RU

Vens İslamabad görüşünün əsl uğursuzluq səbəbini demədi - səbəbkar Xamneyi oldu?..



Mehman İsmayılov: "Bu müharibə İran-Amerika müharibəsi deyil, Çin-Amerika müharibəsidir"

Vens deyib ki, biz İslamabadda danışıq vaxtı 6 dəfə Trampla əlaqə saxlayıb məsləhıtləşdik. İran nümayəndələri isə təhlükəsizkik səbəbi ilə Xameneyi ilə danışa bilmədikləri üçün fasilə verib Tehrana qayıtdılar ki, Xameneyi ilə məsləhətləşsinlər.

Bu açıqlama göstərir ki, danışıqlar hələ bitməyib və proses davam edir. Vensin Tramp ilə bir neçə dəfə əlaqə saxladıqlarını deməsi o deməkdir ki, qərarlar yüksək səviyyədə müzakirə olunur və vəziyyət hələ açıqdır. İran nümayəndələrinin Tehrana qayıtması isə onların son qərarı özbaşına verə bilmədiyini, Müctəba Xamenei ilə məsləhətləşməyin vacib olduğunu göstərir. Bu cür fasilələr adətən danışıqların pozulduğunu yox, əksinə, vacib mərhələyə çatdığını bildirir. Yəni ümumi mənada deyilən odur ki, hələ hər şey həll olunmayıb və proses davam edir.

Siyasi şərhçi Mehman İsmayılov məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, 21 saatlıq danışıqlarda tərəflərin mövqelərində heç bir dəyişiklik baş verməyib, prinsipial məsələlərlə bağlı heç bir razılıq əldə edilməyib: “Əlbəttə, belə danışıqlar zamanı ölkə rəhbərliyi ilə məsləhətləşmələrin aparılması adi haldır. Amma İran tərəfi təhlükəsizlik baxımından bunu edə bilmir, çünki siyasi və hərbi rəhbərlik Mossad və ABŞ-ın 18 xüsusi xidmət orqanının nəzarətinə düşməkdən qorxur. Çünki mobil rabitə onların yerini dərhal müəyyən etməyə şərait yaradır. Ona görə də danışıqlarda iştirak edən komanda nə SEPAH rəhbərliyi, nə də ölkənin siyasi rəhbərliyi ilə əlaqə saxlaya bilirdi.

Amma məsələnin mahiyyəti ondan ibarətdir ki, İran öz taleyinin sahibi deyil. Bu müharibə İran-Amerika müharibəsi deyil, bu müharibə Çin-Amerika müharibəsidir. Burada söhbət Yaxın Şərqdə kimin dominantlıq edəcəyindən gedir. Müharibə başlayan kimi İranın Körfəz ölkələrinin ərazisinə zərbələr endirməsi və onların iqtisadiyyatına ağır zərbələr vurması Çin tərəfindən hesablanmışdı ki, Amerikanın müttəfiqi sayılan Körfəz ölkələri ABŞ-ın təhlükəsizlik çətirindən imtina etsinlər.

Belə bir problem ortaya çıxdı ki, ABŞ niyə İranın vurduğu zərbələrdən Körfəz ölkələrini qoruya bilmir. Bunun müxtəlif texniki və obyektiv səbəbləri var idi. Lakin Səudiyyə Ərəbistanının dərhal Ukraynaya müraciət etməsi, Zelenskinin Səudiyyə Ərəbistanına səfər etməsi, 12 ərəb ölkəsinin Ukraynadan antidronlar alacağı barədə razılığın əldə edilməsi göstərdi ki, İranın ərəb ölkələrinə endirdiyi zərbələr onları ciddi düşünməyə vadar edib.

