RU

Xalqın “Ərbab”ı, Ordubadın ipək irsi: Rzaqulu Rzayevin yadigarı bərpa edilir FOTO

Naxçıvan, 15 aprel, AZƏRTAC

Ordubad... Ümummilli Lider Heydər Əliyevin "Azərbaycanın incisi" adlandırdığı qədim və əsrarəngiz yurd yeri. Bu diyar əsrlər boyu sənətkarlığın, xüsusilə də ipəkçiliyin əsas mərkəzlərindən biri kimi tanınıb. Həmin şöhrətin təməlində isə XIX əsrdə – 1865-ci ildə yaradılan ilk ipək fabriki və onun qurucusu, xalq arasında "Ərbab" kimi tanınan Rzaqulu Rzayev dayanır.

Bu gün həmin tarixi məkan yenidən dirçəlir. Milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan bu bina artıq təkcə keçmişin yadigarı deyil, gələcəyə ötürülən mədəni irs nümunəsi kimi bərpa olunur. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"na əsasən, burada genişmiqyaslı təmir-bərpa işləri aparılır.

Görülən işlərin əsas məqsədi sadəcə bir tikilini yeniləmək deyil, bu layihə bütövlükdə Ordubadın zəngin tarixini, ipəkçilik ənənələrini və xalq yaddaşında yaşayan dəyərləri qoruyaraq gələcək nəsillərə çatdırmağı hədəfləyir.

AMEA-nın Naxçıvan Bölməsinin şöbə müdiri, dosent Aytən Cəfərova deyir ki, Rzaqulu Rzayevin əsas uğuru yalnız ənənəvi əl üsulu ilə kifayətlənməməsi idi. O, dövrün müasir dəzgah və texnologiyalarını Ordubada gətirərək istehsalatda inqilab etmişdi. 96 çeşməli 24 ədəd dəzgahın gətirilməsi sayəsində Ordubad ipəyi yüksək inkişaf səviyyəsinə çatmış,

ipəkçilik sənayesi güclənmişdi.

Onun sözlərinə görə, ipəkçilik burada üç sahənin – tutçuluq, baramaaçma və ipəkəyirmənin vəhdəti əsasında inkişaf edib. Bu sintez həm sənayeni, həm də kənd təsərrüfatını gücləndirməklə yanaşı, bölgədə məşğulluğun artmasına da böyük töhfə verib.

1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Ordubadın ipəkçilik sənayesi özünün intibah dövrünü yaşadı. Müəssisə müasir avadanlıqlarla təchiz olundu, işçilərin sayı 1000 nəfərə çatdı. İşçilərin sosial təminatı və gündəlik qida ehtiyaclarının qarşılanması həmin dövr üçün nümunəvi addımlardan idi.

Rzaqulu Rzayev təkcə sənayeçi kimi deyil, həm də xarakteri və ədaləti ilə xalqın yaddaşına həkk olunub. Onun haqqında danışılan rəvayətlər zəhmətə verdiyi dəyəri nümayiş etdirir. Dosent Aytən Cəfərova Rzaqulu bəyin sürgündən qayıtdıqdan sonra ona qarşı vaxtilə hörmətsizlik edən şəxsə verdiyi ibrətamiz cavabı xatırladır: “Sovetləşmə dövründə digər bəylər və iş adamları kimi Rzaqulu Rzayevin də var-dövləti əlindən alınır və o, Gəncəyə sürgün olunur. Sürgün olunmazdan əvvəl insanların qarşısına çıxarılır və ona qarşı təhqiramiz ifadələr səsləndirilir. Həmin zaman nökərçiliklə məşğul olan biri onun əynindəki paltarı çıxarmağa cəhd edir. Bu hadisə Rzaqulu Rzayevi çox incidir və yaddaşında dərin iz buraxır. Beş il sonra Ordubada qayıdan Rzaqulu bəy həmin şəxsi yenə köhnə vəziyyətdə, əvvəlki kimi yaşadığını görür və kinayə ilə deyir: “Əgər yenə də köhnə vəziyyətində, paltarında yaşayacaqdınsa, işləyəckdinsə, niyə mənim paltarımı əynimdən çıxarmağa çalışırdın?”. Bu sözlər onun həm qürurunu, həm də həyat fəlsəfəsini ifadə edir.”

Digər bir hadisə isə onun “zəhmətsiz qazanc olmaz” prinsipini göstərir. Aytən Cəfərova bu barədə danışarkən deyir:

"Günlərin birində bir nəfər ondan işlə təmin olunmasını xahiş edir. Rzaqulu bəy ona yerdəki kərpicləri bir tərəfdən götürüb digər tərəfə daşımağl tapşırır. Sonda isə həmin şəxsə zəhmətinin haqqını verir. Növbəti dəfə müraciət zamanı isə eyni kərpicləri yenidən əvvəlki yerinə qaytarmağı tapşırır. Bu zaman həmin şəxs təəccüblə soruşur ki, “Bəy, bunun mənası nədir? Mən eyni işi görürəm.” Rzaqulu bəy isə deyir: “Mənası budur ki, sən qazandığın pulu öz zəhmətinlə qazanmalısan.” Bu yanaşma göstərir ki, Rzaqulu bəy əməyə və zəhmətə böyük dəyər verib. Elə buna görə də xalq onu bu gün də “Ərbab” adı ilə yad edir, onun nüfuzunu və işində ustalığını xüsusi vurğulayır".

"Ərbabın iş yeri" adlanan tarixi binanın bərpası artıq yekun mərhələyə qədəm qoyur. Layihə rəhbəri Fərid Kazımlı bildirir ki, işlərin təxminən 50 faizi tamamlanıb. Onun sözlərinə görə, bina ilkin vəziyyətinə qaytarılacaq, mövcud ornamentlər bərpa ediləcək: “Hazırda yerləşdiyimiz otaq əsas fond və mühafizə otağı kimi fəaliyyət göstərəcək. Bu məkanda alimlər, bərpaçılar, rəssamlar və digər mütəxəssislər çalışacaqlar. Digər hissələr isə Mədəniyyət Nazirliyinin müəyyən etdiyi iş bölgüsünə uyğun olaraq istifadə ediləcək”.

Bina iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə, əsas hissənin yan tərəfində ictimaiyyət üçün açıq olan kafeteriya yerləşəcək. İkinci mərtəbədə inzibati heyət üçün otaqlar nəzərdə tutulub. Bundan əlavə, həmin mərtəbədə muzey bölməsi fəaliyyət göstərəcək. Muzey hissəsinin yaxınlığında isə geniş konfrans zalı istifadəyə veriləcək.

Bərpa işlərinin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Bu layihə sübut edir ki, zaman keçsə də, zəhmətə verilən dəyər və xalqın yaddaşında yaşayan şəxsiyyətlər unudulmur. "Ərbabın iş yeri" gələcəkdə həm yerli sakinlər, həm də turistlər üçün Ordubadın ən mühüm mədəniyyət mərkəzlərindən birinə çevriləcək.

Müxbir- Nail Əsgərov

Избранный
18
1
azertag.az

2Источники