Premyer-liqada 26-cı tur bir-birindən maraqlı matçlarla zəngindi. Çünki bu çərçivədə avrokuboklara iddialı “Araz-Naxçıvan”la “Turan Tovuz”un, “Zirə” ilə “Neftçi”nin, çempionluq uğrunda mübarizə aparan “Qarabağ”la “Sabah”ın, premyer-liqanı tərk etmək istəməyən “Kəpəz”lə “İmişli”nin, “Karvan-Yevlax”la “Şamaxı”nın duellərinə şahidlik edəcəyik. “Sumqayıt” – “Qəbələ” matçının da cansıxıcı keçməyəcəyinə ümid edirik.
Əlbəttə, belə qarşılaşmalara hansı hakimlərin təyinat alacağı hamını düşündürürdü. Düzü, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun qarşıdan gələn turla bağlı təyinatlarını qənaətbəxş saymaq olar. Təbii ki, “Qarabağ” – “Sabah” oyunuyla bağlı qərardan başqa. Ona görə ki, bu görüşdə VAR hakimi Tural Qurbanov olacaq. Siz “burda nə var ki?” deməmiş mən danışım: gənc referi premyer-liqanın 27-ci turunda keçirilən “Sabah” – “Zirə” oyununda (2:2) səhv qərarla yadda qalmışdı. O, 43-cü dəqiqədə “qartallar”ın futbolçusu İssa Cibrilanı kobud müdaxiləylə yerə sərən “bayquşlar”ın oyunçusu Akim Zedadkaya “sarı” göstərməli olsa da, matçı davam etdirmişdi. Rəhim bəy özü də Tural Qurbanovun səhv qərar verdiyini demişdi.
Heç şübhəsiz, bu dəfə də yanlış qərar qeydə alınsa, hər iki komanda etiraz edəcək. Hələ hakimlərin növbəti dəfə ictimaiyyətin müzakirə mövzusuna çevrilə biləcəyini demirik. Axı biz “Qarabağ” – “Sabah” duelinin hakim idarəçiliyi ilə yox, baxımlı oyun, gərgin mübarizə və azarkeş rekordu kimi məqamlarda yadda qalmasını arzulayırıq...
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта