RU

Ceyhun Bayramov: Antalya Diplomatiya Forumunun izdihamlı keçirilməsi Türkiyənin uğurudur

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov beynəlxalq tədbirlərin təxirə salındığı və ləğv edildiyi bir dövrdə Antalya Diplomatiya Forumunun genişmiqyaslı keçirilməsini Türkiyənin uğuru kimi qiymətləndirib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, nazir forumun əhəmiyyətindən danışarkən bildirib ki, bu tədbir Türkiyənin xarici siyasətinin və beynəlxalq nüfuzunun göstəricisidir.

“Beynəlxalq tədbirlərin vaxtlarının dəyişdirildiyi və ləğv olunduğu bir zamanda Antalya Diplomatiya Forumunun belə izdihamlı keçirilməsi Türkiyə dövlətinin və onun xarici siyasətinin nüfuzunun göstəricisidir”, – deyə Ceyhun Bayramov vurğulayıb.

Nazir qeyd edib ki, forum qardaş Türkiyənin, Prezident Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən fəal diplomatiyanın növbəti uğurudur.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti forumun ilk ilindən etibarən hər il bu platformada iştirak edir və illər üzrə müqayisə aparmaq imkanı əldə edib.

“Bu il forumda 150-dən çox ölkədən nümayəndələrin, dünya liderlərinin, nazirlərin və ekspertlərin iştirakı, ümumilikdə 5 minə yaxın insanın bir araya gəlməsi tədbirin miqyasını göstərir. Xüsusilə regionda mürəkkəb vəziyyətin hökm sürdüyü bir vaxtda belə bir forumun keçirilməsi diqqətəlayiqdir”, – deyə nazir bildirib.

Ceyhun Bayramov əlavə edib ki, Antalya Diplomatiya Forumu Azərbaycan üçün də mühüm platformadır:

“Biz bu platformanı çox önəmli hesab edirik. Panel müzakirələrində, görüşlərdə fəal iştirak edirik və burada çoxsaylı tərəfdaşlarla əlaqələrimizi genişləndirmək üçün imkanlardan istifadə edirik”.

Избранный
21
4
apa.az

6Источники