Deputat Müşfiq Məmmədli parlamentin iclasında çıxış edərək bir sıra sensasion faktlara diqqət çəkib.
Musavat.com-un xəbərinə görə, deputat deyib ki, müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-1-ci maddəsinə dəyişikliklər layihəsi hüquqi baxımdan mühüm və zəruri addımdır:
“Xüsusilə “dövlətə məxsus hüquqi şəxslər” anlayışının genişləndirilməsi, dövlət payı olan qurumların (xüsusən Publik hüquqi şəxslərin) da məsuliyyət dairəsinə daxil edilməsi müasir idarəetmə prinsiplərinə uyğun yanaşmadır. Lakin layihəyə əlavə olunan 3-cü bənd - yəni bu əməli ilk dəfə törətmiş şəxsin vurduğu ziyanı tam ödədiyi halda cinayət məsuliyyətindən azad olunması məsələsi - daha ciddi və prinsipial yanaşma tələb edir”.

Deputat qeyd edib ki, burada söhbət sıradan hüquq pozuntusundan deyil, dövlət büdcə vəsaitinin sərəncamçısı olan vəzifəli şəxslərdən gedir:
“Bu şəxslər dövlətin onlara göstərdiyi etimadı daşıyır, ictimai resursları idarə edir və cəmiyyət qarşısında xüsusi məsuliyyət daşıyırlar. Bu baxımdan “ziyanı ödə və məsuliyyətdən azad ol” yanaşması kifayət etmir. Praktika göstərir ki, bu norma sui-istifadə üçün zəmin yaradır”.
Müşfiq Məmmədli ardınca bunları söyləyib:
“İcazə verin, konkret faktlara diqqətinizi yönəldim. Birinci fakt: Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarının - PHŞ-nin sabiq direktoru CM-nin 179.3.2 “külli miqdar mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə 2025 ci ildə ittiham olunub, mənimsədiyi vəsaitin bir hissəsini geri qaytardığı üçün şərti cəza alıb. Lakin bu gün həmin şəxs özəl sektorda - Batıgöz klinikasında və bir neçə özəl klinikada baş həkim və digər məsul vəzifələrdə fəaliyyət göstərib.
İkinci fakt: Sumqayıt Tibb Mərkəzinin sabiq direktoru barəsində CM-nin 179.3.2 (külli miqdar mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (“ (vəzifə saxtakarlığı) maddələri ilə 2023-cü ildə cinayət işi aparılıb. Lakin təyinatdan kənar istifadə olunub (və yaxud mənimsənilmiş vəsaitin) ödənilməsi əsası ilə həmin şəxs cinayət məsuliyyətindən azad edilib. Daha sonra isə o, 2024-cü ildə əvvəlcə TƏBİB-də icraçı direktorun müşaviri, daha sonra Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın (400 mindən artıq əhalisi olan rayonun) direktoru vəzifəsinə təyin olunib.
Haşiyə çıxaraq söyləyim ki, əslində səhiyyə islahatlarının avanqardı və müasir korporativ idarəetmə modelinə örnək olan TƏBİB-in idarəetməsində bir qədər öncə yaranan problemin kökünü bu cür məsələlərdə və bu cür şəxslərdə axtarmaq lazımdır”.
Deputatın sözlərinə görə, bu faktlar açıq şəkildə göstərir ki, mövcud yanaşma real həyatda ciddi problemlərə səbəb olur:
“Əgər bir şəxs dövlət vəsaitini mənimsəyir, sonra onu geri qaytarır və heç nə olmamış kimi yenidən rəhbər vəzifələrə gələrsə, o zaman bu, sadəcə hüquqi məsələ deyil. Bu, ictimai etimad məsələsidir. Bu, dövlət idarəçiliyinin nüfuz məsələsidir.
Məhz buna görə hesab edirəm ki, Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin qeyd hissəsinə əlavə olunacaq 3-cü bənd bu şəkildə tamamlana bilər.
Mən aşağıdakı korreksiyanı təklif edirəm:
“Bu maddə üzrə əməli törətmiş və dövlət büdcə vəsaitinin sərəncamçısı olmuş şəxs, zərəri ödəməsindən asılı olmayaraq, gələcəkdə dövlət və özəl sektorda rəhbər vəzifə tutmaq hüququndan məhrum edilir”.
Deputat qeyd edib ki, bu təklif cəzanı sərtləşdirmək məqsədi daşımır:
“Bu, idarəetmə sistemində sağlamlaşdırıcı və profilaktik mexanizmin yaradılmasıdır. Biz dövlət vəsaitinə münasibətdə sıfır tolerantlıq nümayiş etdirməliyik, vəzifəli şəxslər üçün daha yüksək etik və hüquqi standart müəyyən etməliyik, ən əsası, bu cür halların təkrarlanmasının qarşısını almalıyıq.
Qanun layihəsini dəstəkləyirəm və həmkarlarımı da dəstəkləməyə çağırıram”.
E.Paşasoy,
Musavat.com