RU

İqtisadi Şura tapşırıqlar verdi

Yeniazerbaycan saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sahibkarlıq fəaliyyətinə maneələrin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması üçün qanunvericiliyə dəyişikliklər ediləcək

Aprelin 10-da Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasında “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup”u tərəfindən hazırlanan “Tikinti və kommunal infrastruktura qoşulma” və “Sənaye” sahələrində sahibkarların qaldırdığı aktual məsələlər və problemlər ətraflı müzakirə olunub. Tədbirdə çıxış edən aiddiyyatı dövlət qurumlarının nümayəndələri qeyd edilən məsələlərə dair görülən işlər və davam etdirilən tədbirlər haqqında məlumat veriblər. İştirakçıların rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan istiqamətlərin hər birinin həlli istiqamətində müvafiq normativ-hüquqi aktlara dəyişikliklər edilməsi üçün layihələrin hazırlanaraq hökumətə təqdim olunması barədə tapşırıqlar verilib.

Sahibkarların inzibati yükünün minimuma endirilməsi

İclasda əsas diqqət mərkəzində dayanan istiqamət biznes fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün əlavə tədbirlərin görülməsi ilə bağlı olub. Bu, Azərbaycan hökumətinin sahibkarlığa olan xüsusi diqqətinin nümunəsi olmaqla yanaşı, Dünya Bankı qarşısında götürdüyü öhdəliklərin icrası istiqamətində atdığı prinsipial addımlara sadiqliyini göstərir. Hökumət sahibkarlıq sahəsində meydana çıxan çətinlikləri həll etmək üçün müxtəlif institusional qərarlar qəbul edib. Ötən ilin aprel ayında yaradılmış “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrupu” isə bu istiqamıətdə daha kompleks və koordinasiyalı qərarlar qəbul etmək məqsədi daşıyır. İşçi qrupu sahibkarlıq fəaliyyətinə maneə yaradan, habelə qurumların səlahiyyətlərindən irəli gələn sui-istifadə hallarının müəyyən edilməsi və aradan qaldırılması, qanunvericilikdə olan boşluqlardan sahibkarların əleyhinə istifadə hallarının qarşısının alınması, iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların üzləşdiyi problemlərin dərindən araşdırılması və təhlili, müvafiq təkliflərin hazırlanması ilə məşğul olur.

İqtisadi Şura adıçəkilən İşçi qrupu qarşısında sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması tapşırığı qoyulub. Qurumun üzvlərinə biznes mühitinin yaxşılaşdırılması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, ölkənin iqtisadi inkişafında özəl sektorun payı və rolunun artırılması, sahibkarlıq subyektlərinin inzibati yükünün minimuma endirilməsi və onların biznes imkanlarının genişləndirilməsi, sahibkarlıq fəaliyyətinə maneə yaradan, habelə qurumların səlahiyyətlərindən irəli gələn sui-istifadə hallarının müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı müvafiq layihə və təkliflər hazırlamaq, onların icrasını təmin etmək tapşırılıb.

Sənayedə inzibati yük, maliyyə resurslarına çıxış məhdudiyyəti mövcuddur

“Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrupu”nun digər məqsəd prinsiplərinə dövlət qurumlarında daxili strukturlar tərəfindən icra olunan bir sıra layihələrin özəl sektora ötürülməsi, ödənişli dövlət xidmətlərinin təşkili və göstərilməsində özəl sektorun rolunun artırılması, müxtəlif sektorlar üzrə inzibati prosedurların tətbiqi funksionallığının və səmərəliliyinin yüksəldilməsi, çevik və səmərəli fəaliyyətin təşkilidir. İşçi Qrupuna aid olan əsas sahələrdən biri -  “Sənaye sahəsində sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üzrə Altqrup”u bu baxımdan sahibkarlığın funksional imkanlarının artrılmasında ən mühüm istiqamətlərdən biri hesab edilir. Qeyd olunan sahə üzrə aparılmış monitorinqlər təsdiqləyir ki, sənaye sahəsində yüksək inzibati yüklər, qanunsuz müdaxilələr, maliyyə resurslarına məhdud çıxış və tənzimləyici çərçivədəki boşluqlar sahibkarlıq fəaliyyətinə mane olan əsas çətinliklərdir. Hələ də qalan bürokratik prosedurların mürəkkəbliyi və sui-istifadə halları biznesin inkişafını ləngidir, habelə qanunvericilikdəki uyğunsuzluqlar, lisenziyalaşdırma proseslərindəki çətinliklər sahibkarlara əlavə yük yaradır. İstehsal üçün zəruri olan xammal, maliyyə vəsaitlərinə çıxış və infrastruktur təminatında problemlər həll edilməyib. Ona görə də, bu istiqamət üzrə zəruri tənzimləyici vasitələrin tətbiqi, ələlxüsus da qanunvericilikdə dəyişikliklərin edilməsi olduqca aktualdır.

