RU

Qara qızın dərdi... İnsan mənzərələri silsiləsindən

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Əlisəfdər HÜSEYNOV

Əsl adı Ülkər idi, amma bu ad heç kimin yadında qalmamışdı. Elə bil Tanrının özü belə onun adının unudulmasına hökm vermişdi. Onu küçədə, məktəbdə, həyətdə - hər yerdə eyni adla çağırırdılar - Qara qız. Dərisinin tünd rəngi azmış kimi, iri yanaqları, qadın bənizi üçün yöndəmsiz burnu, sallaq dodaqları vardı. Təbii ki, heç kim onu gözəl saymırdı və saya da bilməzdi - Ülkər də bunu uşaq yaşlarından bilirdi.

Böyüyüb qızlar bulağından su içən vaxtlarında səhərlər güzgünün qarşısına keçib növbəti dəfə özündə "nəsə" - təskinlik gətirən bir işartı, bir cizgi, bəlkə heç kimin görmədiyi gizli bir işıq axtarırdı. Amma güzgü hər dəfə eyni həqiqəti soyuq-soyuq üzünə çırpırdı:

- Nahaq əziyyət çəkirsən. Sən gözəl deyilsən.

Bu sözləri heç kim ona açıq deməmişdi, amma hər baxışdan axıb üstünə gəlir, bıçaq kimi ruhunu kəsib doğrayırdı. O, elə bu baxışların yükü altında böyümüşdü.

Dərsdən sonra həmyaşıdları bir-birinə sevgi məktubları ötürəndə, qızlar oğlanlarla pıçıldaşanda Qara qız çantasını götürüb sakitcə evə qayıdırdı. Elə bil yol qırağındakı ağaclar, otların arasından baş qaldıran rəngbərəng çiçəklər də onun yöndəmsiz zahiri görkəmindən bezmişdilər, yoxsa çiçəklər başlarını aşağı salmaz, yüngül mehdən belə nazla yellənən salxım söyüdlər onu görən kimi donub hərəkətsiz qalmazdılar. Hər halda ona belə gəlirdi. Yolunun üstünə çıxan uşaqlar isə öz şit atmacaları ilə onu sancmaqdan, hirsləndirməkdən ləzzət alırdılar:

- Yol verin, dünya gözəli Qara qız gəlir!

- Başını aşağı salıb üzünü niyə gizlədirsən? Yoxsa güzgüyə baxıb özündən qorxmusan?

Qulaqlarında bəlkə də hər gün -  hər axşam, hər səhər səslənən bu sözləri deyənlər vaxt keçdikcə böyüyüb yaşa dolur, səs tonları da boy-buxunları kimi dəyişirdi, amma bu andıra qalmış "Qara qız" kəlməsi  qara bir kabusa dönüb ondan əl çəkmirdi ki, çəkmirdi.

Ona gözəli bir ad qoymuşdular - Ülkər. Göy üzündə əbədi parlayan bir ulduzun adı idi. Amma bəxt  ulduzu sanki əbədi bir qaranlıqda ilim-ilim itib yox olmuşdu.

Gizlində qorxa-qorxa baxdığı güzgü isə ümid verən, ürəyinə təpər olan  heç nə demirdi. Onu çantasından  çıxarıb baxanda ürəyi sancırdı. Bilirdi ki, o güzgü yenə də zalım bir sükutla həqiqəti göstərəcək, sanki hansısa yad, uğursuz, köhnə bir ruh güzgüdəki əksinin gözlərinin içindən baxıb pıçıldayacaq:

- Bax, bu, sənsən. Qaçmağa yer yoxdur.

O, məktəbi bitirəndə artıq anlamışdı ki, dünya yalnız gözəlləri sevir, yalnız gözəl olanlar öndə gedir, gözəl olanlar seçilir, gözəl olanların adı çəkilir. O isə sanki hamının gözü qarşısında olan, amma heç kimin görmədiyi şəffaf bir varlıq idi.

