RU

“QANUN ƏDALƏTƏ XİDMƏT ETMƏZSƏ...” Müzəffər Ağazadə 85

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

“Hüquqşünasın ədalətli olması onun bilikli olmasından daha üstündür”. 

M.Ağazadə

Hər bir insanın ömür yolu zamanın yaddaşında öz izini buraxır. Lakin elə şəxsiyyətlər var ki, onların həyatı təkcə şəxsi bioqrafiya deyil, bütöv bir dövrün hüquqi düşüncəsinin, ədalət mədəniyyətinin və dövlətçilik təcrübəsinin aynasına çevrilir. Müzəffər Ağazadə məhz belə nadir insanlardandır.

Bu gün 85 yaşını tamamlayan Müzəffər müəllimin ömür yolu sadəcə illərin ardıcıllığı deyil, ədalətə xidmətin, qanuna sədaqətin və yüksək peşəkarlığın parlaq salnaməsidir. Onun 57 illik məhkəmə fəaliyyəti Azərbaycan hüquq sisteminin müxtəlif mərhələləri ilə sıx bağlı olmuş, həm sovet dövrünün hüquq ənənələrini, həm də müstəqillik illərinin yeni hüquqi reallıqlarını öz təcrübəsində birləşdirmişdir.

Məhz bu zəngin həyat yoluna nəzər saldıqda aydın olur ki, Müzəffər Ağazadənin fəaliyyəti təkcə vəzifə icrası ilə məhdudlaşmır, bu yol eyni zamanda ədalətin mahiyyətinə, hakimin mənəvi məsuliyyətinə və hüququn cəmiyyətdəki roluna dair dərin bir baxışdır.

Müzəffər müəllimin 85 illik yubileyi münasibətilə yazacağım bu sətirlərdə ürək sözlərimi məktub formasında çatdırmaq qənaətinə gəldim. Çünki düşünürəm ki, məktub insanlar arasındakı görünməz, lakin çox möhkəm tellər, insanları bir-birinə bağlayan, hissləri, düşüncələri və ehtiramı ötürən canlı bir rabitə vasitəsidir. Bu yazı da mənim üçün sadəcə bir mətndən ibarət deyil, eyni zamanda səmimi duyğularımın, dərin hörmətimin və içdən gələn ehtiramımın ifadəsidir.

Hörmətli Müzəffər müəllim!

Siz ömrünüzün 85-ci baharını tamamladınız. Bu ömrün 57 ili məhkəmə orqanlarında şərəfli və məsuliyyətli xidmətlə keçmişdir.

1941-ci ildə Masallı rayonunun Musaküçə kəndində dünyaya göz açmısınız. Müharibənin məhrumiyyətlərini dərk etməsəniz də, o illər həyatınızda dərin iz buraxmışdır. Bir yaşınız tamam olmamış atanız cəbhəyə getmiş, 1944-cü ildə ordudan tərxis olunaraq doğma ocağa qayıtmışdır. Lakin babanız və bacı-qardaşınızın vəfatı atanızın da belini bükmüş və 1945-ci ildə haqqın dərgahına qovuşmaqla, tale Sizə atasız böyüməyi nəsib etmişdir.

İbtidai təhsilinizi Musaküçə kəndində, orta məktəbi Masallı şəhərində əla qiymətlərlə bitirmisiniz. Hüquqşünas olmağı heç vaxt arzu etmədiyiniz halda, Cənab Haqq öz sözünü demiş və bir təsadüf nəticəsində Sizi sonralar həyatınızda böyük rolu olmuş, özünüzə müəllim hesab etdiyiniz, həmin vaxt Masallı rayon Xalq Məhkəməsinin sədri işləyən Ramazan Rəcəbovla qarşılaşdırmışdır. Bundan sonra Siz məhkəmənin iclas katibi vəzifəsinə təyin olunmuş və 1964-cü ilə qədər orada çalışmısınız.

Məhkəmədəki iş Sizi hüquqşünas olmağa həvəsləndirmiş və nəhayət, 1961-ci ildə ADU-nun hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 1967-ci ildə institutu müvəffəqiyyətlə bitirərək hüquqşünas ixtisasına yiyələnmisiniz.

1964-67-ci illərdə Bakı şəhəri Oktyabr (indiki Yasamal) rayon məhkəməsində iclas katibi, 1967-69-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunda baş elmi işçi, 1969-70-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin nəzarət şöbəsində baş məsləhətçi işləmisiniz.

Həmin illərdə Sizin fəaliyyətiniz Azərbaycan hüquqşünaslığının korifeylərindən olan, 20 ilə yaxın Ali Məhkəmənin sədri işləmiş Abdulla İbrahimovun diqqətini cəlb etmiş və onun təşəbbüsü ilə 1970-ci ildə Daşkəsən rayon xalq məhkəməsinin hakimi seçilərək 1976-cı ilə qədər bu vəzifədə işləmisiniz.

Müsbət işiniz qiymətləndirildiyindən böyük rayonlarda - 1976-87-ci illərdə Bərdə rayon xalq məhkəməsinin, 1987-90-ci illərdə Ağdam rayon xalq məhkəməsinin sədri olmusunuz. 1990-cı ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi seçilmiş və 2010-cu ildə təqaüdə çıxana qədər həmin vəzifədə çalışmısınız.

Sizin Azərbaycan Respublikası Ali Məhkəməsində işlədiyiniz dövr xüsusilə səmərəli və məhsuldar olmuşdur. Siz - Ali Məhkəmənin İntizam və Attestasiya komissiyalarının üzvü, Ali Məhkəmənin orqanı olan “Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülleteni”nin baş redaktorunun müavini işləyərkən, Qanunların tətbiqi zamanı meydana çıxan problemlərin həll edilməsi, nəzəriyyə ilə təcrübənin düzgün əlaqələndirilməsi, real gerçəklikləri nəzərə almaqla, qanunların təkmilləşdirilməsi sahəsində xüsusi xidmətlər göstərmisiniz. Siz “Cinayət-Prosessual Məcəllənin kommentariyası”nın iki fəslinin müəllifi, “Hüquq ədəbiyyatı” nəşriyyatında çapdan çıxmış “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlar məcmuəsi. 1962-2003” kitabının və bir çox digər vəsaitlərin tərtibçilərindən birisiniz. Ali Məhkəmənin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərdiyi bir çox qanun layihələrinin, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi ilə bağlı Ali Məhkəmə Plenumunun müzakirəsinə verilən qərar layihələrinin, həmçinin qanunların şərhi ilə bağlı Konstitusiya Məhkəməsinə edilən bir sıra sorğu layihələrinin müəllifi olmusunuz. Siz respublikamızı dəfələrlə müxtəlif beynəlxalq məclislərdə təmsil edərək Ali Məhkəmənin nümayəndə heyətinin tərkibində Çin Xalq Respublikasında olmuş, ABŞ-də keçirilmiş terrorizmlə mübarizə məsələlərinə aid seminarda iştirak etmisiniz.

Yaşınızın ixtiyar çağına baxmayaraq, işgüzarlığınızı və yüksək hüquqi biliklərə malik olmanızı nəzərə alaraq, Sizi təqaüdə çıxdıqdan sonra da işə dəvət etdilər və 2010-2015-ci illərdə Sumqayıt Apelyasiya Məhkəməsinin aparat rəhbəri vəzifəsində işlədiniz. Hazırda Azərbaycan Respublikası Ali Məhkəməsi Elmi-Məsləhət Şurasının üzvü kimi elmi-təcrübi fəaliyyətinizi davam etdirirsiniz.

Siz hakimlik peşəsinin incəliklərinə hərtərəfli və dərindən bələd olan birisiniz. Yazılarınızın birində hakimliklə əlaqədar deyirsiniz: “Hakimlik dünyanın ən şərəfli və məsuliyyətli peşələrindən biridir. Hakimlik məmur fəaliyyəti deyil, məhz peşədir. Hakim gözəl mənəvi keyfiyyətlərə, yüksək intellektə və peşəkarlığa, güclü intuisiyaya və uzunmüddətli təcrübəyə malik olmalıdır. Müdriklərdən kimsə deyib ki, fəzilətlərin ən birincisi ədalətdir. Hər hansı digər fəzilət (cəsarət, səxavət, sədaqət və s.) ədalət üstündə köklənməyibsə, məqsədinə çataraq yüksək hörmətə layiq ola bilməz. Hakim məhz bütün bu keyfiyyətləri özündə birləşdirdikdə, ədalət mühakiməsini uğurla həyata keçirə bilər. İş üzrə qərar qəbul edilənədək, onun həlli və nəticəsi ilə bağlı hakimin hər hansı bəyanat və ya mətbuat nümayəndəsinə müsahibə verməsi yolverilməzdir”.

