RU

“Buğda dənəsi”nin müəllifi Sərkan Bayram həyat hekayəsi

Yazını böyüt
Yazını kiçilt

Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli” (İTİC 2026) IV beynəlxalq elmi konfransı çərçivəsində BMT-nin sülh elçisi, hüquqşünas, inklüzivlik təşəbbüslərinin fəal təbliğatçısı, "Buğda dənəsi" filmi ilə milyonlarla insana ümid va motivasiya bəxş edən Sərkan Bayramla görüş keçirilib.

Hafta.az xəbər verir ki, BSU-nun rektoru Anar Nağıyev çıxışında qeyd edib ki, ölkəmizdə autizm spektr pozuntulu şəxslərlə işin təşkili istiqamətində mühüm addımlar atılır. Bu sahədə həyata keçirilən layihələr, qəbul olunan dövlət proqramları və xüsusilə Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan təşəbbüslər böyük əhəmiyyət daşıyır. Həmçinin ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən göstərilən diqqət və qayğı bu sahənin inkişafında mühüm əhəmiyyət kəsb edir. Rektor bildirib ki, keçirilən film nümayişi yalnız bir insanın həyat hekayəsini əks etdirmir, eyni zamanda, cəmiyyətə ünvanlanan mühüm qlobal çağırışı ifadə edir.

Rektor Anar Nağıyev BSU-nun inklüziv təhsilin təmin edilməsi istiqamətində müxtəlif təşəbbüsləri həyata keçirdiyini qeyd edib. A.Nağıyev univetsitetdə keçirilən konfransının da bu istiqamətdə mühüm addımlardan biri olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, inklüzivliyin əsasında əməkdaşlıq dayanır, çünki inklüzivlik hər kəs üçün bərabər imkanların və əlçatanlığın təmin olunmasını nəzərdə tutur və bu məqsədə yalnız birgə əməkdaşlıq sayəsində nail olmaq mümkündür. Rektor qeyd edib ki, bu əməkdaşlıq hər bir fərdin öz bacarıqları – istər təbii, istərsə də sonradan qazandığı imkanlar çərçivəsində cəmiyyətə inteqrasiyasını təmin edir, Azərbaycan təhsilində inklüzivliyin inkişafı da məhz bu bərabərlik prinsiplərinə əsaslanır.

Sərkan Bayram “Buğda dənəsi” adlı layihənin onun həyat yolunu simvolizə etdiyini diqqətə çatdırıb. S.Bayram Ərzincanın dağ kəndində dünyaya gəldiyini, uşaqlıq və gənclik illərində bir sıra çətinliklərlə üzləşdiyini, lakin bütün bunlara baxmayaraq, həyat mübarizəsindən geri çəkilmədiyini bildirib. O, ali təhsilini İstanbul Universitetinin Hüquq fakültəsində başa vurduğunu, hakimlik imtahanına daxil olduğunu, lakin müəyyən məhdudiyyət səbəbilə bu prosesdən kənarlaşdırıldığını diqqətə çatdırıb. Sərkan Bayram həmin dövrü həyatında dərin iz buraxan bir mərhələ kimi xarakterizə edərək, yaşadığı çətinliklərin onu daha da gücləndirdiyini və ictimai fəaliyyətə yönəlməsinə səbəb olduğunu bildirib. O, filmlərdən və şəxsi təcrübəsindən ilham alaraq gələcəkdə hüquqi maneələrin aradan qaldırılması və əlilliyi olan şəxslərin dövlət idarəçiliyində daha geniş təmsil olunması üçün mübarizə aparmaq qərarına gəldiyini qeyd edib. Onun sözlərinə görə, görülən işlər nəticəsində artıq əlilliyi olan şəxslərin hakim kimi fəaliyyət göstərməsi mümkün olub.

Qonaq çıxışında “İnsanlığı yaşat ki, dövlət yaşasın” prinsipinin vacibliyini vurğulayıb və “Buğda dənəsi” layihəsinin yalnız bir film deyil, eyni zamanda, beynəlxalq miqyasda sosial məsuliyyət təşəbbüsü olduğunu qeyd edib. Filmin bir çox ölkədə nümayiş etdirildiyini və insanlara ilham verdiyini bildirib, gənclərə müraciət edərək xəyallarından imtina etməmələrini, çətinliklər qarşısında mübarizəni dayandırmamalarını tövsiyə edib.

Çıxışının sonunda o, cəmiyyətdə inklüzivliyin artırılmasının vacibliyini qeyd edərək, əlilliyi olan şəxslərin yalnız qanunvericilikdə deyil, həm də icra hakimiyyəti, diplomatiya və digər sahələrdə daha geniş təmsil olunmasının vacibliyini bildirib. O, bu istiqamətdə beynəlxalq səviyyədə təşəbbüslərin davam etdirildiyini vurğulayaraq çıxışını “heç vaxt vaz keçməyəcəyik, daim mübarizə aparacağıq” sözləri ilə yekunlaşdırıb.

Избранный
5
2
hafta.az

5Источники