RU

Vladislav Qədirov: “Neftçi”nin azarkeşlərinə yazığım gəlir”

Cari mövsüm Adrian Mutunun rəhbərliyi altında uğursuz çıxışla yadda qalan "Neftçi” çox keçmədən yayda komandanın "sükanı” arxasına keçmiş rumıniyalı ilə yolları ayırdı. Əvəzində isə komanda daha bir əcnəbi məşqçiyə - Miodraq Bojoviçə tapşırıldı. Amma Bojoviçlə bağlı nə fikirlər, nə də ümidlər birmənalıdır. 

Elə "Neftçi”nin sabiq futbolçusu Vladislav Qədirov da yeni baş məşqçinin rəhbərliyi altında nəyəsə ümid etmir. Keçmiş klubunda baş verən dəyişikliklərlə bağlı mütəxəssis Qaynarinfo-ya açıqlama verib.

"Açığı, "Neftçi”nin nə etmək istədiyini anlaya bilmirəm. Məşqçiləri tez-tez dəyişdirmək yaxşı hal deyil. Mutudan əvvəlki məşqçi Laurentsiu Regekampfın da komandasında oyun görmədim. "Neftçi” ürəyimizdi, flaqmanımızdı. Amma bunu da etiraf etməliyik ki, "Qarabağ” ikiqat güclüdür. Həm də məşqçi planı yoxdur. Nə oyun var, nə də nəticə. Nə vaxt komanda yaxşı olacaq? Klubun azarkeşlərinə yazığım gəlir. Strategiyalarını anlamıram. Hər cür şəraitləri var, lakin oyun olaraq nə istədiklərini anlamaq çətindir. Mutudan əvvəl baş məşqçi Regekampf idi. "Turan Tovuz”a 0:4 hesabı ilə uduzduqdan sonra yazırdılar ki, guya bu məşqçini Rumıniya millisinə təyin etmək istəyirlər. İstəyirdilər, verərdilər, gedərdi. Onsuz da burada nəticəsi yox idi. "Turan Tovuz”a necə 0:4 uduza bilərsən? Demirəm, Tovuzlular pis komandadır. Ancaq sən flaqmansan axı”.

Qədirovun fikrinə görə, Mutunun göndərilməsi düzgün idi:

"Mutunu göndərməkdə düz etdilər. Çünki oyun görünmürdü. Taktika yox idi. Çempion olmaq istəyirlər, amma "Qarabağ” onları bir ayaqla udur. Bəs necə vuruşacaqsan? Elə etməlisən ki, səni çətinliklə uda bilsinlər. "Qarabağ”la rəqabət aparmaq olar, bunu etmirlər. "Araz-Naxçıvan” xoşuma gəldi, bu komandanın rəqiblərə başağırısı olacağını bilirdim. Hətta "Qəbələ” də yaxşı, cəsarətli oynayır. Sadəcə, heyətdən çox futbolçu getdi. Halbuki büdcələri "Neftçi”dən daha azdır. Həmçinin "Sumqayıt” haqda da eyni sözləri deyə bilərəm. Anlamıram, bunlar nə istəyirlər”.

Veteran futbolçu "Neftçi”nin yerli məşqçiyə tapşırılmasının daha yaxşı addım olacağını düşündüyünü bildirdi:

"Razıyam, yaxşı futbolçuların hamısı heç də yaxşı məşqçi ola bilməz. Fikrimcə, komanda yerli məşqçiyə tapşırılsa, daha yaxşı olardı. Hansı ki, 10 il əvvəllə müqayisədə Azərbaycanda indi normal mütəxəssislər var. Bojoviçi "Arsenal”dan tanıyırdım. Komanda yüksək liqada oynayanda orada işləyirdi. Üç-dörd dəfə məşqçi vəzifəsindən gedib-qayıdıb. Yerli məşqçilərə niyə güvənmirlər, anlamıram. Deyirlər ki, Bojoviç yaxşı, sistem məşqçisidir. Onda bəs biz, yəni yerli məşqçilər nədir? Dünya, Avropa çempionatlarında oynamışam. Necə yəni, biz futbolçularla davrana bilmirik? Sadəcə, başqa oyunlar gedir, bunu hər kəs bilir. Vətənimizdə o qədər işsiz məşqçilər var ki. Yerlilərə çatanda deyirlər ki, səviyyəsizdirlər. Normal klub veriblər bizə? Hamısının problemləri olub. Bojoviç 25 il müddətində 24 klubda işləyib (gülür). Yaxşı məşqçi idisə, niyə hər il bir klub dəyişib? Deməli, problemlər var. Burada sual ortaya çıxır, komandanı niyə belə məşqçiyə tapşırıblar? Normal məşqçidirsə, bir klubda ən azı dörd-beş il çalışardı. Qurban Qurbanov 15 ildir bir klubda işləyir”.

Mütəxəssis bu gedişlə "Neftçi”də heç nəyə ümid etmədiyini dedi:

"Bu gedişlə ümidlərim tükənir. Şablon danışmaq, "hər şey yaxşı olacaq” kimi fikirlər mənasızdır. Görün neçə ildir belədir. Regekampf, Mutu… Samir Abasovun dönəmində komanda vuruşurdu, mübarizə aparırdı. Düzdür, "Qarabağ”da klas yüksəkdir. Avropada çıxış ediblər, istər-istəməz təcrübə yığıblar. Amma buna baxmayaraq, "Neftçi” çempion oldu. Həmçinin "Sabah”. Aleksey Kaşuk vardı, əldən buraxdılar. Bir milyon istəyirdi, verərdiniz. Həmin pulu verdikləri digər futbolçular kimə lazımdır? Halbuki Kaşuk komandaya onların hamısından daha çox kömək edirdi”.

Səbuhi Həsənov
Избранный
344
50
qaynarinfo.az

10Источники