Azərbaycan Respublikasında təhsilin keyfiyyətinin artırılması və innovativ yanaşmaların tətbiqi istiqamətində həyata keçirilən “İnteraktiv riyaziyyatla müasir təhsil yanaşması” layihəsi uğurla icra olunmaqdadır. Layihənin əsas məqsədi 8–10-cu sinif şagirdlərinin riyaziyyat fənnini daha dərindən mənimsəməsinə nail olmaq, onların məntiqi və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək, eyni zamanda akademik nəticələrini yaxşılaşdırmaqdır.
Layihə çərçivəsində müasir tədris alətlərindən biri olan “PhET Interactive Simulations” platformasının imkanlarından istifadə olunur. Bu məqsədlə müəllim və şagirdlərlə ilkin görüş keçirilərək layihənin məqsəd və vəzifələri ətraflı izah olunub, həmçinin platformadan istifadə qaydaları təqdim edilib.
Daha sonra tədris proqramına uyğun mövzular seçilərək dərs planları hazırlanıb. Ümumilikdə 48 saat dərs təşkil olunub və bu dərslər interaktiv üsullarla, PhET simulyasiyalarının tətbiqi ilə həyata keçirilib. Bu yanaşma şagirdlərin dərsə marağını artırmaqla yanaşı, mövzuların vizual və praktik şəkildə qavranılmasına da mühüm töhfə verib.
Hazırda layihənin yekun mərhələsi üzrə işlər davam edir və bağlanış tədbirinin təşkili üçün hazırlıq prosesi başlanıb. Tədbirdə layihə çərçivəsində əldə olunan nəticələrin təqdim olunması və təcrübənin paylaşılması nəzərdə tutulur.
Qeyd edək ki, layihə Burzubənd kənd tam orta məktəbinin direktoru Turan Rəfiyev tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir.










