RU

Pezeşkianla Makronun QƏFİL zəngləşməsi – Fransa prosesə QOŞULUR

İran prezidenti Məsud Pezeşkian Fransa prezidenti Emmanuel Makronla telefon danışığında Avropanın ABŞ-ni beynəlxalq normalar çərçivəsində danışıqlar aparmağa sövq etməklə Tehran ətrafındakı böhranın həllində konstruktiv rol oynaya biləcəyini bəyan edib. 

Siyasi ekspertlər isə hesab edir ki, Pezeşkianın telefon danışığındakı bu çağırışı daha çox Avropanı aktivləşdirməyə yönəlmiş diplomatik jestdir. Tehran da belə hesab edir ki, Avropa İttifaqı və onun aparıcı dövlətləri, xüsusilə Fransa ABŞ-nin siyasətinə müəyyən yumşaldıcı təsir göstərə bilər. Lakin sual ondan ibarətdir ki, bu təsir realdırmı, yoxsa daha çox diplomatik ümid xarakteri daşıyır? Fransanın İran ətrafında böhranın həlli üçün ABŞ-yə təsir imkanları varmı?

İran

Siyasi analitiklərin fikrincə, Fransa Qərb dünyasında mühüm siyasi aktor olsa da, ABŞ-nin İran siyasətinə birbaşa təsir imkanları məhduddur. Fransanın ABŞ-a təsir imkanları mövcuddur, lakin həlledici deyil. Paris dialoqu təşviq edə, vasitəçi rolunu oynaya, gərginliyi azaltmaq üçün təşəbbüslər irəli sürə bilər. Amma ABŞ-nin strateji qərarlarını dəyişmək gücündə deyil. Fransa uzun illərdir İran məsələsində körpü rolunu oynamağa çalışır. Xüsusilə İranın nüvə sazişi prosesində Paris aktiv iştirak edib. Makron administrasiyası Vaşinqton və Tehran arasında dolayı dialoqu təşviq edə, gərginliyin azaldılması üçün “aralıq formul” təklifləri irəli sürə bilər. Lakin bu vasitəçilik yalnız ABŞ-nin buna siyasi iradə göstərdiyi halda effektli olur.

Tramp

Fransa təkbaşına deyil, Avropa İttifaqı çərçivəsində daha güclü təsir imkanına malikdir. Bu baxımdan Aİ-nin vahid mövqeyi formalaşdırıla, ABŞ üzərində kollektiv siyasi təzyiq yaradıla, alternativ diplomatik təşəbbüslər irəli sürülə bilər. Amma praktikada Aİ-nin ABŞ siyasətinə təsiri məhdud qalır, çünki təhlükəsizlik məsələlərində son söz yenə Vaşinqtona məxsusdur. Avropa ölkələri İran məsələsində tam vahid xətt nümayiş etdirmir, bəziləri daha sərt yanaşmanı dəstəkləyir, bəziləri isə dialoqu önə çəkir. Bu isə Fransanın təşəbbüslərini zəiflədir.

Etibar Seyidağa,
Musavat.com

Избранный
15
musavat.com

1Источники