bilir. Hakimliklə bağlı hər hansı şərh bildirmək istəmirik. Biz daha güclü olmalıyıq. İdmançı haqsızlıqdan çox öz çıxışını təhlil etməlidir. İdmançılar bütün çətinliklərə hazır olmalı və yalnız rəqibləri deyil, ümumi yarış şəraitini də nəzərə almalıdırlar. Belə hallar hər yarışda baş verə bilər. Ona görə də biz hər zaman ən çətin vəziyyətlərə hazır olmalıyıq.”

O, bəzi görüşlərdə mübahisəli epizodların olduğunu da qeyd edib: “Müəyyən müzakirələrdən sonra belə nəticəyə gəldik ki, verilən qərarların nəticəni dəyişmək imkanı yoxdur. Ona görə də əsas məqsədimiz gələcək yarışlarda bu cür halların qarşısını almaqdır. İdmançılar belə hallarda diqqəti öz üzərlərinə yönəltsinlər və ilk növbədə, öz hazırlıqlarını təhlil etsinlər. Zelim Kotsoyevin yarımfinal görüşündə qadağan olunmuş fənddən istifadə edildiyi bildirildi. Lakin son illərin praktikasına baxdıqda, bu cür hallara görə idmançının diskvalifikasiya edilməsi və ya ciddi cəzalandırılması nadir hallarda müşahidə olunur.”

Qeyd edək ki, Azərbaycan cüdoçuları turniri 4 medalla başa vurublar. Hidayət Heydərov (73 kiloqram) gümüş, Əhməd Yusifov (60 kiloqram), Turan Bayramov (66 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) bürünc medala sahib çıxıblar.

Müxbir - Aynur Əlixanlı

Избранный
19
3
azertag.az

4Источники