RU

ABŞ-İran danışıqları nə ilə nəticələnəcək? – YENİ VERSİYA

ABŞ və İran arasında uzun müddətdir davam edən gərgin münasibətlərin fonunda növbəti mümkün danışıqlar raundu beynəlxalq diqqət mərkəzinə çevrilib. Cey Di Vens rəhbərliyi ilə ABŞ nümayəndə heyətinin İslamabad şəhərində İran tərəfi ilə görüş ehtimalı regionda siyasi və təhlükəsizlik balansına təsir göstərə biləcək mühüm hadisə kimi qiymətləndirilir. Tərəflərin qarşılıqlı tələbləri, xüsusilə nüvə proqramı, sanksiyalar və regional təsir dairəsi ilə bağlı fikir ayrılıqları danışıqların gündəliyini daha da mürəkkəbləşdirir.

Bəs bu görüşdə hansı əsas məsələlər müzakirə olunacaq və tərəflər ortaq məxrəcə gələ biləcəklərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, tərəflərin danışıqlara hansı mövqedən yanaşması əsas müəyyənedici amildir.

Politoloq

“ABŞ daha əvvəl 15 maddəlik tələblər paketi irəli sürüb, İran isə buna cavab olaraq 10 bəndlik təklif təqdim edib. Hətta İranın təqdim etdiyi sənədin ingilis və fars versiyaları arasında müəyyən fərqlərin olduğu da qeyd olunur. ABŞ-ın ilkin mərhələdə bu sənədi qəbul etmədiyi, lakin sonradan yenidən müzakirələrin mümkün olduğu bildirilir.

Danışıqlar baş tutarsa, hər iki tərəfin təklifləri masa üzərinə qoyulacaq və əsas müzakirələr strateji məsələlər ətrafında cəmləşəcək. Bu çərçivədə xüsusilə Hörmüz boğazının statusu və nəzarəti əsas mübahisə mövzularından biri olacaq. Tərəflər arasında bu mühüm enerji dəhlizinə kimin və necə nəzarət edəcəyi, nəzarətin birgə olub-olmayacağı kimi məsələlər müzakirə oluna bilər.

Digər əsas mövzu isə İranın nüvə proqramıdır. ABŞ və onun müttəfiqi İsrail üçün bu məsələ prinsipial əhəmiyyət daşıyır. Vaşinqton Tehrandan nüvə və raket proqramlarının məhdudlaşdırılmasını, eləcə də regiondakı proksi qüvvələrə dəstəyin dayandırılmasını tələb edir. İran isə öz növbəsində tətbiq edilən sanksiyaların ləğvini və iqtisadi itkilərə görə kompensasiya ödənilməsini gündəmə gətirir”.

Əli Mustafanın sözlərinə görə, tərəflər arasında fikir ayrılıqları yalnız bu məsələlərlə məhdudlaşmır.

“ABŞ-ın İran daxilində siyasi dəyişikliklərdə maraqlı olduğu da iddialar sırasındadır. Eyni zamanda, regionda gərginliyin azaldılması kontekstində Livan məsələsi də gündəmə gəlib. İlkin razılaşma layihəsində Livana qarşı hücumların dayandırılması bəndinin olduğu, lakin İsrailin buna razılıq vermədiyi bildirilir.

Daha sonra ABŞ bu məsələnin razılaşmadan çıxarıldığını bəyan edib, İran isə bu halda danışıqlara qatılmaqdan imtina edə biləcəyini açıqlayıb.

Bununla yanaşı, görüşün vaxtı və keçirilib-keçirilməyəcəyi ilə bağlı da ziddiyyətli məlumatlar mövcuddur. İran nümayəndə heyətinin artıq Pakistanda olduğu iddia edilsə də, rəsmi mənbələr bunu təsdiqləmir”.

Ekspert hesab edir ki, danışıqların baş tutma ehtimalı olsa da, uğursuzluq riski də kifayət qədər yüksəkdir. Hər iki tərəf öz şərtlərində israrlı mövqe nümayiş etdirir və hansı məsələlərin müzakirəyə çıxarılacağına yalnız tərəflərin özü qərar verəcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
21
50
konkret.az

10Источники