RU

Ermənistanda siyasi gərginlik artır: Paşinyan müxalifəti tənqid etdi

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı müxalifətin mövqeyini sərt şəkildə tənqid edib. O bildirib ki, bəzi siyasi qüvvələrin ölkənin sərhədlərini genişləndirmək çağırışları Ermənistanı yeni müharibə riskinə sürükləyə bilər. Paşinyan vurğulayıb ki, Qarabağla bağlı simvol və xəritələrin gündəmə gətirilməsi təhlükəli yanaşmanın davamıdır və ölkə bu cür siyasətin ağır nəticələrini artıq yaşayıb. Baş nazir sonda cəmiyyəti beynəlxalq hüquqa əsaslanan sülh mövqeyinə sadiq qalmağa çağırıb.Bəs bu xəbərdarlıqlar Ermənistan cəmiyyətində real siyasi dəyişiklik yarada biləcəkmi?

Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca ictimai-siyasi proseslər daha da gərginləşir. Hakimiyyətə iddialı qüvvələr mövcud imkanlarından istifadə etməklə daha geniş seçici kütləsini cəlb etməyə, təsir dairələrini artırmağa çalışırlar.

Politoloqun fikrincə, aparılan rəy sorğularında hazırkı baş nazir Paşinyan rəqiblərini üstələsə də, fors-major halları da nəzərdən qaçırmamaq lazımdır. Xüsusilə, Rusiyanın Ermənistanda fəallaşması və seçki prosesinə mümkün müdaxiləsi narahatlıq doğurur. Kreml ənənəvi “Qarabağ kartı”ndan istifadə etməklə daxili gərginliyi artırmağa, erməni hakimiyyətinə təzyiqi gücləndirməyə çalışır: “Təsadüfi deyil ki, son dövrlər Ermənistana köçərək orada məskunlaşan ermənilərə Kremlin "humanitar diqqəti" artıb, separatçıların aktivləşməsi müşahidə olunur. Moskva müxtəlif sosial və təsir qrupları ilə təmaslarını genişləndirir. Bir müddət əvvəl bəzi internet resurslarında guya Xankəndidə abidələrin sökülməsi ilə bağlı təxribat xarakterli materiallar yayıldı. Keçmiş separatçı qondarma rejimin tör-töküntüləri əsassız iddialarla çıxış etdilər. Revanşist qüvvələr Kremlin dəstəyi ilə yenidən fəallaşır, regionda sülhə və təhlükəsizliyə qarşı çıxan səslər daha da güclənir”.

Əli Orucov qeyd edib ki, Ermənistanda baş verən proseslər Bakıda diqqətlə izlənilir: “Erməni baş nazir reallığı düzgün qiymətləndirir. Ermənistan sərhədlərinin genişləndirilməsi ilə bağlı ideyalar son dərəcə təhlükəlidir və bunun ən ağır nəticələrini yenə Ermənistan özü ödəyəcək. Revanşist qüvvələr və xarici təsir altında olan dairələr üçün isə əsas məqsəd hakimiyyət uğrunda mübarizədir. 44 günlük müharibə bir daha göstərdi ki, əsassız iddialar ölkəni çıxılmaz vəziyyətə sürükləyir. Separatçı simvolların, xəritələrin və çağırışların yenidən gündəmə gətirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mane olmaqla yanaşı, erməni cəmiyyətində də dərin parçalanmaya səbəb olur”.

Politoloq vurğulayıb ki, Paşinyanın xəbərdarlıqları da məhz bu kontekstdə səsləndirilir. Onun sözlərinə görə, Ermənistanda proseslərin nəzarətdən çıxması və riskli situasiyaların yaranması ehtimalı hələ də qalmaqdadır: “Ümid edək ki, sülhə və sabitliyə mane olmaq istəyən qüvvələrin planları iflasa uğrayacaq”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
icma.az

1Источники