Vaxt keçir, Ülkərin rəfiqələri bir-bir nişanlanır, ailə qurub oğul-uşaq sahibi olurdular, o isə mətbəxdə anasına kömək edir, inək sağır, tövlə təmizləyirdi. Başa düşürdü ki, bu, onun Allahın qələmi ilə yazılmış taleyidir və onu dəyişə bilən yeganə varlıq da elə Allahın özüdür. Batan adam xulas olmaq üçün saman çöpünə əl atdığı kimi, o da qəlbinin ən qaranlıq yerində işıldayan bu qığılcımın istisinə ümid edir, gözlərini məchul bir nöqtəyə dikib düşünürdü:

- Bəlkə kimsə var. Bəlkə...

Amma yox idi. Heç kim yox idi.

Qara qız beləcə qarıyır, onun aqibəti, taleyi barədə gümanlar, ehtimallar çöldə-bacada qeybət edən kənd arvadlarının dilindən düşmürdü:

- Yazığın taleyinə bax da. Evdə qalıb ata-anasına gözdağı oldu...

- Çöldəki qanqal da gül açdı, amma Qara qızın bəxti açılmadı...

- Hardan açılsın, aaz? Onun bəxt qapısını cadu-piti ilə qıfıllayıb elə bir quyuya atmayıblar ki, kimsə tapsın...

Ülkərin yeganə təskinliyi gecələr gördüyü yuxular idi. Yaxşı ki, o yuxular vardı - yalan da olsa şirin yuxular. O yuxularda Ülkər bəzən  özünü ağ gəlinlik paltarında görürdü. Bəzən tanımadığı bir oğlan  əlindən tutub onu harasa uzaqlara - nağıllar səltənətinə aparırdı və yuxuda Ülkər Allaha yalvarırdı ki, bu gördükləri həqiqət olsun. Amma səksəkə içində oyanıb gözlərini açanda yuxular toz kimi dağılıb gedirdi.

Bir gün Ülkər güzgünün qarşısında dayanıb sonuncu dəfə öz bənizinə uzun-uzadı baxdı. Hər şeydən yorulmuşdu - insanların baxışından, pıçıltılarından, öz kölgəsindən, tənhalığından...

Və o gecə yorğanı başına çəkib gizlincə xısıs-xısın ağladı.

lll

- A bala, poçtalyon deyəsən, çaşıb, bizə bir məktub gətirib, - anası mətbəxdə soğan soyan Ülkərə dedi. - Deyir, guya sənə çatacaq. Bax gör nə məsələdir.

Arvad zərfi masanın üstünə atıb çıxdı.

Ülkər ürəyinin döyüntüləri ilə eyni ahəngdə titrəyən barmaqları ilə zərfi götürüb açdı, içindəki kağızı çıxarıb oxudu:

"Əziz Ülkər,

Bu gün səni ilk dəfə gördüm. Sən düşündüyün qədər qara və yöndəmsiz deyilsən. Səni görən kimi elə bil ürəyimdə nəsə qırıldı. Aydın".

Gözləri doldu. Kağızı sığallaya-sığallaya "Mən inanırdım axı. İnanırdım ki, o var, gec-tez gələcək" - deyə pıçıldadı.

O gecə səhərə kimi yata bilmədi. İlk dəfə idi ki, özünü unudulmuş hiss etmirdi.

Sonra ikinci məktub gəldi...

Sonra üçüncü...

Dördüncü...

Hamısı səmimi ruhda yazılırdı və bu məktublarda yazılanlar Ülkərin illər boyu ürəyində özünə pıçıldadığı həqiqətlər idi. Nəhayət ki, onu başa düşən, onu anlayan, görən, az da olsa qiymətini verən  bir oğlan peyda olmuş, onun həyatına daxil olmuşdu. 