Yayılan məlumatlara görə, ABŞ İrandan 20 illik nüvə proqramından tam imtina etməsini istəyib. Eyni zamanda Hörmüz boğazının açılması, gəmilərdən heç bir rüsumun alınmaması da tələb edilib. Digər tərəfdən İran təklif edib ki, 5 il müddətinə nüvə proqramını inkişaf etdirməmək öhdəliyini üzərinə götürə bilər.

Eyni zamanda ABŞ İrandan 60% zənginləşdirilmiş uranı təhvil verməsini istəyib ki, İranın nüvə proqramını davam etdirə bilməyəcəyinə əmin olsun. Çünki İranın əlində nüvə silahının olması bütün region üçün böyük təhlükədir. ABŞ və İsrail bunun qarşısını nəyin bahasına olursa-olsun almağa çalışırlar.

Amma məsələnin əsas mahiyyəti ali liderlə məsləhətləşmək deyil. SEPAH və İranın siyasi rəhbərliyi hər zaman məsləhəti Çindən alır. Abbas Əraqçi və ya parlament sədri Məhəmməd Baqir Qalibaf Çinin mövqeyini bilmədən heç bir razılaşmaya gedə bilməz. Çünki bu gün Şimali Koreya, İran və Rusiya Çinin “satelitləri”dir. Çin Rusiyanı və İranı proksi qüvvələr kimi Qərbə qarşı istifadə edir. Pekin onları Qərblə toqquşdurur, Qərbi iqtisadi və hərbi baxımdan zəiflədir.

Hazırda Rusiya və İran daha ağır şərtlərlə Çindən asılı vəziyyətə düşürlər. 47 ildir sanksiyalar altında olan İranı ayaqda saxlayan əsas qüvvə Çindir. Rusiyanın Ukrayna müharibəsində ayaqda qalmasının səbəbi də yenə Çindir. Pekin bir tərəfdən onların bazarlarını zəbt edir, sərvətlərini ucuz qiymətə alır, digər tərəfdən isə onları Qərblə qarşıdurmaya sürükləyir.

Çin Yaxın Şərqin enerji resurslarına nəzarəti ələ keçirmək istəyir. Bu, ABŞ ilə Çin arasında qlobal mübarizənin bir hissəsidir. ABŞ Çinin sürətlə böyüyən iqtisadiyyatının qarşısını almağa çalışır. Eyni zamanda ABŞ hər zaman çalışıb ki, ona və müttəfiqlərinə - NATO-ya qarşı hər hansı hərbi-siyasi-iqtisadi blok formalaşmasın. Lakin artıq Çin, Şimali Koreya və Rusiyadan ibarət

belə bir blok formalaşıb.

Əgər bu müharibə Yaxın Şərqdə uzun müddət davam etsə, Çinin proseslərə birbaşa müdaxiləsinin şahidi ola bilərik.

Ekspert qeyd edib ki, aprelin 21-də İranla ABŞ arasında danışıqların davam etdiriləcəyi gözlənilir: “Amma hər ehtimala qarşı ABŞ İranın dəniz limanlarını blokadaya alıb, İrana aid gəmilərin hərəkətini məhdudlaşdırıb. Digər ölkələr üçün isə Hörmüz boğazını açıq elan edilib. Buna baxmayaraq, hazırda boğazda gəmi hərəkəti demək olar ki, yoxdur. Çünki İran Körfəz ölkələrinin gəmilərini, ABŞ isə İran gəmilərini bloklayıb. Hazırda Hörmüz boğazında ikitərəfli blokada hökm sürür. ABŞ bölgəyə əlavə qüvvələr göndərməkdə davam edir ki, bu da vəziyyəti daha da mürəkkəbləşdirir.

Əgər ABŞ İranı öz şərtləri daxilində geri çəkilməyə məcbur edə bilməsə, həm iqtisadi, həm də siyasi baxımdan ciddi zərbə ala bilər. Buna görə də Donald Tramp daha sərt addımlar ata bilər.”

Akif NƏSİRLİ

Избранный
14
baki-xeber.com

1Источники