RU

Qafqazda və Mərkəzi Asiyada iqtisadi artım zəifləyəcək Azərbaycanda isə nisbi artım gözlənilir...

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondu (BVF) Mərkəzi Asiya və Qafqaz üzrə yaxın illərdə iqtisadi artım tempinin zəifləyəcəyini proqnozlaşdırır. Bu iki regionda ümumi tendensiyanın əksinə olaraq, Azərbaycanın yeganə ölkə kimi orta səviyyəli artım göstərəcəyi gözlənilir.

Hər iki qurumun son yeniləmələrinə görə, ABŞ və İsrailin İrana qarşı hücumlarının yaratdığı iqtisadi sarsıntı artım proqnozlarına təsir edən qeyri-müəyyən amil olaraq qalır.

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə İqtisadi Yeniləməsində qeyd olunur ki, geosiyasi gərginliklər və ticarət parçalanması da iqtisadi artıma mənfi təsir göstərən əsas faktorlar sırasındadır. Körfəz bölgəsində mövcud qeyri-müəyyənlik nə qədər uzun davam edərsə, Mərkəzi Asiya və Qafqaz ölkələrinin iqtisadiyyatlarına təzyiq bir o qədər artacaq.

Hesabatda bildirilir ki, artan qeyri-müəyyənlik investisiyaları məhdudlaşdıracaq, qlobal tələbin zəifləməsi isə ixracı azaldacaq.

Dünya Bankının qiymətləndirməsinə görə, ən böyük geriləmə Qırğızıstanda gözlənilir. Ölkə ötən il 11,1 faiz artım əldə etsə də, 2027-ci ildə bu göstəricinin 5,8 faizə düşəcəyi proqnozlaşdırılır. Mərkəzi Asiyada orta artım tempi 2025-ci ildə 7 faiz olub, bu ilin sonunda 5,2 faizə, növbəti ildə isə 4,7 faizə enəcəyi gözlənilir.

Qafqaz regionunda da vəziyyət birmənalı deyil. Uzunmüddətdir inkişafda olan Gürcüstaniqtisadiyyatı artımtempiniitirir. 2025-ci ildə 7,5 faiz artım əldə edən ölkədə bu göstəricinin 2027-ci ildə 5,5 faizə düşəcəyi gözlənilir. Bu azalma son 5 ildə müşahidə olunan eniş trendinin davamıdır: 2022-ci ildə Gürcüstan 11 faiz artım qeydə almışdı.

Dünya Bankı hesab edir ki, Ermənistanın iqtisadi göstəriciləri də Gürcüstana bənzər şəkildə zəifləyəcək – artım tempi ötənilki 7,2 faizdən 2027-ci ildə 5,1 faizə düşəcək.

Hesabata görə, Azərbaycan ümumi tendensiyadan kənarda qalan istisna ölkədir.

Uzun illər yüksək inkişaf tempinə malik olan Azərbaycanda iqtisadi artım göstəriciləri artıq sabitləşib. Belə ki, Azərbaycan 2025-ci ildə 1,4 faiz artım əldə edib. Bu göstəricinin 2026-cı ildə 2 faizə yüksələcəyi, 2027-ci ildə isə yenidən 1,8 faizə enəcəyi gözlənilir.

Dünya Bankı bildirir ki, region ölkələri iqtisadi artıma mane olan faktorları özəl sektor fəaliyyətinin liberallaşdırılması ilə azalda bilərlər.

Hesabatda deyilir: “Daha güclü məhsuldarlıq və məşğulluq artımı əldə etmək üçün Avropa və Mərkəzi Asiya ölkələri biznes mühitini modernləşdirən, sahibkarlığı təşviq edən və təhsilin keyfiyyətini artıran genişmiqyaslı struktur islahatlara üstünlük verməlidir.

Ünvanlı sənaye siyasətləri bəzi bazar problemlərini həll edə bilər, lakin onlar geniş struktur islahatlarının transformativ potensialı ilə müqayisədə ikinci dərəcəlidir”.

BVF-nin Dünya İqtisadi İcmalı da ümumilikdə Dünya Bankının proqnozları ilə razılaşır və Qafqaz və Mərkəzi Asiyada artım tempinin azalacağını qeyd edir, lakin daha optimist rəqəmlər təqdim edir.

Məsələn, hər iki qurum Qazaxıstanın ötən il 6,5 faiz artım göstərdiyini bildirir. Lakin Dünya Bankı 2027-ci ildə bu göstəricinin 3,9 faizə düşəcəyini proqnozlaşdırdığı halda, BVF 4,4 faiz artım gözləyir.

Eyni şəkildə, BVF Azərbaycanın artım tempini bir qədər yüksək qiymətləndirir – 2026-cı ildə 2,2 faiz, 2027-ci ildə isə 2,5 faiz.

BVF-nin hesabatında, Dünya Bankından fərqli olaraq, Türkmənistan üzrə də proqnozlar yer alır. Ölkə 2025-ci ildə 3,6 faiz artım əldə edib, lakin bu göstəricinin bu il 2,6 faizə, növbəti il isə 2 faizə düşəcəyi gözlənilir.

BVF proqnozlarında ehtiyatlı mövqe sərgiləyərək vurğulayır ki, qlobal iqtisadi mənzərə yüksək qeyri-müəyyənliklə müşayiət olunur.

Hesabatda qeyd edilir ki, mənfi risklər üstünlük təşkil edir. Fars körfəzində münaqişənin uzanması və ya genişlənməsi, geosiyasi parçalanmanın dərinləşməsi, süni intellektə bağlı məhsuldarlıq gözləntilərinin yenidən qiymətləndirilməsi və ya ticarət gərginliyinin artması iqtisadi artımı ciddi şəkildə zəiflədə və maliyyə bazarlarını sabitsizləşdirə bilər.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
azpolitika.info

1Источники