İndi onun səmimi söhbət etməyə, ürəyindən keçənləri bölüşməyə bir simsarı vardı - sadə, utancaq, təvazökar Aydın. Və Ülkər özünü inandırırdı ki, Aydın onun ruhunun qaranlıqda dustaq edilmiş işığını zülmətin caynağından xilas etmək   üçün Tanrı tərəfindən göndərilib.

- Mən bilirdim... sən mənim üçün varsan... sən həmişə var idin...

Hər dəfə növbəti məktubu səliqə ilə balaca karton qutuya qoyanda bu sözləri pıçıldayırdı.

Tezliklə bu məktub əhvalatı bütün kəndə yayıldı və gözlənilməz xəbərə inanmayanlar inananlardan qat-qat çox oldu. Cavan gəlinlər, ərlik qızlar bu barədə söz düşəndə şit-şit gülüşür, qeybətcil arvadlar isə xısın-xısın pıçıldaşıb min cür versiya quraşdırırdılar: "Az, bunun qaradinməzliyinə baxma ey, gör canında nələr varmış. Allah bilir nə vaxtdan xosunlaşırmış"; "Bəs eşitməmisən ki, suyun lal axanı, adamın yerə baxanı"; "Bir də gördün qoşulub qaçdı o gədəyə. Ona nə var ey!"; "Eh, vaxtında çolaq-molağın, yetim-yesirin birinə verib başlarından rədd eləsəydilər, belə olmazdı"...

Anası əvvəllər bu məktublara "Yəqin qonşu kəndlərə, rayon mərkəzinə gəlin köçən köhnə sinif yoldaşlarındandır" - deyə o qədər də əhəmiyyət vermirdi. Amma söz-söhbət çoxaldıqca narahat olmağa başladı: "Birdən camaatın dediyi düz olar, qız bizi kənddə rüsvay eləyər ey".

Ülkərin anası kənd məktəbində ibtidai sinif müəlliməsi işləmişdi, azdan-çoxdan camaat arasında hörməti vardı. İndi o hörməti bircə anın içindəcə itirmək qorxusu  qəfildən varlığına necə hakim kəsildisə bədənini soyuq tər basdı, sifəti alışıb-yanmağa başladı. Ülkər bulağa su gətirməyə gedəndə işin əslində nə yerdə olduğunu bilmək üçün qızın yatdığı otağa girib həmin məktubları axtarmağa başladı. Nəhayət, köhnə şkafın dolabında çit parçaya bükülmüş qutunu tapdı. Məktublardan birini götürüb içindəki kağızı tələsik oxuyanda gözləri bərəldi. Sonra ikinci, üçüncü məktubu götürdü və daha mükəmməl şəkildə bərəlmiş gözləri yaşardı, taqətsiz halda elə şkafın qabağındaca yerə çökməyi ilə sinəsindən qopan "Yazıq balam" iniltisinin həzin hönkürtüyə çevrilməsi bir oldu və anasının göz yaşları sel kimi həmin məktubların üstünə töküldü...

Məktubların hamısı Ülkərin öz əli ilə yazılmışdı...

- Yazıq qızım... - anası sızıldadı. - Sənə sevgi vermədilər... Sən özün özünə bir sevgi yaratmaq istədin.

Qəfildən qapı açıldı və anası geri çevriləndə kandarda dayanmış Ülkəri gördü. Əlində bir az bundan əvvəl aldığı növbəti zərfi tutmuşdu, üzündə uydurduğu Aydın adlı həmin oğlanın adından yazdığı o məktubun - xəyalında yaratdığı sevginin sevinci donub qalmışdı.

Sirrinin faş olduğunu biləndə Ülkərin barmaqları boşaldı və zərf yerə düşdü. Dizləri bükülüb yerə gəldi və Ülkər dizləri üstü yeriyə-yeriyə anasına çatanda hönkürüb arvadın boynunu qucaqladı.

Ana-bala göz yaşları bir-birinə qarışdı.

Arada hıçqırıqlar içində Ülkərin səsi gəlirdi:

- Ana.., ana.., ay ana...

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
61
525.az

1Источники