RU

Sumqayıtda yanğın təhlükəli mağazanın fəaliyyəti dayandırılıb

Bakı, 10 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, 43-cü məhəllə ünvanında yerləşən “Tinderyol Baku” geyim mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Məlum olub ki, mağazada elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb. Obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib. Yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib edilməyib və obyekt köçürmə çıxışları ilə təmin olunmayıb. Həmçinin

yanğınxəbərverici siqnalizasiya sisteminin sazlığı barədə sınaq protokolu təqdim edilməyib. Eyni zamanda, obyektdə yanğın su hovuzunun mövcud olmadığı, mağazanın daxilində yanan əşyaların pərakəndə şəkildə saxlanıldığı aşkarlanıb. Eləcə də müəyyən edilib ki, mövcud havalandırma sisteminin istismara yararlılığı barədə müvafiq sənədlər təqdim olunmayıb. Obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Qanuna uyğun olaraq sığorta edilməyib. Obyektin istismarının Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılması barədə sənəd təqdim olunmayıb.

“Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Sumqayıt şəhəri, 43-cü məhəllə ünvanında yerləşən “Tinderyol Baku” geyim mağazasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, - deyə məlumatda vurğulanıb.

 

Избранный
2
7
azertag.az

10Источники