RU

Pekin Tehrana niyə susur?- Hörmüz boğazının sirli siyasəti  

Məlum olduğu kimi yaxın aylarda həm ABŞ, həm də Rusiya prezidentləri ayrı-ayrılıqda Çinə səfər edəcəklər. Onların hər birinin Pekində müzakirə edəcəyi özünəməxsus mövzular və prioritet istiqamətlər mövcuddur.

Bəs bu səfərlər qlobal siyasətdə hansı dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:

"Rusiya Prezidenti Vladimir Putin özündən əvvəl xarici işlər naziri Sergey Lavrovu Pekinə göndərib. Lavrov Çin lideri Si Cinpin və çinli həmkarı Van i ilə apardığı danışıqlarda iki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib. Lavrov Pekində bildirib ki, Rusiya Hörmüz boğazının blokadası nəticəsində yaranan enerji çatışmazlığını aradan qaldırmağa hazırdır. Başqa sözlə, Kreml Çinin Rusiyadan daha çox neft almasını istəyir".

Politoloq qeyd edib ki, Rusiyadan indikindən daha çox neft almaq Çinin təhlükəslzlik maraqlarına cavab vermir:

"Çin enerji daşıyıcılarının alınmasında bir dövlətdən asılı olmaq istəmir. Bu baxımdan Çin İran və Körfəz ölkələrindən neft alışını bərpa etməyə çalışır. Ancaq bunun üçün Hörmüz boğazında yaranan böhran həll edilməlidir".

Bəs Pekin boğazın açılması məqsədilə Tehrana niyə təzyiq etmir?

Elxan Şahinoğlunun fikrincə, Pekin İrandakı rejimin məsələylə bağlı Vaşinqtonla razılaşma əldə etməsini istəyir. Ancaq Pekin eyni zamanda İrandakı rejimin zəifləməsini də istəmir:

"Müharibə günlərində Pekin İrandakı rejimin məğlub olmamasına çalışıb. Bunu “Financial Times” qəzetində yayımlanan son məqalə də göstərir. Məqalədə İranın müharibə zamanı Çinin casus peykinin imkanlarından istifadə etdiyi yazılıb. Peyk görüntüləri İrana Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına zərbə vurmağa imkan verib. Çin Xarici İşlər Nazirliyi isə bu xəbəri təkzib edib.

Pekinin hazırda əsas hədəfi Hörmüz boğazının açılmasına nail olmaqdır. Çin diplomatiyası bütün gücünü bu məsələnin həllinə yönəldib. Çinin müdafiə naziri Donq Cun ABŞ-a xəbərdarlıq edərək bildirib ki, ölkəsinin İranla ticarət və enerji sazişləri mövcuddur və digər tərəflərin bu işlərə qarışmamasını gözləyirlər. Maraqlıdır ki, Pekin ABŞ Hörmüz boğazının mühasirəsini pisləsə də, İranın boğazı nəzarətdə saxlamasına rəsmi şəkildə etiraz etməyib".

Politoloq həmçinin qeyd edib ki, Çin gəmiləri ABŞ-ın Hörmüz boğazı ətrafındakı mühasirəsini yarmağa çalışırlar:

"Çin Hörmüz boğazndan ən çox asılı olan ölkədir. Çin neft idxalının 80 faizini bu boğazdan keçən tankerlər hesabına təmir edir. Buna baxmayaraq, Pekin BMT-də “Hörmüz boğazındakı durumla bağlı İrana qarşı qətnamələrin qəbuluna mane olur. Çin eyni zamanda, Amerika hegemonluğundan asılı olmayaraq böhranları idarə etmək qabiliyyətini nümayiş etdirməyə çalışır. Tehranla Vaşinqton arasında atəşkəsin əldə olunması bunun nümunəsidir. Pekin buna paralel olaraq mövcud iğtişaşlara qarşı regional ittifaqlar formalaşdırmağa çalışır. Pekin Körfəz dövlətlərini xarici müdaxiləyə qarşı birləşməyə çağırır. Bunu Çinin ABŞ-a qarşı regional siyasi cəbhə qurmaq cəhdi kimi qiymətləndirmək olar".

Xalidə Gəray
Musavat.com

Избранный
30
50
musavat.com

10Источники