Lənkəran Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Beyləqan rayon sakini, 38 yaşlı İlkin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Musavat.com xəbər verir ki, Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində nizamlayıcı işləyən İlkin Cəfərov 12 noyabr 2024-cü ildə xidməti vəzifəsi ilə əlaqədar yaşadığı İkinci Şahsevən kəndi ərazisində yerləşən su kanalına gedərkən saxlanılıb.
İttihama görə, o, şəxsiyyətləri istintaqa məlum olmayan İran vətəndaşları ilə əlbir olaraq qaçaqmalçılıq yoluyla ölkəyə keçirilmiş narkotik vasitəni götürmək məqsədilə sərhəd zonasına yollanıb. İddia olunub ki, İlkin Cəfərov təxminən 15 kiloqram qurudulmuş marixuananı götürərək geri qayıdarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Lakin təqsirləndirilən şəxs məhkəmədə bu ittihamları qəti şəkildə rədd edib.
O bildirib ki, 2013-cü ildən su-kanal idarəsində işləyir və tez-tez həmin əraziyə gedərək suyun verilməsini tənzimləyir, bəzən isə balıq tutur:
“Həmin gün sahə rəisi suyu nizamlamağımı tapşırdı. Özümlə qarmaq və tor götürmüşdüm ki, işdən sonra balıq tutum. Tilovu atmaq istəyirdim ki, sərhədçilər gəlib məni saxladılar. Dedilər, narkotik götürməyə gəlmisən. Nə qədər izah etsəm də, inanmadılar”.
İlkin Cəfərov ifadəsində qeyd edib ki, saxlanıldıqdan sonra gözləri və əlləri bağlanaraq başqa əraziyə aparılıb. Orada torpaq üzərində çoxsaylı bağlamalar gördüyünü, narkotik maddənin həmin bağlamalarda olduğunu sonradan anladığını bildirib. O, həmçinin istintaq dövründə fiziki və psixoloji təzyiqlərə məruz qaldığını bildirməklə məhkəmədən bəraət istəyib.
Şahid qismində dindirilən Dövlət Sərhəd Xidmətinin əməkdaşları isə əks ifadə veriblər. Onlar bildiriblər ki, əvvəlcədən daxil olmuş əməliyyat məlumatı əsasında həmin ərazidə pusqu qurulub:
“İlkin Cəfərovun paltarlarını soyunaraq kanalı keçdiyini və geri qayıdarkən əlində torba olduğunu gördük. Ona “dayan” əmri verildi, xəbərdarlıq atəşi açıldı, lakin qaçmağa cəhd etdi. Saxlanılan zaman üzərində balıqçılıq avadanlığı yox idi”.
DSX əməkdaşları təqsirləndirilən şəxsin təzyiqə məruz qalması ilə bağlı iddiaları da təkzib ediblər.
Məhkəmə kollegiyası iş üzrə bütün ifadələri və təqdim olunmuş sübutları araşdıraraq belə qənaətə gəlib ki, İlkin Cəfərovun təqsirliliyi sübuta yetirilməyib. Qərara əsasən, ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirsiz hesab olunub, barəsində bəraət hökmü çıxarılıb və təxminən bir il yarım həbsdə saxlanıldıqdan sonra məhkəmə zalından azadlığa buraxılıb.
E.Məmmədəliyev,
Musavat.com