ABŞ Nümayəndələr Palatasının üzvü Ceymi Raskin Konqresə Prezident Donald Trampın vəzifə öhdəliklərini yerinə yetirmə qabiliyyətinin araşdırılması məqsədilə komissiya yaradılmasını nəzərdə tutan qanun layihəsi təqdim edib.
"Cebheinfo.az"-ın "The Hill" qəzetinə istinadən xəbərinə görə, Raskin Konqresə Trampın vəzifəsini icra etmək üçün yetərli olub-olmadığını yoxlamaq məqsədilə "Prezidentin Səlahiyyət və Məsuliyyətlərini Yerinə Yetirmə Qabiliyyəti Komissiyası"nın qurulmasını təklif edib.
Sözügedən layihə Konqresin tələbi olduğu təqdirdə, prezidentin səlahiyyət və məsuliyyətlərini yerinə yetirə bilməsini müəyyən etmək üçün psixi və ya fiziki tibbi müayinənin aparılmasını ehtiva edir.
Prezidentin vəzifəsini yerinə yetirə bilmədiyi müəyyən edildikdə səlahiyyətlərin vitse-prezidentə dövr edilməsini nəzərdə tutan qanuna görə, vitse-prezident və kabinetin əksəriyyətinin, yaxud Konqres tərəfindən yaradılacaq bir orqanın yazılı bəyanatı ilə bu vəziyyət bildirildiyi təqdirdə, vitse-prezident vəzifəni müvəqqəti icra edə bilir.
Nümayəndələr Palatasında 50 demokrat üzv layihəni dəstəkləsə də, respublikaçıların çoxluq təşkil etdiyi Konqresdə onun qəbul edilmə ehtimalı aşağı qiymətləndirilir.
Raskin qeyd edib ki, Trampın bütün sivilizasiyaları məhv etmək təhdidi, Konqresin müharibə səlahiyyətlərini pozaraq Yaxın Şərqdə xaos yaratması, katolik kilsəsinin Papasına qarşı təhqiramiz ifadələr işlətməsi və özünü İsa peyğəmbərə bənzədən təsvirləri internetdə paylaşması onun prezidentlik fəaliyyətinə olan ictimai etimadı sarsıdıb.
Trampın bu çıxış və hərəkətləri səbəbindən ictimaiyyətin onun idarəetmə qabiliyyətinə inamının "görünməmiş dərəcədə azaldığını" bildirən Raskin Konqresin bu məsələdə məsuliyyəti öz üzərinə götürməsinin artıq "milli təhlükəsizlik məsələsinə" çevrildiyini deyib.
Qeyd edək ki, ABŞ-də bir prezidentin vəzifədən uzaqlaşdırılması üçün Nümayəndələr Palatasında mütləq çoxluğun, təqsirli bilinərək kənarlaşdırılması üçün isə Senatda üçdə iki səs çoxluğunun əldə edilməsi tələb olunur.
Sosial media hesabındakı paylaşımında Papaya qarşı ittihamlar irəli sürən Tramp onun "cinayətkarlıq və nüvə silahları məsələsində zəif, xarici siyasətdə isə bərbad" olduğunu iddia etmişdi.
ABŞ Prezidenti Tramp bu tənqidlərdən təxminən bir saat sonra özünü İsa peyğəmbər kimi göstərən vizualı paylaşmış, lakin bir müddət sonra həmin paylaşım onun sosial media hesabından silinmişdi.