RU

Macarıstanda seçkilərdə müxalifətdəki “Tisza” partiyası qalib gəlib

 Orban Madyarı qələbəsi münasibətilə təbrik edib

Macarıstanda keçirilən seçkilərin nəticələrindən sonra Peter Madyarın müxalifətdəki Tisza partiyası nəinki qalib gəlib, həm də parlamentdə konstitusiya çoxluğunu təmin etmək yolundadır. 16 ildir hakimiyyətdə olan Baş nazir Viktor Orban və onun “Fides” partiyası artıq məğlubiyyətini etiraf edib və müxalifətdə işlərini davam etdirəcəklərinə söz verib.

Macarıstanda parlament seçkiləri həm partiya siyahıları, həm də təküzvlü seçki dairələri istifadə edilərək keçirilib. Bülletenlərin təxminən 99 faizi sayıldıqdan sonra “Tisza” partiyası 199 yerdən 138-ni alıb, bu da o deməkdir ki, parlamentdə konstitusiya çoxluğunu təmin edəcək.

Hazırkı Baş nazir Viktor Orbanın hakim “Fides” partiyası 55 yer qazanıb. İfrat sağçı “Mi Hazánk” (“Bizim Vətənimiz”) partiyası  altı yer alıb. Parlamentdə yer almaq üçün partiyalar  5 faiz həddini keçməli idi.

Macarıstan qanunlarına görə, səslərin son sayılması 18 aprel şənbə günündən gec olmayaraq başa çatdırılmalıdır. Səslərin son sayılmasını gözləmədən Viktor Orban artıq Madyarı qələbəsi münasibətilə təbrik etdiyini açıqlayıb. O, seçki nəticələrinin aydın olduğunu deyib, onları ağrılı adlandırıb və “Fides”in Macarıstana müxalifətdə xidmət edəcəyini bildirib.

Bazar ertəsi axşamı Budapeştin mərkəzində tərəfdarları üçün keçirilən qələbə mitinqində çıxış edən Madyar izdihamın alqışları altında bəyan edib: "Biz bunu etdik". O, “Tisza” və Macarıstanın seçkilərdə birlikdə qalib gəldiyini söyləyib.  

“Tisza” liderinin sözlərinə görə, demokratik Macarıstan tarixində heç vaxt bu qədər seçici səsverməyə gəlməyib. Həqiqətən də, səsvermə məntəqələrinin bağlanmasından iki saat əvvəl seçkilərdə rekord səviyyədə seçici fəallığının olduğu - 74,23 faizə çatdığı elan edilib.

Qələbə çıxışında Madyar həmçinin bildirib ki, səsvermə macarların Avropaya "hə" dediyini göstərir. O, izdihama bildirib ki, yeni hökumətin görüləsi çox işi var və hər kəsi sabah ölkənin "sağalmasına" başlamazdan əvvəl bu gün nəticələri dinc şəkildə qeyd etməyə çağırıb.

Avropa liderləri Peter Madyarın qələbəsini alqışlayıblar. "Bu gecə Macarıstanda Avropanın ürəyi daha güclü döyünür", - deyə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen sosial mediada yazıb. "Macarıstan qərarını verib", - deyə Almaniya kansleri Fridrix Merz bildirib və "güclü, təhlükəsiz və hər şeydən əvvəl vahid Avropa naminə” Peter Madyarla əməkdaşlığa ümid etdiyini vurğulayıb . 

Fransa Prezidenti Emmanuel Makronun sözlərinə görə, seçkilərin nəticələri "macar xalqının Avropa İttifaqı dəyərlərinə və Macarıstanın Avropadakı yerinə sadiqliyini" nümayiş etdirir. İspaniya Prezidenti Pedro Sançes də bu fikri təkrarlayıb. 

Böyük Britaniyanın Baş naziri Kir Starmer də Peter Madyarı təbrik edərək, onun seçki qələbəsini "təkcə Macarıstan üçün deyil, həm də Avropa demokratiyası üçün tarixi bir an" adlandırıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Madyarı "inamlı" qələbəsi münasibətilə təbrik edib:"Ukrayna həmişə bütün Avropa ölkələri ilə mehriban qonşuluq münasibətləri axtarıb və biz Macarıstanla əməkdaşlığı inkişaf etdirməyə hazırıq. Kiyev hər iki xalqın rifahı naminə görüşlərə və birgə konstruktiv işə hazırdır”.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Избранный
15
azerbaijan-news.az

1Источники