RU

Bakının yaratdığı yeni reallıq: Azərbaycan və Ermənistan ticarəti genişləndirir

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.

Bundan başqa, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunun 1 milyon 537 min dollarlıq hissəsi mart ayının payına düşüb.

Ermənistana ixracdan əldə olunan gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1%-ni təşkil edib.Bu göstəricilər iki ölkə arasında iqtisadi əlaqələrin formalaşmağa başladığını nümayiş etdirir.

Azərbaycanla Ermənistan arasında ticarətin başlanmasını sülhün iqtisadi əsası saymaq olarmı?

"Cebheinfo.az"-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri qarşılıqlı etimadın gücləndirilməsidir.

O qeyd edib ki, bu cür təmaslar gələcəkdə daha geniş əməkdaşlıq üçün zəmin yarada və sülh prosesinin sürətlənməsinə müsbət təsir göstərə bilər:

"2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin iştirakı ilə strateji əhəmiyyətli sənədlərə imza atdılar. Xüsusilə iki dövlət arasında sülh müqaviləsi paraflandı. Sənəd hələ imzalanmayıb, amma paraflanıb.

Müqavilənin imzalanması üçün əsas şərtlərdən biri iki dövlət və xalq arasında etimad mühitinin formalaşması istiqamətində atılan addımlardır. Bu proses də sürətlə davam etməkdədir.

Nəzərə alsaq ki, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti institutları artıq bir neçə dəfə həm Bakıda, həm də İrəvanda görüşlər keçiriblər, bu, qarşılıqlı etimadın artmasına xidmət edən mühüm addımdır".

E.Nəsirov əlavə edib ki, hər iki dövlət sülhə maraqlı olduğunu nümayiş etdirir:

"Bununla yanaşı, iqtisadi əməkdaşlıq da diqqət çəkir. Azərbaycandan keçməklə Rusiya və Qazaxıstandan buğda məhsulları Ermənistana çatdırılıb. Eyni zamanda, Azərbaycanın neft və neft məhsullarının Ermənistana ixracı həyata keçirilib. Maraqlıdır ki, bu proses bir istiqamətli deyil, Ermənistandan da Azərbaycana müəyyən məhsulların ixracı reallaşdırılıb.

Azərbaycan Gömrük Komitəsinin məlumatına görə, mart ayı ərzində Ermənistandan Azərbaycana 960 ABŞ dolları həcmində məhsul ixrac olunub. Rüb ərzində isə Azərbaycandan Ermənistana təxminən 6 milyon dollarlıq məhsul ixracı baş verib.

Bu onun nəticəsində olub ki, hər iki dövlət sülh istəyir və onun fərqindədir ki, əməkdaşlıq olmadan. xüsusilə iqtisadi və ticarət sahəsində əməkdaşlıq olmadan etimad mühiti formalaşa bilməz".

Deputatın sözlərinə görə, bu müddət ərzində tərəflər arasında itkilərin qeydə alınmaması və ümumi sabitlik mühitinin qorunması etimadın tədricən formalaşdığını göstərir:

"Bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, indi erməni uşaqları Azərbaycanla sərhədin 30 metrliyində futbol oynayırlar. Bu, sülhün yaratdığı real və unikal imkanların göstəricisidir.

Həqiqətən də, belədir. Artıq 7 aydır ki, Azərbaycan və Ermənistan xalqları sülhün nə demək olduğunu praktiki olaraq hiss edir. Bu müddət ərzində hər iki tərəfdə itkilər qeydə alınmayıb və etimad mühiti getdikcə formalaşır".

O vurğulayıb ki, Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri onun gələcək siyasi kursunu müəyyənləşdirə bilər:

"İyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Böyük ümidlər var ki, erməni xalqı yenidən Paşinyan hökumətinə səs verəcək və bu hökumətin hakimiyyətdə qalmasını dəstəkləyəcək. Çünki o revanşistlərdən fərqli olaraq sülh istəyir. 

Bunun ardınca Ermənistanda referendumun keçirilsin, yeni konstitusiya qəbul olunsun, bu konstitusiyada Azərbaycana qarşı ərazi iddialarından imtina edilsin və bununla da Azərbaycan-Ermənistan münasibətlərində yeni ağ səhifə açılsın.

Belə olan vəziyyətdə bu, artıq münasibətlərimizdə keyfiyyətcə mühüm transformasiyadır və bununla sülh müqaviləsinin imzalanması da real bir perspektivə çevrilə bilər".Elman Nəsirov sülh gündəliyinə dair öz proqnozunu da bölüşüb:

"İstisna etmirəm ki, 2026-cı il avqust ayının 8-də paraflanmış sülh müqaviləsinin bir illiyində yenidən Vaşinqtonda, yenidən ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri arasında sülh müqaviləsi imzalansın".

Əfsanə Rəcəb

"Cebheinfo.az"

Açar sözlər:

ixrac Elman Nəsirov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
1
cebheinfo.az

2Источники