Gürcüstan Milli Bankının məlumatına görə, 2025-ci ildə ölkədən müxtəlif dövlətlərə ümumilikdə 420,45 milyon dollar həcmində pul köçürülüb. Bu vəsaitin ən böyük hissəsi Türkiyəyə (78,97 milyon dollar), Azərbaycana (66,006 milyon dollar), Rusiyaya (48,074 milyon dollar) yönəlib.
Gürcüstanda pul köçürmələrinin artması ölkədə miqrasiya və iqtisadi aktivliyin gücləndiyini göstərir. Rəsmi statistikaya əsasən, xaricə göndərilən vəsaitlərin həcmi son iki ildə sabit artım tendensiyası nümayiş etdirir. Xüsusilə Azərbaycan bu prosesdə əsas istiqamətlərdən biri olaraq qalır. Minlərlə azərbaycanlı Gürcüstanda müxtəlif sahələrdə-tikinti, xidmət və ictimai iaşə sektorlarında çalışır və qazandıqları gəlirləri mütəmadi olaraq ailələrinə göndərirlər.
Gürcüstanda azərbaycanlılar üçün biznes və məşğulluq imkanları genişdir. Xüsusilə son illərdə tikinti sektorunda və xidmət sahələrində iş yerləri artıb, azərbaycanlılar isə bu sahələrdə fəal iştirak edirlər. Eyni zamanda, taksi və nəqliyyat xidmətlərində də onların payı yüksəkdir. Bu isə xaricə, xüsusilə Azərbaycana göndərilən pul köçürmələrinin həcmini artırır. Gürcüstanda xaricə pul köçürmələri üzrə ciddi məhdudiyyətlər yoxdur və vəsaitlər banklar və elektron sistemlər vasitəsilə sərbəst şəkildə göndərilə bilir.
Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a bildirdi ki, Gürcüstandan xarici ölkələrə köçürülən vəsaitlərin artmasının səbəbi ölkənin iqtisadiyyatının makroiqtisadi sabitliyi ilə bağlıdır: “Gürcüstana işləməyə miqrantlar gəlirlər və qazandıqları vəsaitin bir hissəsini də gəldiyi ölkəyə köçürür. Yəni əsas səbəblərdən birinin əmək miqrasiyası olduğunu hesab edirəm. O cümlədən Gürcüstanda yaşayan və işləyən minlərlə azərbaycanlı müxtəlif sahələrdə, xüsusilə, tikinti, xidmət və ictimai iaşə sektorlarında fəaliyyət göstərir. Bu şəxslər qazandıqları gəlirin bir hissəsini mütəmadi olaraq Azərbaycandakı ailələrinə göndərirlər ki, bu da pul köçürmələrinin ümumi həcmini artırır. Digər mühüm faktor Gürcüstanda son illərdə iqtisadi aktivliyin artmasıdır. Yeni iş yerlərinin yaranması, xüsusilə tikinti və xidmət sahələrində genişlənmə, xarici işçi qüvvəsinə tələbatı yüksəldib. Azərbaycanlılar bu imkanlardan fəal şəkildə yararlanaraq əmək bazarında əhəmiyyətli paya sahib olublar. Həm də Gürcüstanda pul köçürmələri ilə bağlı ciddi məhdudiyyətlərin olmaması da prosesi asanlaşdırır. Yəni köçürmələrdə məhdudiyyətlər yoxdur və bu da sərbəst şəkildə xaricə köçürmələrin edilməsini asanlaşdırır. Belə ki, banklar və elektron ödəniş sistemləri vasitəsilə vəsaitlərin sürətli və sərbəst şəkildə göndərilməsi insanların bu kanallardan daha çox istifadə etməsinə şərait yaradır. Nəticə etibarilə, Gürcüstandan Azərbaycana pul axını əsasən əmək miqrasiyası, iqtisadi imkanların genişlənməsi və maliyyə köçürmə mexanizmlərinin əlçatanlığı ilə izah oluna bilər”.
Cavanşir ABBASLI
Musavat.com