RU

ADSEA sədri: "Dünyanın heç bir yerində bu cür ekstremal hallara tam hazırlıq görmək mümkün deyil"

Mart ayının sonlarında Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü yağışların yaratdığı problemlərin əsas səbəbləri açıqlanıb.

Bu barədə "Report"a müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov bildirib.

Onun sözlərinə görə, martın 27-28-də yağan yağışın həcmi 143 mm təşkil edib ki, bu da illik yağıntı normasının təxminən 60 %-nə bərabərdir:

"Bu o deməkdir ki, normalda 7 ay ərzində yağan yağış cəmi iki günə düşüb. Bu, son 100 ildə müşahidə olunmayan miqyasdır və fövqəladə vəziyyət kimi qiymətləndirilə bilər. Belə intensiv yağıntılar mövcud infrastruktur və relyef xüsusiyyətləri səbəbindən bəzi ərazilərdə su basmalara gətirib çıxarıb".

Z.Mikayılov bildirib ki, problemin səbəbləri yalnız iqlim faktorları ilə məhdudlaşmır:

"İqlim dəyişikliyi yağışların daha intensiv və qısa müddətdə yağmasına səbəb olur. Lakin mövcud kanalizasiya sistemləri belə həcmdə suyu qəbul etmək üçün nəzərdə tutulmayıb. Mövcud sistemlər 7 ay ərzində toplanmalı su həcmini iki gün ərzində qəbul etməli olub ki, bu da texniki baxımdan mümkün deyil.

ADSEA sədri əlavə edib ki, dünyanın heç bir yerində bu cür ekstremal hallara tam hazırlıq görmək mümkün deyil.

Onun sözlərinə görə, problemlərin yaranmasında köhnəlmiş infrastruktur və plansız urbanizasiya da mühüm rol oynayır:

"Problem yalnız infrastrukturun köhnəlməsilə bağlı deyil, buna urbanizasiya- şəhərin əhali baxımından yüklənməsi də təsir edir. Bəzi ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığı üçün fərdi nasoslardan istifadə olunur və bu da sistemə əlavə yük yaradır. Bu problemlərin aradan qaldırılması üçün Bakı və Abşeron yarımadasında su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsinə dair dövlət proqramı hazırlanıb. Proqram çərçivəsində kollektor sistemləri yenilənəcək və suların daha effektiv şəkildə idarə olunması təmin ediləcək".

Müsahibə ilə ətraflı bu link vasitəsilə tanış ola bilərsiniz.

Избранный
30
50
far.az

10Источники