İsrailin Baş naziri Binyamin Netanyahunun hərbi katibi, general-mayor Roman Qofman “Mossad” kəşfiyyat xidmətinin direktoru vəzifəsinə təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
Məlumata görə, yüksəkvəzifəli şəxslərin təyin edilməsi üzrə məsləhət komitəsi Qofmanın namizədliyini təsdiqləyib. Komitənin qərarından sonra Netanyahu onu “Mossad”ın növbəti rəhbəri təyin edən sərəncam imzalayıb. Qeyd olunub ki, Qofman bu vəzifənin icrasına iyunun 2-də başlayacaq.
Roman Qofman 2026-cı ilin iyununda beş illik səlahiyyət müddəti başa çatan Devid Barneanı əvəz edəcək.
Qeyd edək ki, Qofman 1976-cı ildə Belarusun Mozır şəhərində anadan olub. 1990-cı ildə valideynləri ilə birlikdə İsrailə mühacirət edib. 1995-ci ildə zirehli qoşunlara çağırılıb, daha sonra zabit hazırlığını başa vuraraq diviziya səviyyəsinə qədər müxtəlif hərbi birləşmələrə komandanlıq edib.
2022-ci ildə Milli Quru Qoşunları Təlim Mərkəzinin rəhbəri, 2024-cü ilin may ayında isə Baş nazirin hərbi katibi vəzifəsinə təyin olunub.