RU

“Vətəndaşın kompensasiya tələb etmək hüququ yalnız formal deyil, həm də praktik olaraq müdafiə olunur”

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vətəndaş getdiyi yolu çəkərək bildirir ki, "Neftçilər" metrostansiyasından Abbasqulu ağa Bakıxanov qəsəbəsi istiqamətinə gedən yoldur.

Təxminən 500 metrlik bu yol tamamilə çuxurlarla dolu vəziyyətdədir: “Problem ondadır ki, bu çuxurlar əvvəllər yamanıb, lakin keyfiyyətsiz təmir edilib. Necə asfalt çəkildiyi və necə bərpa olunduğu isə anlaşılmır. Yolun böyük hissəsi bu vəziyyətdədir. Qarşıda isə elə dərin çalalar var ki, avtomobil ora düşərsə, ciddi zədə ala və ya yolda qala bilər”.

Bəs belə hallarda sürücülərin təhlükə ilə üzləşməsinə görə hüquqi baxımdan kim, hansı məsuliyyəti daşıyır? Vətəndaşlar dəymiş ziyanla bağlı hansı quruma müraciət edə bilər?

Hüquqşünas Əliməmməd Nuriyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu, təkcə səhlənkarlıq deyil, həm də mülki hüquqi məsuliyyət doğuran haldır: “Ümumiyyətlə, son vaxtlar yol infrastrukturu ilə bağlı səsləndirilən bu kimi faktlar təkcə kommunal narazılıq deyil, həm də hüquqi məsuliyyət yaradan, sistem xarakterli problemə çevrilməkdədir. Biz müşahidə edirik ki, bir çox yollar tez-tez asfaltlanır, təmir olunur və cari təmir işləri aparılır, lakin qısa müddətdən sonra yenidən bərbad vəziyyətə düşür. "Neftçilər" metrostansiyasından Bakıxanov qəsəbəsi istiqamətinə gedən və faktiki olaraq yararsız vəziyyətə düşmüş yol nümunəsi də bir daha onu göstərir ki, məsələ təkcə həmin çuxurların mövcudluğu deyil - kələ-kötürlük, xəndəklər və sair ilə yanaşı, həm də onların təhlükəli vəziyyətə çevrilməsi və vaxtında keyfiyyətli şəkildə aradan qaldırılmamasıdır".

Əlməmməd Nuriyev deyir ki, əlbəttə, buna görə məsuliyyət daşıyan qurumlar var: "Hüquqi baxımdan yanaşsaq, əsas məsələ yolun saxlanılmasına cavabdeh olan dövlət qurumlarının hərəkətsizliyi və ya keyfiyyətsiz fəaliyyətinin nəticəsində hüquqi və fiziki şəxsə zərərin vurulmasıdır. Bu, sadəcə olaraq, bir səhlənkarlıq deyil, həm də mülki-hüquqi məsuliyyət doğuran haldır. Yəni əgər yol normativ vəziyyətdə deyilsə, bu səbəbdən nəqliyyat vasitələrinə zərər dəysə, məsul qurum həmin ziyanı ödəməlidir, ödəməyə borcludur. Yola aid normativ tələblər var və yolun həmin tələblərə uyğun yol şəraitini qoruyub saxlamaq buna cavabdeh olan bilavasitə vəzifəsidir. Burada diqqət yetirilməli olan əsas məqam da təhlükə standartıdır. Yol bərbad vəziyyətdə olmamalıdır, əgər o, həyat və əmlak üçün real təhlükə yaradırsa, artıq burada dövlətin pozitiv öhdəlikləri işə düşür. Dövlət yalnız yolları çəkməklə deyil, həm də onun təhlükəsiz vəziyyətdə saxlanmaqla bağlı da hüquqi öhdəlik daşıyır. Əks halda vətəndaşın mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilər. Burda yolun bərbad vəziyyətdə olması vətəndaşın əmlakına ziyan vurulmasına gətirib çıxardır ki, bu artıq mülki hüquqi məsuliyət yaradır.

Burada yanaşma konkretdir. Əgər söhbət şəhərdaxili yoldan gedirsə, birbaşa məsuliyyət adətən Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyində olan yol təsərrüfatı strukturunun üzərinə düşür. Əgər yol daha yüksək, respublika əhəmiyyətli kateqoriyaya aiddirsə, bu halda məsul qurum Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hesab olunur”.

Əliməmməd Nuriyev vurğulayıb ki, vətəndaş zərərin ödənilməsi ilə bağlı iddia qaldıra bilər: “Vətəndaşın ilk addımı inzibati qaydada müraciət etmək olmalıdır. Bu mərhələdə hadisənin yeri, vaxtı, yolun vəziyyəti, dəymiş zərər barədə bu yola cavabdeh olan qurumlara konkret məlumatlar təqdim olunmalıdır. Lakin Azərbaycan reallığında bu cür müraciətlərin əksəriyyəti formal cavablarla yekunlaşdığı üçün effektiv mexanizm çox vaxt yalnız məhkəmə yolu olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi çərçivəsində vətəndaş zərərin ödənilməsi ilə bağlı iddia qaldıra bilər və burada əsas arqument dövlət qurumunun öz funksional vəzifəsini lazımi səviyyədə yerinə yetirməməsidir. Amma ən vacib məsələ o sübut ilə bağlı məsələdir. Yetərli sübutlar varmı? Bunun üçün foto- və video materiallar, yolun vəziyyətini təsdiq edən faktlar, eləcə də avtomobilə dəyən zərər üzrə ekspert rəyi təqdim olunmalıdır. Bu vasitələrlə vətəndaş məhkəmədə iddiasının uğurlu olma ehtimalını artıra bilər; əks halda, vəziyyət xeyli çətinləşəcək. Yəni hüquq mövcuddur, lakin onun realizəsi faktiki sübutların keyfiyyətindən asılıdır və güman edirəm ki, artıq həmin sizə müraciət edən, yaxud müxtəlif media saytlarında göstərilən vəziyyətlə bağlı vətəndaş, yaxud əgər hüquqi şəxsə məxsus əmlak olarsa müraciət edə bilər.

