RU

Ermənistan cəmiyyəti ideoloji sınaq qarşısındadır

Ermənistanda 7 iyuna təyin edilmiş parlament seçkisi öncəsi yaşanan siyasi gərginlik ideologiyaların toqquşması müstəvisinə keçib. Baş nazir Nikol Paşinyanın "real Ermənistan" konsepsiyası ilə müxalifəti təmsil edən Robert Koçaryanın simvolizə etdiyi revanşist blok arasındakı mübarizə hakimiyyət davasından daha çox ölkənin gələcək mövcudluğu üzərində seçimə çevrilib. Bu mənada siyasi temperaturun pik həddə çatması daxili və regional təhlükəsizlik baxımından ciddi suallar doğurur. 

R.Koçaryanın seçki kampaniyası müharibə ritorikasına və qondarma ideologiyaların yenidən canlandırılmasına hesablanıb. Məsələn, Xocalı soyqırımının təşkilatçısı və iştirakçısı olmuş müharibə canisi iddia edir ki, Ermənistan böyük diaspora malikdir və ona görə də ölkə 29 min kvadrat kilometrlik ərazi ilə məhdudlaşmamalıdır. Baş nazir Nikol Paşinyan isə bu cür açıqlamaları təhlükəli hesab edir. Hökumət başçısının fikrincə, müxalif cinahın indiki sərhədlərlə kifayətlənməmək çağırışları və erməni lobbisinin ambisiyalarına söykənən ritorikası Ermənistanı yenidən qaçılmaz müharibə və regional fəlakət ssenarisi ilə üz-üzə qoyur: "Bu, qaçılmaz müharibə deməkdir". 

N.Paşinyan açıq şəkildə vurğulayır ki, Azərbaycan və Ermənistan arasında təhlükəsizliyin ən etibarlı qarantı sülhdür. Baş nazir delimitasiya və demarkasiya prosesini legitim sərhədlərin bərpası kimi təqdim edərək revanşistlərin gəlişinin Azərbaycan və Türkiyə ilə birbaşa qarşıdurma yaradacağını vurğulayır. Yəni özünü pis variantların içində "ən yaxşısı" kimi göstərməyə çalışır. Seçki kampaniyasını strateji tezislər üzərində quran hökumət başçısı erməni toplumunu seçim qarşısında qoyur: ya sülh yolu ilə dövlətçiliyi qorumaq, ya da xülyalar dalınca gedərək dövləti tamamilə itirmək. 

R.Koçaryanın namizədliyinin irəli sürülməsi müxalifətin vahid lider ətrafında birləşmək cəhdidir. Bu, həm də Ermənistanın xarici siyasət vektorunun yenidən Rusiyaya tərəf kəskin dönüşü deməkdir. Revanşist qüvvələrin Moskva ilə sıx təmasda olması sirr deyil. Kreml üçün Paşinyanın Qərbəmeyilli siyasəti və KTMT-dən uzaqlaşması qəbuledilməzdir. Bu mənada Koçaryan Moskvanın "təhlükəsizlik zəmanəti" vədini cəmiyyətə sırımağa çalışır. Xatırladaq ki, hazırda həbsdə olan, "Güclü Ermənistan" adlı partiyanın rəhbəri oliqarx Samvel Karapetyan da parlament seçkilərində iştirak etmək niyyətini açıqlamışdı. Amma Karapetyanın ikili vətəndaşlığı onun namizədliyinin önündə qanuni əngəl sayılır. O səbəbdən, Rusiyanın siyasi dəstəyi daha çox R.Koçaryan üzərində fokuslanır.

Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı qəzetimizə açıqlamasında Ermənistanda seçki öncəsi çox gərgin atmosferin olduğunu, gündəmin hər gün dəyişdiyini deyib. Alim vurğulayıb ki, Rusiyanın açıq dəstək verdiyi R.Koçaryan, S.Karapetyan və Qagik Tsarukyanın ətraflarına cəmlədikləri qüvvələrlə Paşinyan komandası arasında mübarizə şiddətlənir: "Bəzi antihakimiyyət qüvvələrin də gələcəkdə müxalif blokun yanında yer alacağı ehtimalı yüksəkdir. Keçmiş prezident Levon Ter-Petrosyanın rəhbəri olduğu Erməni Milli Konqresi də seçki marafonuna qoşulmağa hazırlaşır. Seçkilərdə iştirak etməyəcəyi qərarını elan edən sabiq rəhbər Serj Sarkisyanın partiyası da tərəfdarlarına müxalifəti dəstəkləməklə bağlı çağırışlar edib. Bütün bunlar göstərir ki, Paşinyan hakimiyyətinə qarşı geniş cəbhə açılıb. Amma müxalifətin təbliğatına baxmayaraq, erməni cəmiyyəti artıq sülh içərisində yaşamaq istəyir. Çünki 44 günlük müharibə və sonrakı proseslər ermənilərin gözünü elə qorxudub ki, artıq riskə getmək niyyətində deyillər. Ona görə də əksəriyyət Paşinyanı dəstəkləyəcək". 

Həmsöhbətimizin sözlərinə görə, baş nazir cəmiyyətə açıq xəbərdarlıq edib ki, revanşist qüvvələr hakimiyyətə gələrsə, sentyabrda müharibə qaçılmaz olacaq: "Erməni analitiklər bu fikri şərh edərkən ciddi arqumentlər gətirirlər. Ermənistan ictimaiyyəti fərqindədir ki, Rusiyameylli qüvvələr hakimiyyəti ələ keçirərsə, Qarabağ məsələsini yenidən gündəmə gətirəcək, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edəcəklər. Bu isə təbii olaraq, yeni gərginliyə yol açacaq və hərbi qarşıdurma qaçılmaz hala gələcək. Məhz bu ehtimal erməni seçicilərini qorxudur".

Q.Çaxmaqlı əlavə edib ki, kənar güclərin maliyyə dəstəyilə seçkiləri öz xeyirlərinə dəyişdirmək istəyənlər mövcud reallıqları və ermənilərin düşüncəsini gözardı edirlər: "Ermənistan küçələrində keçirilən anket-sorğular da göstərir ki, keçmiş rəhbərlərə, Kremlin layihələrinə nifrət get-gedə artmaqdadır. Məsələn, bu günlərdə Samvel Karapetyanın təbliğatını aparan maşın karvanı Cermuka səfər edərkən daşqalaq edilərək oradan qovulub. Yəqin ki, seçki dövründə bənzər hadisələr olacaq. O da həqiqətdir ki, Nikol Paşinyanın başını çəkdiyi siyasi qüvvələrin seçkidə 50 faizdən çox səs toplama ehtimalı yoxdur. Lakin seçkidə baryeri aşa biləcək yeni siyasi blokların ortaya çıxması da mümkündür. Ehtimal edilir ki, Ermənisanda koalisiya höküməti qurula bilər. Bu isə mövcud hakimiyyətin davamı deməkdir". 

Nəticə etibarı ilə Ermənistanda 7 iyun seçkiləri Cənubi Qafqazda davamlı sülhün taleyini müəyyən edəcək. Revanşist qüvvələr hakimiyyətə gələrsə, Azərbaycanla aparılan delimitasiya prosesinin dayandırılması və ya sazişlərdən imtina edilməsi ehtimalı yüksəkdir. Bu isə rəsmi Bakının öz təhlükəsizliyini təmin etmək üçün adekvat addımlar atmasına zəmin yarada bilər. 

İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Избранный
35
azerbaijan-news.az

1Источники