RU

“Narkoman üçün nə ailə, nə vicdan, nə də məsuliyyət anlayışı qalır”- Zenfira Mustafayeva

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva narkomaniyanın ailə və cəmiyyətə təsirləri ilə bağlı fikirlərini QHT.az-a  açıqlayıb.

O bildirib ki, narkotik asılılığı ailə institutuna ciddi zərbə vurur və sosial problemlərin dərinləşməsinə səbəb olur:

“Əslində mən bu təklifi çoxdan gözləyirdim. Gənc ailələrin dağılmasına, sağlam olmayan uşaqların dünyaya gəlməsinə səbəb olan narkoman ata və bəzən analar həm öz ailələri, həm də cəmiyyət üçün təhlükə yaradırlar. Çünki narkotik mərkəzi sinir sisteminə təsir edərək fiziki və psixoloji asılılıq yaradır. Beyni dumanlandırır, orqanizmi məhv edir.”

O, narkomaniyanın insan davranışına təsirindən də danışıb:

“Narkoman üçün müqəddəs heç nə olmur. Onun üçün nə ailə, nə valideyn, nə vicdan, nə məsuliyyət anlayışı qalır. Sonda çoxları cinayətkarlığa da yönəlirlər.”

Zenfira Mustafayeva qeyd edib ki, narkotik istifadəçiləri arasında yoluxucu xəstəliklər riski də yüksəkdir:

“Narkotik istifadəçilərinin əksəriyyəti HİV virusunun daşıyıcısı və QİÇS xəstələri olurlar. Bu da ağır xəstəliklərin yayılmasına səbəb olur və narkoman öz partnyorunu da risk altına salır.”

O, şəxsi müşahidələrindən də bəhs edib:

“Mən onların çoxunun ailəsində olmuşam. Dəhşətli mənzərənin şahidi olurdum: hər şeyin satıldığı boş ev, boz divarlar, qorxudan küncə qısılmış ana və uşaqlar. Narkomanın isə ağrıdan qıvrılan, kölgəyə bənzər görkəmi.”

Mustafayeva ölkədə narkomaniyaya qarşı mübarizənin aparıldığını, lakin problemin tam aradan qalxmadığını da vurğulayıb:

“Ölkəmizdə daima narkotiklə mübarizə aparılır. Lakin buna baxmayaraq, narkotacirlər yollar taparaq gəncləri zəhərləyə bilirlər.”

O, nikah öncəsi tibbi müayinələrlə bağlı məsələyə də toxunub:

“Əslində nikaha girənlərin məcburi tibbi yoxlamadan keçməsi qanunvericilikdə nəzərdə tutulub. Amma bəzi hallarda testlər hər şeyi tam göstərmir. Ona görə də daha geniş və kompleks yanaşma olmalıdır.”

Zenfira Mustafayeva sonda ailə qurmazdan əvvəl araşdırmanın vacibliyini vurğulayıb:

“Ailə qurmazdan əvvəl qarşı tərəf haqqında qonşulardan, qohumlardan, yaxınlardan məlumat toplamaq, hərtərəfli öyrəndikdən sonra qərar vermək lazımdır. Tələsik və məlumatsız ailə qurmaq sonda faciələrə səbəb ola bilər.”

Zəhra Ağayeva

Избранный
20
qht.az

1Источники