Kəngərli rayon Mədəniyyət Sarayında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış əsgər İsmayıl Fəzayıl oğlu Yüzbaşyevin doğum gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər şəhid İsmayıl Yüzbaşyevin şərəfli həyat yolundan, onun Vətənə sonsuz sədaqətindən və döyüşlərdə göstərdiyi igidlik nümunələrindən bəhs ediblər. Bildirilib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbə xalqımızın qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biridir və bu Qələbə İsmayıl kimi igid oğulların fədakarlığı sayəsində mümkün olub.
Qeyd olunub ki, şəhid İsmayıl Yüzbaşyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Onun keçdiyi şərəfli döyüş yolu bu gün gənc nəslə əsl vətənpərvərlik nümunəsi kimi təqdim olunur.
Çıxış edənlər şəhidlərimizin xatirəsinin daim uca tutulmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb, onların qəhrəmanlığı ilə qürur duyduqlarını bildiriblər. Eyni zamanda qeyd olunub ki, şəhid ailələrinin göstərdiyi səbir və dözüm cəmiyyət üçün nümunədir.
Tədbirdə həmçinin şəhidin müəllimi və döyüş yoldaşı onun xarakterindən, mərdliyindən, döyüşlərdə göstərdiyi şücaətdən bəhs edərək xatirələrini bölüşüblər.
Şagirdlər tərəfindən şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib, daha sonra İsmayıl Yüzbaşyevin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib.
Sonda şəhidin ailə üzvü çıxış edərək dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Bəxtiyar Əliyev,
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi




