RU

Azərbaycançılıq ideologiyası uğurların açarı rolunda

Zaman keçdikcə dəyəri daha da artan ideologiya

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə az qalır. Zaman keçdikcə Heydər Əliyevin miras qoyduğu azərbaycançılıq ideologiyasının ölkəmizin bugünkü səviyyəyə gəlib çatmasında, uğurlarında necə böyük yer tutduğu daha aydın görünür. Azərbaycan müasir tarixində milli dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması və milli kimliyin qorunması baxımından bu ideologiya xüsusi yer tutub. Azərbaycançılıq ideologiyası Azərbaycanın milli birliyinin, dövlət müstəqilliyinin və sabit inkişafının əsas təminatçısı olmaqla, zamanın sınağından çıxaraq bu gün də aktuallığını qoruyur və gələcək nəsillər üçün etibarlı ideoloji baza rolunu oynayır.

Azərbaycançılıq yalnız keçmişin mirası deyil, həm də gələcəyin yol xəritəsidir. Bu ideologiyanın qorunması və inkişaf etdirilməsi Azərbaycanın davamlı inkişafı və milli birliyinin möhkəmləndirilməsi baxımından həyati əhəmiyyət kəsb edir.

Bu ideologiyanın sistemli şəkildə formalaşdırılması və dövlət siyasətinin əsas istiqamətinə çevrilməsi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi fəlsəfəsində azərbaycançılıq yalnız bir ideya deyil, həm də milli birliyi təmin edən, dövlətçiliyi qoruyan və gələcəyə istiqamət verən fundamental dəyər kimi çıxış edir.

Azərbaycançılıq ideologiyası, ilk növbədə, Azərbaycan xalqının tarixi yaddaşına, milli-mənəvi dəyərlərinə, dilinə, mədəniyyətinə və dövlətçilik ənənələrinə əsaslanan bir konsepsiyadır. Bu ideologiyanın əsasını aşağıdakı prinsiplər təşkil edir:

Milli kimliyin qorunması və inkişafı;

Dövlət müstəqilliyinin möhkəmləndirilməsi;

Azərbaycan dilinin və mədəniyyətinin təbliği;

Multikulturalizm və tolerantlıq ənənələrinin qorunması;

Xaricdə yaşayan azərbaycanlıların milli həmrəyliyinin təmin olunması.

Aydın

Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirib ki, azərbaycançılıq anlayışı yalnız etnik mənsubiyyətlə məhdudlaşmır. Bu ideologiya Azərbaycan Respublikasında yaşayan bütün xalqları və etnik qrupları vahid dövlətçilik ideyası ətrafında birləşdirən geniş məfhumdur: “Azərbaycançılıq ölkədə vətəndaş birliyinin  təminatçısı kimi 30 ildən artıqdır çıxış edir. Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə yerləşməsi, müxtəlif etnik və dini qrupların bir arada yaşaması milli birliyin qorunmasını xüsusi əhəmiyyətli məsələyə çevirir. Bu baxımdan azərbaycançılıq ideologiyası cəmiyyətdə parçalanma meyllərinin qarşısını alan, vahid kimlik yaradan əsas ideoloji mexanizm kimi çıxış edir. Ulu öndər Heydər Əliyev bu ideologiya vasitəsilə regional və sosial fərqlilikləri aradan qaldırmağa, dövlət və xalq arasında qarşılıqlı etimadı gücləndirməyə, vətəndaş həmrəyliyini möhkəmləndirməyə nail oldu. Azərbaycanın bütövlüyü və uğurlarının əsasında bu amilin misilsiz rolu xüsusi qeyd edilməlidir. Ulu öndərin "Azərbaycan mənim ürəyimdir" kimi fikirləri yalnız siyasi şüar deyil, xalqla lider arasında mənəvi bağın ifadəsi idi.

1990-cı illərin əvvəllərində Azərbaycan ciddi siyasi böhran və qeyri-sabitlik dövrü yaşayırdı. Məhz bu dövrdə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə azərbaycançılıq ideologiyası dövlət siyasətinin əsas dayağına çevrildi. Bu ideologiya dövlət institutlarının möhkəmlənməsinə, hüquqi dövlət quruculuğuna, milli təhlükəsizlik konsepsiyasının formalaşmasına xidmət etdi. Beləliklə, azərbaycançılıq yalnız ideoloji çərçivə deyil, həm də praktiki dövlət idarəçiliyinin əsas istiqaməti oldu".

Deputat qeyd etdi ki, azərbaycançılıq ideologiyasının mühüm xüsusiyyətlərindən biri də multikulturalizmə verdiyi önəmdir: “Tarixən müxtəlif dinlərin və millətlərin dinc yanaşı yaşadığı Azərbaycanda bu ənənə dövlət siyasəti səviyyəsinə qaldırılıb. Ulu öndər Heydər Əliyev bu istiqamətdə dini və milli azlıqların hüquqlarının qorunmasını təmin edib, mədəni müxtəlifliyi zənginlik kimi qiymətləndirib, Azərbaycan modelini dünyaya tolerantlıq nümunəsi kimi təqdim edib. Bu yanaşma müasir dövrdə də Azərbaycanın beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır.

Azərbaycançılıq ideologiyası yalnız ölkə daxilində deyil, xaricdə yaşayan milyonlarla azərbaycanlını da əhatə edir. Ulu öndər diaspor quruculuğunu milli siyasətin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi. Bu siyasət xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasına, milli maraqların beynəlxalq səviyyədə müdafiəsinə, Azərbaycan haqqında obyektiv informasiyanın yayılmasına xidmət edir. Dünya azərbaycanlılarının həmrəyliyi ideyası da məhz bu ideologiyanın tərkib hissəsidir".

A.Hüseynov dedi ki, bu gün azərbaycançılıq ideologiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilir: “Qloballaşma şəraitində milli kimliyin qorunması, informasiya müharibələri və geosiyasi dəyişikliklər fonunda bu ideologiya daha da aktuallaşır. Müasir mərhələdə Azərbaycançılıq gənclərin milli ruhda tərbiyəsində, dövlət maraqlarının qorunmasında, Qarabağ zəfərindən sonra milli həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayır”.

 

Etibar,
Musavat.com

 

Избранный
42
musavat.com

1Источники