RU

Araz Aslanlı: Türk Dövlətləri Təşkilatı ölkələrinin yaxınlaşması strateji prioritetlərdən irəli gəlir

Ankara, 15 aprel, AZƏRTAC

Türk dünyasında yaxınlaşma prosesi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin strateji prioritetlərindən, o cümlədən turizm sahəsindəki ortaq maraqlarından irəli gəlir. Ölkələrimizin liderlərinin siyasi iradəsi buna güclü təkan verir.

Bu barədə AZƏRTAC-a Ankarada keçirilən VII Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresində iştirak edən Azərbaycan Turizm və Menecment Universitetinin strateji inkişaf üzrə prorektoru Araz Aslanlı bildirib.

Onun sözlərinə görə, TDT ölkələri arasında aktiv dialoq bu gün turizmdən məsul nazirliklər və qurumlar səviyyəsində də davam edir. “İstanbulda keçirilən, Türkiyənin mədəniyyət və turizm naziri, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri və digər türk ölkələrinin müvafiq qurumlarının rəhbərlərinin qatıldığı konqres bunun bariz nümunəsidir”, - deyə Azərbaycan universitetinin prorektoru bildirib.

A.Aslanlı Türkiyənin turizm sənayesinin zəngin təcrübəsinə diqqət çəkib, bu təcrübənin digər türk dövlətlərində iqtisadi sektorun inkişafı üçün faydalı ola biləcəyini bildirib. “Xüsusən də Türkiyə ilə Azərbaycan, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri və ya Mərkəzi Asiyanın türk dövlətləri arasında birgə turizm marşrutlarının formalaşmasını perspektivli hesab edirəm. Bu cür turlar Türk dünyasına xaricdən daha çox turistin cəlb olunmasına kömək edəcək və eyni zamanda TDT-nin öz ölkələrində səyahətləri aktivləşdirmək üçün stimul olacaq”, - deyə o qeyd edib.

Azərbaycan universitetinin prorektoru ixtisaslı kadrların hazırlanması sahəsində əməkdaşlığı daha bir vacib istiqamət kimi müəyyən edib və vurğulayıb ki, bu, TDT ölkələrinin turizm sahəsində inteqrasiyasına töhfə verəcək. “Bu istiqamətdə artıq müəyyən təşəbbüslər həyata keçirilir, bu da ikili diplom proqramlarında, eləcə də tələbə və müəllim mübadiləsində özünü göstərir. Lakin, hələ də istifadə edilməmiş potensial mövcuddur və ondan faydalanmaq lazımdır”, - deyə o əlavə edib.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Избранный
56
azertag.az

1Источники