RU

Ayxan Abbasov: “Məğlub olanda çox suallar yaranır” – ARENA.AZ

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 28-ci turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü “Şamaxı”nın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. “Karvan” son matçlara final kimi baxır. Motivasiyaları yüksəkdir. Bundan öncəki matçda da əzmkarlıqları görünürdü, bu gün də göründü. Oyun əlimizdə idi, dominantlıq edirdik, amma qol vura bilmədik. Bir çox oyunlar var ki, bu məqamlarda axsadıq və uduzduq. Bəlkə də futbolçuların ustalığı çatışmadı. Çox işləməlidirlər. Buna baxmayaraq, isti havada 90 dəqiqə vuruşmaq, ruhdan düşməmək, hücum etmək, son saniyəyə qədər epizoda girmək yaxşı göstəricidir. İstəyərdik ki, qalib gələk və turnir cədvəlində irəliləyək. Olmadı.

Rəqib də tempi yüksəltməyimizi istəmirdi. Bu da normaldır. İkinci hissədə dəyişikliklər etdik, hücumameyilli oyunçuları meydana buraxdıq. Amma bu da yetərli olmadı. Birinci hissədə də 3 real qol vəziyyətimiz var idi. Futboldur da, olur. Qarşıdakı matçlara baxacağıq.

Motivasiya baxımından bizdə problem yox idi. Bu, olmasaydı, komanda 90-cı dəqiqəyə qədər vuruşmazdı. Futbolçular hər şeyi etdilər. Sadəcə, dediyim məqamlarda yetərli olmadılar. Xüsusən də gənc futbolçuların epizodları var idi. Məşqlərdə də yaxşıdırlar. İşin öhdəsindən gəliblərsə, stressiz oyunlar olacaq. Rəqib isə daha mübariz görünə bilərdi”.

Ayxan Abbasov bir müddət öncə “Şamaxı”dan ayrılacağının siqnalını vermişdi. O, bunun komandaya təsirinə dair sualı da cavablandırıb:

“Məncə, daha əksinə ola bilər. Futbolçular daha məsuliyyətli olmalıdırlar. Çünki mövsümün sonu yaxınlaşır. Müqaviləsinin müddəti başa çatan futbolçular var. Futbolçular mövsümün sonuna yaxın özlərini göstərmək istəyirlər. İnanmıram ki, bu açıqlamanın təsiri olsun. Məğlub olanda çox suallar ortaya çıxır”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
16
10
arena.az

10Источники