Siz mükəmməl hakim, hüquqşünas alim olmaqla bərabər, həm də sədaqətli dost imici qazanmış bir insan kimi tanınırsınız. Xatirələrinizdə həyatınızda mühüm rol oynamış insanlara verdiyiniz yüksək qiymət, onlara olan ehtiram və səmimi münasibətiniz oxucuda dərin hörmət hissi oyadır və insanı valeh edir. Azərbaycan hüquqşünaslığının korifeylərindən olan, 18 il hüquq fakültəsinin dekanı kimi fəaliyyət göstərmiş Məmməd Xələfov və 20 ilə yaxın Ali Məhkəmənin sədri olmuş Abdulla İbrahimov haqqında qələmə aldığınız yazılarınızı duyğusuz oxumaq mümkün deyil. Bu yazılarda həm böyük şəxsiyyətlərə dərin ehtiram, həm də onların hüquq elminin inkişafındakı roluna verilən yüksək qiymət aydın şəkildə hiss olunur.

Sizi ilk dəfə 17 yaşınızda işə qəbul edən, uzun illər hakimlik yolunda nüfuzlu fəaliyyəti ilə seçilmiş, Ali Məhkəmənin üzvü Ramazan Rəcəbli haqqında yazdığınız məqalədə onu özünüzə müəllim kimi qəbul etməyiniz çox təqdirəlayiqdir və bu, Sizin peşəkar formalaşmanızda ustad-şagird ənənəsinə verdiyiniz yüksək dəyərin bariz ifadəsidir.

Həmkarlarınızdan Yaqub Əsgərov, Ramazan Burcayev, habelə prokurorluq orqanlarında xüsusi çəkisi ilə seçilən böyük insan Mirabbas Məcidov haqqında yazdığınız sətirlər isə Sizin dostluğa, həmrəyliyə və insan münasibətlərinə verdiyiniz yüksək dəyərin göstəricisidir.

“İnsanlara təbəssüm bəxş edən insan” başlıqlı yazınızda əslən Daşkəsən rayonundan olan və təsadüfi tanışlığınızın yarım əsrlik dostluğa çevrildiyi Marlen Zeynalov haqqında səmimiyyətlə qələmə aldığınız fikirlərdə Marlen müəllimin bir insan kimi portretini ustalıqla canlandıra bilmisiniz. Bu yazı həm onun insani keyfiyyətlərini, həm də uzun illərə söykənən dostluğun dəyərini aydın şəkildə ortaya qoyur.

Ağalar İdrisoğlunun qələmə aldığı, 31 il Birinci katib işləmiş görkəmli şəxsiyyət Sadıq Murtuzayevin həyatından bəhs edən “Torpağa bağlı insan” adlı kitabın işıq üzü görməsində Sizin zəhmətiniz danılmazdır. Bu nəşrin ərsəyə gəlməsində göstərdiyiniz dəstək və təşkilatçılıq işi, həm tarixi şəxsiyyətlərin irsinin yaşadılmasına, həm də ictimai yaddaşın qorunmasına mühüm töhfə kimi dəyərləndirilir.

Sizin məhkəmə orqanlarında uzunmüddətli və səmərəli fəaliyyətiniz layiqincə qiymətləndirilmiş, SSRİ və Azərbaycan Respublikası Ədliyyə Nazirliklərinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılmış, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı, həmçinin “Ali Məhkəmənin 100 illiyi” medalı ilə təltif edilmiş, “Azərbaycan Respublikasının Əməkdar hüquqşünası” fəxri adına layiq görülmüsünüz. Bu təltif və mükafatlar Sizin hüquq sisteminin inkişafına verdiyiniz dəyərli töhfənin rəsmi təsdiqi kimi xüsusi əhəmiyyət daşıyır.

Peyğəmbərimzin (s.ə.s.) hökm sahiblərinə dair bir hədisi var: “Hakimlər, hökmdarlar üç qismdir: ikisi cəhənnəmdədir, biri cənnətdə. Keyfi istədiyi kimi hökm verən cəhənnəmdədir, həqiqəti bilmədən hökm verən də cəhənnəmdədir. Həqiqəti öyrənib bilən və buna uyğun olaraq hökm verən isə cənnətdədir”.

Hörmətli Müzəffər müəllim, mübaliğəsiz demək olar ki, Siz “həqiqəti öyrənib bilən və buna uyğun olaraq hökm verən” hakimlərdən olmusunuz.

Sizə möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətinizdə yeni yaradıcılıq uğurları arzu edirəm. Fürsətdən istifadə edərək, kitablarınızdan əxz etdiyim bəzi hikmətli kəlamları da bu yazıya əlavə edirəm.

- Hüquqşünasın ədalətli olması onun bilikli olmasından daha üstündür.

- Hüquq mədəniyyəti olmayan cəmiyyətdə azadlıq məfhumu kövrək olur.

- Hüquq susanda haqsızlığın rüşeymi cücərməyə başlayır.

- Hüquqi dövlət sözlə deyil, ədalətlə qururlur.

- Hüquqşünasın məsuliyyəti ədalətə sadiqliyindədir.

- Qanun ədalətə xidmət etməzsə, o sadəcə mülahizədir.

- Qanun hamı üçün eyni olmayan yerdə ədalətdən danışmağa dəyməz.

- Qanun gücün deyil, ədalətin tərəfində olmalıdır.

- Qanunu bilmək savadlılığa dəlalət edər, onu qorumaq isə hər kəsin vətəndaşlıq borcudur.

- Qanuna hörmət olmayan ölkədə sabitlik də müvəqqəti xarakter daşıyar.

- Haqsızlıq qarşısında susmaq hüquqşünas üçün ən böyük qəbahətdir.

- Ədalət olmayan yerdə qanunvericilik qorxu vasitəsidir. 

Ələmdar Məmmədov, 

təqaüddə olan baş ədliyyə müşaviri 

P.S. Məlumdur ki, sovet dönəmində əsasları Moskvada hazırlanan qanunlarla işləyirdik. İctimai-iqtisadi formasiyanın dəyişməsi, ən əsası müstəqillik əldə etdikdən sonra yaranan yeni münasibətlərə uyğun olaraq çox sayda qanun qəbul edilmişdir. Müzəffər müəllimin yazılarında qeyd etdiyi kimi, baza olaraq Rusiya qanunvericiliyinə istinad edilməsi xeyli çətinliklər yaradırdı. Belə bir şəraitdə Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və.s. haqqında məhz Müzəffər Ağazadənin qanunverici orqana təklifləri çox önəmli idi. Əksəriyyəti qanunverici orqan tərəfindən qəbul edilən bu təklif və mülahizələr Müzəffər müəllimin “Hakimin düşüncələri” başlıqlı 4 cildlik kitabında əksini tapmışdır.

Müzəffər müəllim onlarla dissertasiya işlərinə rəy yazmış, elmi ictimaiyyətin formalaşmasında və hüquq elminin inkişafında mühüm rol oynamışdır. Müzəffər müəllimin verdiyi rəylər yalnız formal bir rəyçilik funksiyası daşımamış, həm də gənc tədqiqatçıların elmi istiqamətlənməsinə, mövzuların dərinləşdirilməsinə və hüquqi düşüncənin təkmilləşdirilməsinə ciddi töhfə vermişdir. Bu baxımdan Müzəffər müəllimin elmi-pedaqoji fəaliyyəti hüquq elmi mühitində xüsusi çəkisi olan dəyərli bir məktəb kimi qiymətləndirilir.

Unudulmaz müəlliimimiz, hüquq elmləri doktoru, professor, cinayət hüququ üzrə mükəmməl alim kim Azərbaycanın hüdudlarından kənarda da tanınan Firudun Səməndərov söhbətlərində deyirdi ki, doktorluq disertasiyası müdafiə etmək fikrində olmayıb. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri akademik Azad Mirzəcanzadə bir gün onu yanına çağırıb və deyib ki, sənin “Cinayət hüququ“ kitabını oxumuşam, bu, əsl doktorluq işidir. Və bundan sonra Firudun müəllimin kitabı elmi şuraya çıxarılıb və ona hüquq elmləri doktoru alimlik dərəcəsi verilib. Hesab edirəm ki, Müzəffər Ağazadənin tədqiqatları da elmi ada layiqdir. Əlaqədar qurumların bu barədə səy göstərmələrini arzu edərdim.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
azpolitika.info

1Источники