RU

Leysan yağışların yaratdığı FƏSAD- bazarlarda qiymətlər ARTACAQ?

Bəs bu il məhsuldarlıq necə olacaq?  Bazar qiymətlərində artım gözlənilir?
Mövzu ilə bağlı aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmli Ajans.az-a açıqlama verib. 
O bildirib ki, son 40 ildə leysan xarakterli yağışlar daha çox özünü göstərir. Bu, iqlim dəyişikliyi və havanın daha isti keçməsi ilə əlaqədardır. Hava isti keçəndə daha çox su buxarlanır və nəticədə daha çox yağış formalaşır. Bu proses gələcəkdə də daha sürətli şəkildə davam edəcək və yağıntıların intensivliyi artacaq. Onun sözlərinə görə, yağış şəhər təsərrüfatına ciddi ziyan vurdu. Səbəb isə, şəhər infrastrukturunun bərbad vəziyyətdə olmasıdır.  Təkcə kanalizasiya sistemi deyil, həm də yağış sularının axıdılması üçün drenaj sistemi qurulmalıdır. Azərbaycanda bu sistem kifayət qədər inkişaf etməyib. Nəticədə mövcud kanalizasiya sistemi güclü yağışlarda suyu qəbul etmir və su basma halları yaranır.  Vahid Məhərrəmli deyib ki, bu il ot istehsalının artması gözlənilir. Bu ölkənin əsas problemlərindən biridir. Məhsuldarlıq getdikcə aşağı düşür, heyvanların sayı azalır. Bu da kifayət qədər yem istehsalının olmaması ilə bağlıdır. Ot istehsalının artması isə müsbət haldır. Əgər dolu düşərsə və ya digər ekstremal hava hadisələri baş verərsə, təbii ki, müəyyən təsirlər ola bilər. Amma indiki halda həm ot , həm taxıl istehsalında, xüsusən payızlıq taxılda ciddi dəyişiklik müşahidə olunmur. Harada ki aqrotexniki qaydalara əməl olunur, bitkilər normal inkişaf edir. Bu yağışlar əksər hallarda müsbət təsir göstərir. “Tərəvəz bitkilərində də vəziyyət normaldır, məhsul bazara çıxarılır və keyfiyyətdə ciddi problem yoxdur. Hələ bəzi tərəvəzlərin səpini də davam edir və may ayının sonuna qədər bu proses davam edəcək. Ümumilikdə isə əvvəlki illərlə müqayisədə, əgər dolu düşmə halları çoxalarsa, bu, ziyan verə bilər. Bitkilərin budaqlarını sındıra, yarpaqları tökə və xüsusilə tərəvəzlərə mənfi təsir göstərə bilər. Əgər intensiv yağışlar güclü küləklə müşahidə olunarsa, bu da mənfi təsir yarada bilər. Amma hələ ki belə ciddi hallar müşahidə olunmur. Sadəcə böyük miqdarda yağıntı var və ümumilikdə bunun əksər sahələrə müsbət təsiri daha çoxdur.”-deyə, ekspert  açıqlayıb.  Ekspert əlavə edib ki, məhsuldarlıq fərqi olmasa belə, bazar qiymətlərinə təsir göstərə bilər. Bu yalnız məhsuldarlığın azalması və artması ilə bağlı deyil. Nümunə olaraq, göstərmək olar ki, bu ilin əvvəlindən Azərbaycanda dizel yanacağının qiyməti təxminən 10% artıb. Benzinin də qiyməti artıb, amma daha çox dizel yanacağının bahalaşması müşahidə olunur. Bu isə həm istehsal xərclərini, həm də daşınma xərclərini artırır və nəticədə qiymətlərə ciddi təsir edir. Əgər hansısa regionda məhsuldarlıq aşağı düşərsə, məhsulun maya dəyəri artır. Bu bir haldır. Amma əgər bütün regionlarda və ölkə üzrə yanacaq qiyməti artırsa, bu, mütləq şəkildə bütün məhsulların maya dəyərini yüksəldir və satış qiymətlərinə təsir edir. Məsələ təkcə təbiət amillərindən asılı deyil. Mən dəfələrlə təklif etmişəm ki, digər ölkələrin təcrübəsindən istifadə olunmalıdır. Neft hasil edən ölkələr kənd təsərrüfatının rəqabətli olması üçün kəndliyə yanacağı ya daha ucuz verir, ya da sabit saxlayır. “Qazaxıstan və Türkmənistan kimi ölkələrdə də qiymət fərüləri müşahidə olunur, orada kənd təsərrüfatına müəyyən güzəştlər tətbiq edilir. Hava şəraiti dəyişəndə kənd təsərrüfatına təsir dərhal hiss olunur. Sənayedən fərqli olaraq bu sahə açıq sistemdir və birbaşa iqlimdən asılıdır.” deyə, Vahid Məhərrəmli söyləyib. 

Ona görə də dövlət istehsal xərclərini azaltmaq üçün yanacaqda güzəştlər etməli, subsidiyaları artırmalıdır. Əgər dizel bahalaşırsa, subsidiyanın da artırılması vacibdir ki, kəndlinin məhsulu rəqabətli olsun, qazanc gətirsin və istehsalda maraqlı olsun.

Избранный
20
Ajans.az

1Источники