Kommunal xidmətlərə əlçatanlığın təmin olunması

İqtisadi Şuranın müzakirə etdiyi digər istiqamət “Tikinti və Kommunal İnfrastruktura Qoşulma üzrə Altqrup üzvləri” tərəfindən görülən işlərin vəziyyəti və bu sahədə hazırlanan institusional mexanizmlərin dəyərləndirilməsi ilə bağlı olub. Bu sahə üzrə islahatların aparılması da Dünya Bankı tərəfindən irəliyə sürülən tövsiyələrdən və islahat hədəflərindən biridir. Kommunal xidmətlər elektrik enerjisi, su və rəqəmsal əlaqə kimi vacib xidmətləri təmin etməklə iqtisadi və sosial inkişafı dəstəkləməkdə mühüm rol oynayır. Bu xidmətlər olmadan müəssisələr fəaliyyət göstərə bilməz və ev təsərrüfatları keyfiyyətli həyat sürə bilməz. Dünya Bankının biznes sorğularına görə, qlobal miqyasda müəssisələrin 30 faizindən çoxu elektrik təchizatını əməliyyatları üçün əsas məhdudiyyət kimi müəyyən edir. Elektrik təchizatındakı fasilələr firmanın məhsuldarlığına, gəlirlərinə və iqtisadi artıma zərər vurur. Eynilə, qeyri-kafi su təchizatı firma məhsuldarlığının azalmasına, mexanizmlərin sıradan çıxmasına və mənfəətin azalmasına səbəb olur. Eləcə də, əlverişli və etibarlı internetə çıxış rəqəmsal texnologiyaların istifadəsinin məhsuldarlığı artırdığı günümüzün rəqəmsallaşan dünyasında digər vacib elementdir.

Bu sahədə aparılan monitorinqlər göstərir ki, fiziki şəxslərin və biznes icmasının qarşılaşdıqları müxtəlif çətinliklər və problemlər hələ də qalmaqdadır. Həmçinin, tikinti sahəsində bir sıra xidmətlərə əlçatanlığın olmaması da biznesin əsas qayğılarından biridir. Məhz bu baxımdan həmin sahə üzrə islahatların davam etdirilməsi və kommunal xidmətlərə əlçatanlığın təmin olunması məqsədilə altqrup yaradılıb. Qrupa kommunal xidmət qaydalarının keyfiyyəti, kommunal xidmət göstəriciləri və xidmətlərin şəffaflığı, kommunal sahədə xidmətlərin həyata keçirilməsinin səmərəliliyi və təhlükəsizliyi üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə yeni təkliflər hazırlamaq tapşırığı verilib.

Güclü biznes ölkənin sosial-iqtisadi inkişafını artırır

Dövlət başçısı tərəfindən nümayiş etdirilən güclü siyasi iradəyə uyğun olaraq, ölkədə iqtisadi aktivliyin artırılması və insanların iş yerləri ilə təmin edilməsi iqtisadi siyasətin əsas prioritetidir və biznesə ən yüksək səviyyədə dəstək verilir. Biznes icmasının və sahibkarlıq assosiasiyasının üzvləri arasında aparılan sorğular göstərir ki, sahibkarlara yaradılan maneələr məqsədli dövlət proqramlarının icrasını gecikdirir. Ona görə də bu halların aradan qaldırılması üçün davamlı addımlar atılmalı, elektron xidmətlərin tətbiqi genişlənməli, rəqəmsal arxitekturaya keçid üçün daha əhatəli tədbirlər görülməlidir. Bu tədbirlərin hər birinin kompleks şəkildə həlli və biznes üçün daha əlçatan olması sahibkarlara asan və maneəsiz fəaliyyət motivasiyası verir, bu isə özəl sektorun aparıcı siması olan sahibkarlığın ölkəmizin sosial-iqtisadi inkişafında töhfələrini artırır.

Yuxarıda qeyd edilən bütün istiqamətlər üzrə son bir ildə İşçi qrupu tərəfindən bir çox təklif və təşəbbüslər hazırlanaraq müvafiq qurumlara təqdim edilib və bu istiqamətdə zəruri addımlar atılıb, ancaq bəzi strukturlarda biznesin fəaliyyətinə çətinlik yaradan texniki-hüquqi mexanizmlər həll olunmamış qalır. Bu baxımdan, İqtisadi Şuranın iclasında müzakirə olunan istiqamətlər üzrə növbəti addımların atılması sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılmasına, biznes mühitinin yaxşılaşdırılmasına, ümumilikdə, biznes sektorunda davamlı islahatların genişlənməsinə mühüm təkan verəcək.

ELBRUS CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
1
yeniazerbaycan.com

2Источники