RU

“Neftçi” apreldən üzüağ çıxsa, avrokuboklara düşəcək! 

Qışaqədərki, Samir Abasov dönəminə təsadüf edən çoxlu xal itkisindən sonra futbol ictimaiyyətinin əksər təbəqələri “Neftçi”ni avrokuboklara vəsiqə uğrunda mübarizədən silmişdi. Hətta Yuri Vernidubun gəlişindən sonra komanda nə qədər yaxşı oyun və nəticə ilə yadda qalsa da, avrokuboklara getməyin mümkünsüzə yaxın olduğu deyilirdi. Amma indi vəziyyət dəyişib. “Neftçi” “Şamaxı”, “Sumqayıt”, “Araz-Naxçıvan”ı turnir cədvəlində qabaqlayıb, “Zirə” ilə xal fərqini 3-ə endirib. 

Vernidub gələndən sonra “Neftçi”ni 11 oyuna çıxarıb: 7 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət. Meydandan xalsız ayrıldıqları yeganə oyun hazırda 3-cü pillədə qərarlaşan, kubokda dörd yarımfinalçıdan biri “Turan Tovuz”la olub. “Ağ-qaralar” Qərb təmsilçisinə məğlub olandan sonra onlar üçün “avrokubok şansı bitdi” deyənlər də az deyildi. 

Paytaxt təmsilçisi həmin məğlubiyyətdən sonra “Qəbələ”, “Kəpəz”, “Sumqayıt” üzərində vacib qələbələr qazandı və birbaşa avrokubok mübarizəsinin içindədi. Artıq mövsümün həlledici məqamı çatıb. Digər komandalar kimi “Neftçi”nin aprel təqvimi ağırdı.

Ölkənin ən yaşlı komandası növbəti turda “Araz-Naxçıvan”ı qəbul edəcək, ardından “Zirə”nin qonağı olacaq. Komandanın qələbə sayı 11-di. 2-ci dövrədə 4:0 məğlub etdikləri “Araz-Naxçıvan”dan doğma azarkeşləri önündə də 3 xal almağı bacarsalar, ağır “Sabah” səfərindən qayıdan “Zirə”ni də məğlub etmələri real görünür. Bu mövsüm heç bir 90 dəqiqədə “qartallar”a uduzmayan “Neftçi” qələbə sayında da əsas rəqiblərini üstələyə bilər. 
Daha sonra “Qarabağ”la ardıcıl iki oyun var. Bu oyunların birində “Neftçi” məğlub olmasa, hətta 3 xal qazana bilsə, elitaya düşməsi rəsmiləşməyə doğru gedən “Karvan-Yevlax”a da acı məğlubiyyət yaşada bilər. Son üç rəqib isə “Şamaxı”, “Sabah” və “Kəpəz” olacaq. 

“Neftçi”, nəhayət, iki mövsüm sonra avrokubokların astanasındadı. Hər şey bakılıların əlindədi. “Ağ-qaralar” apreldən üzüağ çıxsalar, həsrət başa çatacaq, avrokuboklara yollanacaqlar.

Amma bir vacib məqamı unutmayaq. “Neftçi” 4-cü olsa belə, avrokuboklara qatılması üçün kuboku “Zirə” qazanmamalıdı. Əks halda birbaşa Avropa Liqasına məhz Rəşad Sadıqovun komandası yollanacaq. Bu “Zirə” üçün çətin olsa da, mümkündü. Yarımfinalın ilk oyunundan böyük üstünlüklə ayrılıblar. İki dəfə finalda oynayıblar, təcrübələri var. Həm də final lotereyadı - istənilən komanda istənilən rəqibi məğlub edə bilər. Uzaqa getməyək, ötən mövsüm finalın favoriti “Qarabağ” idi, amma mövsümü 5-ci yerdə bitirən “Sabah” kuboku qazandı.

Əslində “Neftçi”nin mövsümü 3-cü yerdə başa vurub, “bütün ipləri öz əlində saxlamaq” ehtimalı da var. Amma 7 oyuna “Turan Tovuz”la 9 xallıq fərqi “əritmək” çox-çox çətindi. Nəzərə alaq ki, “ağ-qaralar”la “bozqurd”un şəxsi oyunu da yoxdu. 
Əlqərəz, “Neftçi”nin avrokuboklara qatılmaq şansı var, həm də yüksəkdi. Qalır hər oyunda qələbə qazanmaq, “Neftçi” formasının, loqosunun dəyərini başa düşmək, vuruşmaq!

MÜZƏFFƏR QULUZADƏ

Избранный
8
1
football-plus.az

2Источники