Gürcüstanın cənubunda geniş ərazini əhatə edən uçuşa qadağa zonasının yaradılması ölkədə ciddi müzakirələrə səbəb olub. Rəsmi izaha görə, bu qərar Abastumani rəsədxanasının fasiləsiz fəaliyyətini təmin etmək məqsədi daşıyır.
Musavat.com xəbər verir ki, məhdudiyyətlər təxminən 2000 kvadrat kilometr hava məkanını əhatə edir və onların 16 apreldən qüvvəyə minməsi planlaşdırılıb.
Ekspertlər bildirir ki, belə genişmiqyaslı qadağalar Gürcüstanın hava məkanından tranzit kimi istifadənin iqtisadi cəlbediciliyinə mənfi təsir göstərə bilər.
Məsələni qalmaqallı edən əsas məqam isə qərarın arxasında şəxsi maraqların dayanması ilə bağlı iddialardır. Analitiklərin fikrincə, bu addım hakim “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina Ivanaşvilinin Abastumani ərazisində yerləşən mülkləri, o cümlədən villası ilə əlaqəli ola bilər.
Araşdırmalara əsasən, Transparency International Georgia təşkilatı bildirir ki, İvanişviliyə bağlı qurumlar 2018-ci ildən etibarən bu bölgədə 52 min kvadratmetrdən çox torpaq sahəsi əldə ediblər. Bu ərazilərin ümumi dəyəri təxminən 6,4 milyon lari (2,4 milyon dollar) təşkil edib.
Rəsmi mövqeyə görə isə Abastumani rəsədxanasının direktoru Aleksandr Tevzadze hava məkanının bağlanmasını daha dəqiq astronomik müşahidələr aparmaq üçün tələb edib. Bununla belə, media və aviasiya sektorundakı mənbələr bildirir ki, məhdudiyyətlər “daha çox İvanişvilinin bu əraziyə və iqlim şəraitinə marağı ilə bağlıdır”.
Qeyd olunur ki, belə qərarlar beynəlxalq aviasiya marşrutlarına təsir edə və Gürcüstanın regiondakı tranzit rolunu zəiflədə bilər.
Musavat.com