RU

Elektrikli avtomobil icarəsi taksi xidmətlərini geridə qoyacaq? - AÇIQLAMA

Bakıda elektriklə işləyən avtomobillərin icarəsinə başlanılıb. Artıq avtomobili günlük yox, bir neçə saatlıq da icarəyə götürmək mümkündür. Xidmət avtomobilləri açar olmadan mobil telefon vasitəsilə idarə olunmasına imkan verir. İstifadəçilər tətbiq üzərindən avtomobili seçib, ödəniş edir və birbaşa istifadə etməyə başlayır. Avtomobil icarəsinin dəqiqəsi 15 qəpik, 1 saatı isə 7 manat təşkil edir. Xidməti tərifləyib taksi xidmətlərini geridə qoyacağını düşünənlərlə yanaşı, qiymətin çox baha olduğunu bildirənlər də az deyil.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat üzrə ekspert, “Legacy Motor and Service” şirkətinin direktoru Razil Nağıyevin sözlərinə görə, Bakıda mobil tətbiq vasitəsilə elektrikli avtomobillərin icarəsi xidmətinin istifadəyə verilməsi şəhər nəqliyyatı üçün yeni mərhələ hesab oluna bilər.

 

R.Nağıyev bildirib ki, bu sistem artıq bir çox ölkələrdə uğurla tətbiq olunur və xüsusilə qısa məsafəli səfərlər üçün alternativ nəqliyyat vasitəsi kimi geniş yayılıb: “Məsələyə obyektiv yanaşdıqda, bu xidmətin həm üstün, həm də zəif tərəfləri mövcuddur. Üstünlüklərdən biri ondan ibarətdir ki, istifadəçi avtomobili birbaşa özü idarə edir, vaxt itirmir və taksi gözləmək məcburiyyətində qalmır. Bundan əlavə, elektrikli avtomobillər ekoloji baxımdan daha təmizdir və uzunmüddətli perspektivdə şəhər üçün müsbət təsir yarada bilər. Digər tərəfdən, qiymət məsələsi istifadəçilər arasında fərqli reaksiyalar doğurur. Qısamüddətli və düzgün istifadə zamanı bu xidmət taksi ilə müqayisədə daha sərfəli ola bilər. Lakin uzunmüddətli icarələrdə və ya tıxaclı şəhər şəraitində qiymət daha yüksək görünə bilər. Həmçinin, hər kəsin avtomobil idarəetmə bacarığının olmaması da bu xidmətin yayılmasına müəyyən məhdudiyyət yaradır. Bu sistemin özünü doğruldub-doğrultmaması bir neçə əsas faktordan asılıdır: qiymət siyasəti, istifadə rahatlığı, texniki dəstək və istifadəçi mədəniyyəti. Əgər xidmət əlçatan və stabil şəkildə təqdim olunarsa, xüsusilə gənclər və gündəlik şəhərdaxili hərəkət edənlər üçün ciddi alternativə çevrilə bilər. Taksi xidmətlərini tam şəkildə üstələməsi isə yaxın perspektivdə real görünmür. Çünki taksi xidməti daha geniş istifadəçi kütləsinə uyğundur və sürücü ilə birlikdə təqdim olunan rahatlıq elementi var. Lakin elektrikli avtomobil icarəsi xidmətləri bazarda güclü rəqib kimi formalaşaraq müəyyən seqmentdə taksiyə alternativ ola bilər”.

 

Nəqliyyat məsələləri üzrə ekspert Samuran Səmədbəyli isə deyib ki, Bakıda elektrikli avtomobillərin icarəsi xidmətinin tətbiqi şəhər mobilliyi baxımından müasir və zəruri addım kimi qiymətləndirilməlidir və burada ən vacib məqam bu xidmətin paylaşım iqtisadiyyatı (sharing economy) modelinə əsaslanmasıdır: “Yəni vətəndaş avtomobili mülkiyyət kimi əldə etmək əvəzinə, ehtiyac olduğu anda istifadə edir. Bu yanaşma uzunmüddətli perspektivdə şəhərdə avtomobil sayının artım tempini azalda və parklanma problemlərinin qismən həllinə töhfə verə bilər. Lakin bu sistemin effektiv olması üçün bir neçə əsas şərt var. İlk növbədə, şəhər üzrə kifayət qədər enerji doldurma infrastrukturunun yaradılması vacibdir. Eyni zamanda, bu xidmət digər nəqliyyat növləri ilə – xüsusilə ictimai nəqliyyatla inteqrasiya olunmalıdır. Əks halda, bu təşəbbüs geniş təsir imkanına malik olmayacaq və məhdud istifadəçi qrupu ilə kifayətlənəcək. Ümumilikdə, elektrikli avtomobil icarəsi Bakıda nəqliyyat sisteminin daha dayanıqlı, çevik və ekoloji baxımdan təmiz modelə keçidi istiqamətində mühüm addım hesab oluna bilər. Doğru planlaşdırma və genişləndirmə ilə bu xidmət gələcəkdə şəhər nəqliyyatının ayrılmaz hissəsinə çevrilə bilər”.

 

Şəhanə Quliyeva

Tarix: 17 Aprel 2026, 16:45   
Избранный
23
pravda.az

1Источники