RU

Qazaxıstan Rusiyanı taxıl bazarından çıxardır?

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev bugünlərdə Cənubi Qafqaza səfəri çərçivəsində Gürcüstanda, Azərbaycanda və nəhayət, Ermənistanda olub.

Nümayəndə heyətinin tərkibinə, həmçinin Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev daxil idi. 

Y.Koşerbayev və N.Sauranbayev səfər zamanı müvafiq qurumlarla danışıqlar aparıblar. Xatırladaq ki, Qazaxıstan Gürcüstanın əsas taxıl tədarükçülərindən biridir və bu ticarət Xəzər dənizi (Aktau/Kurık limanları) və Azərbaycan ərazisindən keçən dəmir yolu marşrutu vasitəsilə həyata keçirilir. 

Gürcüstan öz taxıl tələbatının çox hissəsini, əsasən, Rusiya və Qazaxıstandan idxal edir. Gürcüstan illik taxıl istehlakının 80-85%-ni idxal hesabına ödəyir ki, bu da Qazaxıstan taxılını region üçün mühüm edir. 

Azərbaycanın da taxıl idxalında Qazaxıstan əsas ölkələrdən biridir. Son vaxtlar Qazaxıstan Azərbaycan üzərindən Ermənistana taxıl tədarük edir. Son günlər adıçəkilən ölkələrlə Qazaxıstan arasında aparılan danışıqlar taxıl bazarında həmin ölkənin rolunun artması ehtimalını yaradır. 

Qazaxıstanın məqsədi idxalçı ölkələrə taxıl tədarükünü artırmaq və Rusiyanı taxıl bazarından çıxarmaqdırmı? 

Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, Qazaxıstan xarici işlər nazirinin region ölkələrinə ardıcıl səfərləriilk növbədə iqtisadi və logistika əməkdaşlığının gücləndirilməsinə hesablanıb: 

“Xüsusilə Orta Dəhliz üzərindən ticarət marşrutlarının inkişafı fonunda bu cür danışıqlar taxıl və digər kənd təsərrüfatı məhsullarının daşınması üçün yeni imkanlar yarada bilər. Azərbaycan bu prosesdə tranzit ölkə kimi mühüm rol oynayır və infrastruktur baxımından belə daşımaların həcminin artmasına şərait mövcuddur. 

Eyni zamanda, Gürcüstan və Ermənistan bazarları da Qazaxıstan üçün alternativ ixrac istiqamətləri kimi maraq doğura bilər. Bu baxımdan, aparılan danışıqlar, xüsusilə də logistika xərcləri optimallaşdırılarsa və ticarət prosedurları sadələşdirilərsə, müəyyən dərəcədə həmin ölkələrə taxıl idxalının artmasına səbəb ola bilər”. 

Ekspertin sözlərinə görə, bununla belə, Qazaxıstanın məqsədinin Rusiyanı buğda bazarından sıxışdırmaq olduğu fikri bir qədər şişirdilmiş görünür: 

“Çünki 2025-ci il göstəricilərinə görə, Rusiya təxminən 41 milyon ton, Qazaxıstan isə cəmi 10 milyon tona qədər buğda ixrac edib. Bəzi illərdə Rusiya 55-60 milyon ton buğda ixrac edib. Daha real yanaşma ondan ibarətdir ki, Qazaxıstan mövcud geosiyasi və iqtisadi şəraitdən istifadə edərək öz ixrac marşrutlarını şaxələndirmək, yeni bazarlara çıxış əldə etmək və riskləri azaltmaq istəyir. 

Bu isə rəqabəti artıra bilər, amma birbaşa hansısa ölkəni bazardan çıxarmaq strategiyası kimi qiymətləndirilməməlidir”. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

Açar sözlər:

taxıl Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
1
cebheinfo.az

2Источники