UEFA "Barselona"nın Çempionlar Liqasının 1/4 finalında "Atletiko" ilə keçirilən ilk oyundakı hakimlikdən verdiyi şikayəti təmin etməyib.

Offsideplus.az xəbər verir ki, qurum Kataloniya təmsilçisinin etirazını qəbuledilməz sayıb. Aprelin 8-də baş tutan və "Barselona"nın 0:2 hesablı məğlubiyyəti ilə başa çatan matçdan sonra klub rəsmi şikayət ünvanlamışdı.

"Barselona" klubu xüsusilə ikinci hissədə Mark Pubilin cərimə meydançasında topa əllə müdaxilə etdiyi pozisiyada penalti verilməməsindən narazı qalmışdı. Klub rəhbərliyi bu qərarın oyunun nəticəsinə birbaşa təsir etdiyini iddia etsə də, UEFA hakimlərin tərəfini tutub.

Qeyd edək ki, bu iki komanda arasında yarımfinalçının adını müəyyənləşdirəcək cavab qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da Madriddə keçiriləcək.