Abşeron rayonu ərazisində qayda pozuntusu törədən azyaşlı, çəkdiyi videoları sosial şəbəkə hesabında paylaşıb.
"Cebheinfo.az" xəbər verir ki, o, atasına məxsus 01-CN-640 qeydiyyat nişanlı "KIA" markalı avtomobili etibarnaməsi, o cümlədən sürücülük hüququ olmadan idarə edərək özünü videoya çəkir. Həmin videoları isə sosial şəbəkə hesabında paylaşaraq özünü reklam edir.
Qeyd edək ki, azyaşlıya avtomobil etibar edilməsi olduqca təhlükəli və məsuliyyətsiz addımdır. Sükan arxasına yalnız sürücülük vəsiqəsi olan və kifayət qədər təcrübəyə malik şəxslər keçməlidir. Bu cür hallarda azyaşlı sürücünün qəfil vəziyyətlərdə düzgün qərar vermək bacarığı olmur və bu da yol-nəqliyyat hadisəsi riskini artırır. Eyni zamanda, belə davranış piyadaların və digər hərəkət iştirakçılarının həyatını ciddi təhlükə altına qoyur.
Bundan əlavə, bu tip videoların sosial şəbəkələrdə paylaşılması digər azyaşlılara da pis nümunə olur və onları oxşar qayda pozuntularına təşviq edir. Qanunvericiliyə görə isə bu kimi hallarda məsuliyyət yalnız azyaşlının deyil, avtomobili ona etibar edən valideynin də üzərinə düşür. Valideynlər nəzərə almalıdır ki, avtomobil oyuncaq deyil və məsuliyyətsiz qərarlar ağır nəticələrə səbəb ola bilər.
"Cebheinfo.az"