Ötən həftəsonu İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında ilk danışıqlar nəticəsiz bitdi. Tərəflər demək olar, öz mövqelərində qaldı. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib ki, İranla bir sıra məzmunlu müzakirələr aparılıb, lakin razılıq əldə olunmayıb. “Biz qırmızı xətlərimizin haradan keçdiyini, onlara doğru hansı addımları atmağa hazır olduğumuzu və nələrə hazır olmadığımızı mümkün qədər aydın şəkildə ifadə etdik. Onlar isə bizim şərtlərimizi qəbul etməməyi seçdilər”, - deyə o qeyd edib. İran nümayəndə heyətinin üzvlərindən biri isə deyib ki, ABŞ müharibədə ala bilmədiyini masada almaq istəyir.
Danışıqlar davam etdiriləcəkmi və harada, yoxsa böyük pauza dövrü başlayır? Müharibə qaldığı yerdən davam edə bilərmi? Ümumiyyətlə, vaxt hansı tərəfə işləyir?
Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, müharibə yorğunluq əmələ gətirib: “Ona görə də qısa zaman kəsiyində ABŞ-la İran arasında müharibənin yenidən başlayacağını ehtimalı yüksək deyil. Buna baxmayaraq, atəşkəs kövrəkdir, lokal toqquşmalar istisna deyil. Zaman hər bir tərəfin əleyhinə işləyir. Çünki tərəflər növbəti qarşıdurmaya hazırlaşacaqlar. Əslində, Pakistanın baş naziri Şahbaz Şərif və bu ölkənin digər rəsmiləri ABŞ və İran nümayəndələrinin İslamabadda müzakirələrdə nəticə əldə edəcəyinə ümidli idilər. Pakistan paytaxtında yüksək səviyyədə qarşılanan ABŞ və İran rəsmiləri üçün hər cür şərait yaradılmışdı. Ancaq tərəflər güzəştə getmədilər”.
Onun fikrincə, ABŞ və İranın bir-birlərinə təqdim etdikləri tələblər ətrafında ortaq məxrəc alınmadı: “Halbuki iki məsələ - uranın zənginləşdirilməsi və Hörmüz boğazıyla bağlı razılaşma əldə etmək mümkün olsaydı, digər məsələlərin razılaşdırılmaması böyük əhəmiyyət kəsb etməyəcək və digər bəndlər danışıqların sonrakı mərhələsinə saxlanılacaqdı. Ancaq İran əvvəlkitək uranın zənginləşdirilməsindən tamamil imtina etmək istəmir”.

Politoloq qeyd edib ki, müharibədən əvvəl beynəlxalq aləmin Hörmüz boğazının təhlükəsizliyi kimi problem yox idi: “Bu, müharibə dövründə və sonrasında yaranan problemdir. Tehran Hörmüz boğazına nəzarətdən imtina etmək istəmir. Tramp açıqlamalarında Hörmüz boğazının İranın nəzarətində olmasını onu maraqlandırmadığını, ölkəsinin kifayət qədər nefti və qazı olduğunu söyləsə də, boğazının açılması üçün müxtəlif addımlar atacağını bildirib. Demək, Hörmüz boğazının İranın nəzarətində qalması Trampı ciddi narahat edir. Çünki Hörmüz boğazındakı qeyri-sabit vəziyyət dünyada enerji daşıyıcılarının qiymətlərini qaldırıb, bu isə ABŞ vətəndaşlarının ciblərinə təsir edib. Belə olan halda ABŞ vətəndaşlarının qəzəbi Trampa yönəlib”.
E.Şahinoğlu bildirib ki, Pakistanda nəticənin əldə edilməməsi Pekin üçün yaxşı xəbər deyil:
“Çin ABŞ-la İran arasında atəşkəsin əsas memarıdır. Pakistanın xarici işlər naziri İshaq Dar çinli həmkarı Vanq Yi ilə 5 maddəlik plan irəli sürmüşdü. Bu atəşkəs, mülki infrastrukturun qorunması, Hörmüz boğazından gəmiçiliyin bərpası və BMT Nizamnaməsinə uyğun sülhün əldə olunmasıydı. Bunlardan yalnız atəşkəs qəbul olundu. Ancaq indiki atəşkəs də kövrəkdir. Yeni müharibə Çinin enerji daşıyıcılarına çıxışını yenə əngəlləyəcək. Görünür, Trampa bu lazımdır”.
Etibar Seyidağa,
Musavat.com