RU

Azərbaycan və Gürcüstan arasında münasibətlər daha da inkişaf edir

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2026-cı il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri regionda siyasi və iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər çərçivəsində iki ölkə arasında enerji, nəqliyyat və təhlükəsizlik sahələrində mövcud tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunur. Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığı Cənubi Qafqazda sabitliyin və qarşılıqlı maraqların təmin olunmasında vacib rol oynayır.Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazda iki müstəqil dövlət olaraq tarix boyu müəyyən dövrlərdə oxşar talelər yaşamış ölkələrdir:“Hər iki dövlət əvvəlcə Rusiya İmperiyasının tərkibində olub, 1918-1920-ci illərdə qısa müddət müstəqil fəaliyyət göstərib, daha sonra isə təxminən 70 il sovet hakimiyyəti altında qalıb. Nəhayət, 1991-ci ildə müstəqilliklərini bərpa edərək bu günə qədər gələn inkişaf yoluna qədəm qoyublar və regionun formalaşmasında mühüm rol oynayıblar.Müstəqilliyin ilk illərində Azərbaycan və Gürcüstan arasında münasibətlərdə müəyyən gərginliklər müşahidə olunurdu. Bu dövr Gürcüstanda Zviad Qamsaxurdianın prezidentliyi ilə xarakterizə olunurdu. Həmin illərdə Borçalı bölgəsində yaşayan azərbaycanlı soydaşlarımız üçün əlverişsiz şərait yaranmış, onların bir qismi həmin əraziləri tərk etmək məcburiyyətində qalmışdı. 1993-cü ildə Eduard Şevardnadzenin Gürcüstanda hakimiyyətə gəlməsi və Azərbaycanda Heydər Əliyevin prezidentliyi ilə iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoydu. Bu dövrdən etibarən dövlətlərarası əlaqələr sürətlə inkişaf etməyə başladı. Liderlər arasında formalaşan dostluq münasibətləri ölkələr arasındakı əməkdaşlığa da müsbət təsir göstərdi. Həmin illərdə hər iki ölkə ciddi iqtisadi çətinliklərlə üzləşsə də, Gürcüstanın vəziyyəti daha ağır idi. Azərbaycanın zəngin enerji resursları bu baxımdan mühüm rol oynadı. Azərbaycan tərəfindən göstərilən dəstək nəticəsində Gürcüstanın müstəqil dövlət kimi möhkəmlənməsi mümkün oldu. Gürcüstan rəsmiləri və politoloqlar da dəfələrlə qeyd ediblər ki, Azərbaycanın dəstəyi olmasaydı, ölkənin ayaqda qalması xeyli çətin olardı. Azərbaycan Gürcüstana enerji daşıyıcıları təqdim etməklə yanaşı, əsas tranzit və infrastruktur layihələrinin bu ölkə üzərindən həyata keçirilməsinə şərait yaratdı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi iri layihələr hər iki ölkə üçün böyük iqtisadi dividendlər gətirdi və qarşılıqlı asılılığı gücləndirdi. Bu layihələr eyni zamanda regionda strateji əməkdaşlığın əsas sütunlarından birinə çevrildi”.O bildirib ki, bu gün Azərbaycan və Gürcüstan arasında münasibətlər müsbət dinamika üzrə inkişaf edir:“Dövlət başçıları arasında mütəmadi görüşlər, qarşılıqlı səfərlər və əməkdaşlıq perspektivlərinin müzakirəsi bu əlaqələrin daha da dərinləşdiyini göstərir. Gürcüstan prezidentinin seçkidən sonra ilk səfərini Azərbaycana etməsi də Bakıya verilən önəmin bariz nümunəsidir. Eyni zamanda, həyata keçirilən nəqliyyat, logistika və enerji layihələrinin genişləndirilməsi planlaşdırılır. Bu layihələr yalnız iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün strateji əhəmiyyət daşıyır və iqtisadi imkanların genişlənməsinə şərait yaradır. Azərbaycan və Gürcüstan arasında münasibətlərin daha da inkişafı həm ikitərəfli əməkdaşlığı möhkəmləndirir, həm də regionda dayanıqlı sülh və sabitliyin təmin olunmasına mühüm töhfə verir. Gələcəkdə tranzit imkanlarının genişləndirilməsi və enerji layihələrinin artırılması bu əməkdaşlığın daha da güclənəcəyini göstərir”.Politoloq Zeynal Əmrəliyevin sözlərinə görə, Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin tarixi əhəmiyyəti çox böyükdür:“Yəni iki ölkə eyni inkişaf yolunu keçib və hər zaman qarşılıqlı şəkildə bir-birləri ilə münasibətlərin normal olmasına çalışıblar. Sevindirici haldır ki, bu münasibətlərin pozulmasına heç bir zaman nə Bakı, nə də Tbilisi imkan verməyib. Bu gün Azərbaycan və Gürcüstan arasında həm mehriban qonşuluq münasibətləri, həm də çox yaxın dostluq və strateji əlaqələr çox yüksək səviyyədədir. Xüsusilə enerji sektorunda iki ölkə arasında güclü şəkildə əməkdaşlıq var. Eyni zamanda Azərbaycan və Gürcüstan beynəlxalq münasibətlər sistemində bir neçə platformada tərəfdaş ölkə kimi birlikdə iştirak edirlər. Ən əsası isə hər iki ölkə çalışır ki, bir-birinin maraqlarını hər zaman müdafiə etsin”. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri bu xüsusda çox önəmlidir:“Dövlət başçısı Gürcüstanda çox önəmli görüşlər keçirdi və Gürcüstan tərəfindən olduqca yüksək səviyyədə qarşılandı. Onun həm ölkə prezidenti, həm baş nazirlə, həm də iqtidar partiyasının rəhbərliyi ilə keçirdiyi görüşlər zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin bundan sonrakı inkişaf mərhələləri geniş şəkildə müzakirə edildi. Gürcüstanda Azərbaycana çox böyük önəm verilir və Azərbaycan orada çox ciddi hörmətə malikdir. Heç də təsadüfi deyil ki, Gürcüstan parlament respublikasıdır və orada əsas fiqur Baş nazirdir. Azərbaycan dövlət başçısını şəxsən Gürcüstanın Baş naziri özü hava limanında yola saldı. Gürcüstan Xarici İşlər Nazirinin verdiyi bu bəyanat da, əlbəttə ki, ikitərəfli münasibətlərin bundan sonrakı inkişafına mühüm töhfə verəcək xüsusi addımdır”.Leyla Turan

Demokrat.azQeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
demokrat.az

1Источники