RU

Lombard sahibinə qarşı dələduzluq edən şəxsə hökm oxundu

Nəsimi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Əşrəf Bayramovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib. Əşrəf Bayramov barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub.


İstintaq materiallarına görə, Əşrəf Bayramov aldatma və etibardan sui-istifadə yolu ilə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqda təqsirləndirilir.


Belə ki, onun tamah niyyəti ilə hərəkət edərək tanışı olan zərərçəkmiş Fərizə Cabbarovanın (adı, soyadı şərtidir) etibarından sui-istifadə etdiyi müəyyən olunub. İstintaqla müəyyən edilib ki, zərərçəkmiş şəxs daha əvvəl külli miqdarda əmlakının dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə cinayət işi çərçivəsində zərərçəkmiş qismində tanınmış və həmin iş üzrə ibtidai istintaq Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılıb.


Əşrəf Bayramov isə bu vəziyyətdən istifadə edərək özünü guya nüfuzlu və geniş əlaqələrə malik şəxs kimi təqdim edib. O, hər hansı hüquqi fəaliyyətlə məşğul olmadığı, dövlət orqanlarında və ya məhkəmə sistemində çalışmadığı, bu sahədə heç bir səlahiyyətə malik olmadığı halda zərərçəkmiş şəxsi aldadıb. Belə ki, o, mövcud olmayan əlaqələri vasitəsilə cinayət işinin Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə verilməsini və vurulmuş maddi ziyanın qısa müddətdə tam ödətdiriləcəyini vəd edib. Bu yalan vədlərlə Fərizə Cababrovanı inandıran Əşrəf vahid niyyət çərçivəsində müxtəlif tarixlərdə ondan ümumilikdə 25 000 manat pul vəsaiti alıb.


İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs əldə etdiyi bu vəsaitləri şəxsi ehtiyaclarına sərf edib.


Bununla da o, zərərçəkmiş şəxsə ümumilikdə 25 000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib.


Məhkəmə istintaqı zamanı ifadə verən Əşrəf Bayramov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib. O, zərərçəkmiş şəxsi təxminən 2-3 il əvvəl qardaşı vasitəsilə tanıdığını və sonuncunun Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva” ticarət mərkəzinin yaxınlığında lombard müdiri olduğunu bildirib.

Kamal Məmmədov 

Tarix: 16 Aprel 2026, 09:57   
Избранный
31
pravda.az

1Источники