İranın ABŞ ilə planlaşdırılan danışıqlara qatılması növbəti dəfə təxirə salınıb.
Musavat.com xəbər verir ki, buna səbəb kimi İsrailin Livana qarşı davam edən hərbi əməliyyatları göstərilir.
İran dövlət televiziyası olan "Press TV"nin adı açıqlanmayan mənbəyə istinadən yaydığı məlumata görə, Tehran İslamabadda keçirilməsi planlaşdırılan görüşlər üçün nümayəndə heyətinin səfərini bir neçə dəfə ertələyib. Mənbə bildirir ki, Livana qarşı hücumlar davam edəcəyi təqdirdə, İran ABŞ-la danışıqları tamamilə dayandıra bilər.
Eyni zamanda qeyd olunur ki, rəsmi Tehran bu mövqeyini Vaşinqtona da çatdırıb. Bildirilib ki, Beyruta qarşı bombardmanların yenidən intensivləşməsi halında diplomatik təmaslar tam şəkildə kəsilə bilər.
Məlumata görə, İran tərəfi Livandakı vəziyyəti regional sabitlik üçün əsas təhlükə hesab edir və danışıqların taleyini birbaşa bu proseslə əlaqələndirir.
Musavat.com