Biz problemə yalnız “pis yol” kimi yanaşmaq kifayət deyil. Bu məsələ həm hüquqi məsuliyyət, həm də idarəetmə keyfiyyəti ilə birbaşa bağlıdır. Eyni zamanda bu, vətəndaş hüquqlarının qorunması məsələsidir.

Əgər dövlət infrastrukturu təhlükə yaradırsa, vətəndaşın kompensasiya tələb etmək hüququ təkcə formal norma deyil, həm də praktik olaraq müdafiə olunan hüquqdur. Sadəcə, bunun üçün müəyyən qədər təşəbbüs göstərmək, məsələni düzgün şəkildə sənədləşdirmək və hüquqi müstəvidə aydınlaşdırmaq lazımdır”.

Əliməmməd Nuriyev qeyd edir ki, Hesablama Palatasının hesabatında dövlət satınalmalarının təxminən 30%-inin ümumiyyətlə icra olunmadığı bildirilir: “Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində çox mühüm dəyişikliklər baş verib. Bu heç şübhəsiz ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin həm fəaliyyətində dönüşə, həm də keyfiyyətin daha da güclənməsinə gətirib çıxardacaq. Eyni zamanda bu dəyişikliyə qədər baş vermiş qanunsuzluqlarla bağlı da müvafiq yoxlamalar aparılmalı, məsul şəxslərin işləri vaxtında və hansı keyfiyyətdə yerinə yetirdiyi araşdırılmalıdır. Şübhəsiz ki, burda korrupsiyada istisna deyil, çünki yolların çəkilməsi ilə bağlı hər il yetərli qədər vəsait dövlət büdcəsindən ayrılır. Eləcə də şəhərdaxili yollarla bağlı məsul qurumlar mövcuddur, lakin onların bu işi nə dərəcədə keyfiyyətlə yerinə yetirməsi artıq ayrıca araşdırma mövzusudur.

Eyni zamanda bu gün Hesablama Palatasının hesabatı ilə tanış oldum. Hesabatda göstərilir ki, dövlət satınalmalarının təxminən 30%-i ya ümumiyyətlə icra olunmur, ya da keyfiyyətsiz icra edilir. Halbuki yolların çəkilməsi və cari təmiri məhz dövlət satınalmaları çərçivəsində həyata keçirilir.

Bu isə prosesdə ciddi problemlərin mövcud olduğunu göstərir və çoxşaxəli yoxlamaları zəruri edir. Yeni təyin olunmuş rəhbərlik tərəfindən aidiyyəti qurumların cəlb edilməsi və müvafiq yoxlamaların aparılması nəzərdə tutulur.

Bundan əlavə, Hesablama Palatasının məlumatları, eləcə də vətəndaş müraciətləri mövcuddur. Bu baxımdan daxili audit yoxlamalarının keçirilməsi və ümumilikdə idarəetmə sistemində baş verənlərin təhlili vacib hesab olunur. Bu bir. İkincisi, Hesablama Palatasında bu istiqamətdə müvafiq məlumatlar mövcuddur. Üçüncüsü, vətəndaş müraciətləri və məlumatları da var. Yəni burada daxili audit yoxlamalarının keçirilməsi vacib məsələdir.

Ümumilikdə isə idarəetmə sistemində nələrin baş verdiyi kompleks şəkildə araşdırılmalıdır.

Eyni zamanda dövlət satınalmalarının icrası məsələsinə yerində baxış keçirilməsi də mümkündür. Əlbəttə, əgər orada cinayət xarakterli hüquq pozuntularına rast gəlinərsə, bu halda materiallar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və ya Baş Prokurorluğa göndərilməlidir. Əgər pozuntular intizam və ya inzibati xarakter daşıyırsa, bu halda müvafiq tədbirlər birbaşa rəhbərlik tərəfindən görülməlidir.

Bununla yanaşı, dəymiş ziyana görə cavabdehlik məsələsi də ortaya çıxır. Əgər mülki-hüquqi məsuliyyət mövcuddursa, təkcə idarəyə deyil, ziyanın baş verməsində təqsiri olan vəzifəli şəxslərə qarşı da məsuliyyət tətbiq olunmalıdır.

Başqii bir məqam isə sığorta məsələsidir. Əgər avtomobil KASKO ilə sığortalanıbsa, sığorta şirkəti dəymiş ziyanı qarşılayır. Lakin sığorta ödənişi həyata keçirildikdən sonra sığorta şirkəti də öz növbəsində müvafiq dövlət qurumuna qarşı iddia ilə müraciət edə bilərlər”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
bizimyol.info

1Источники