RU

Tarixlə müasirliyin vəhdət təşkil etdiyi məkan - Qəbələ Dövlət Tarix Bədii Qoruğu

Qəbələ, 18 aprel, AZƏRTAC

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun təşəbbüsü və rayonda fəaliyyət göstərən folklor qrupların iştirakı ilə geniş maarifləndirici tədbir keçirilib.

Qoruğun direktoru Zahir Kərimov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bu günün əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, əsas ideyası və mahiyyəti tarixi yaddaşın qorunması, irsin mühafizəsinə təşviq, qlobal həmrəylik, maarifləndirmə və ictimai iştirak olan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününü insanlara mədəni irsin əhəmiyyətini xatırlatmaq, onu qorumaq və gələcək nəsillərə çatdırmaq günün vacib çağrışlarından hesab olunur.

Direktoru onu da əlavə edib ki, xalqın keçmişini, mədəniyyətini və kimliyini əks etdirən abidələr və tarixi yerlərin unudulmaması və qorunması üçün hər il aprel ayından başlayaraq rayonun təhsil ocaqlarında maarifləndirici görüşlər keçirilir, yeniyetmə və gənclərə çağırış edərək tarixi yerlərin bərpası, qorunması və təbliği üçün cəmiyyətin, xüsusilə də gənclərin bu prosesə cəlb olunmasına diqqət çəkilir.

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə “açıq qapı” günü təşkil olun. “Açıq qapı” günü çərçivəsində qoruğu ziyarət edən yerli və əcnəbi turistlər Qəbələ Arxeoloji Mərkəzin həyətində təşkil olunmuş “Zopu-zopu” etnoqrafik, “Gülüstan” və “Gülbuta” folklor qruplarının nümunəvi çıxışlarını izləyiblər. Təşkil olunmuş bir-birindən maraqlı musiqi nömrələri və səhnəciklər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Qoruğun Arxeoloji Mərkəz binasında həmçinin kitab sərgisi də təşkil olub.

Qoruq ərazisinə gələn ziyarətçilər gün ərzində ödənişsiz olaraq tarixi məkanın arxeoloji qazıntılar aparılmış əraziləri və SEBA təşkilatının təşəbbüsü, təşkilatçılığı və dəstəyi ilə ərsəyə gəlmiş və ölkəmizdə yeganə olan Arxeologiya sahəsinə öz töhfələrini verən Qəbələ Arxeoloji Mərkəzin sərgi salonları ilə yaxından tanış olublar.

Müxbir - Rasim İslamoğlu

Избранный
38
azertag.az

1Источники