BAKI, 14 aprel. TELEQRAF
“Qazaxıstanın Xəzər dənizindəki Aktau və Kurık limanlarının infrastrukturunun modernləşdirilməsini sürətləndirmək lazımdır”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Baş naziri Oljas Bektenov hökumət iclasında deyib.
“Nəqliyyat sektorunda müsbət dinamika formalaşıb, əsas istiqamətlərdə artım əldə edilib. Bundan əlavə, dəmir yolu şəbəkəsinin tutumunu sistemli şəkildə artırmaq lazımdır. Təsdiq edilmiş layihələrin reallaşdırılması və modernləşdirilməsi bu ilin sonuna qədər başa çatmalıdır. Bu gün Transxəzər beynəlxalq nəqliyyat marşrutu ən dinamik inkişaf edən dəhlizlərdən biridir. Aktau və Kurık limanlarının infrastrukturunun modernləşdirilməsini sürətləndirmək lazımdır”, - hökumət başçısı bildirib.
Oljas Bektenov ölkənin yol sektoru ilə bağlı layihələrə də toxunub:
“Yol sektorunun qarşısında regionlar arasında nəqliyyat əlaqəsini yaxşılaşdırmaq üçün böyük əhəmiyyət kəsb edən böyük strateji layihələrin həyata keçirilməsi vəzifəsi qoyulub. Bu il 11 min kilometrlik yolun tikinti və təmir işləri ilə əhatə olunması lazımdır”.