ain.az, Apa.az portalına istinadən məlumat verir.
Haqqında cinayət işi açılan ziyanı ödəyəndən sonra TƏBİB-də icraçı direktorun müşaviri oldu, TƏBİB-in idarəetməsində problemin kökünü bu cür şəxslərdə axtarmaq lazımdır.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Müşfiq Məmmədli bildirib.
Deputat deyib ki, “ziyanı ödə və məsuliyyətdən azad ol” yanaşması kifayət etmir və praktika göstərir ki, bu norma sui-istifadə üçün zəmin yaradır. Müşfiq Məmmədli konkret faktlara diqqət çəkib: “Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarının-PHŞ-nin sabiq direktoru Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdar mənimsəmə) və 313-cü (vəzifə saxtakarlıgı) maddələri ilə 2025-ci ildə ittiham olunub, mənimsədiyi vəsaitin bir hissəsini geri qaytardığı üçün şərti cəza alıb. Lakin bu gün həmin şəxs özəl sektorda “Batıgöz” klinikasında və bir necə özəl klinikada baş həkim və digər məsul vəzifələrdə fəaliyyət göstərir. Digər bir fakt odur ki, Sumqayıt Tibb Mərkəzinin sabiq direktoru barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdar mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlıgı) maddələri ilə 2023-cü ildə cinayət işi aparılıb. Lakin təyinatdan kənar istifadə olunmuş (və yaxud mənimsənilmiş vəsaitin) ödənilməsi əsası ilə həmin şəxs cinayət məsuliyyətindən azad edilib. Daha sonra isə o, 2024-cü ildə əvvəlcə TƏBİB-də icraçı direktorun müşaviri, daha sonra isə Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın (400 mindən artıq əhalisi olan rayonun) direktoru vəzifəsinə təyin olunub. Haşiyəyə çıxaraq söyləyim ki, əslində səhiyyə islahatlarının avanqardı və müasir korporativ idarəetmə modelinə örnək olan TƏBİB-in idarəetməsində bir qədər öncə yaranan problemin kökünü, bu cür məsələlərdə və bu cür şəxslərdə axtarmaq lazımdır. Bu faktlar açıq şəkildə göstərir ki, mövcud yanaşma real həyatda ciddi problemlərə səbəb olur. Bu, sadəcə hüquqi məsələ deyil. Bu, ictimai etimad məsələsidir. Bu, dövlət idarəçiliyinin nüfuz məsələsidir”.
Müşfiq Məmmədli qeyd edib ki, məhz buna görə Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin qeyd hissəsinə 3-cü bənd əlavə etmək lazımdır: “Qeyd edilməlidir ki, bu maddə üzrə əməli törətmiş və dövlət büdcə vəsaitinin sərəncamçısı olmuş şəxs, zərəri ödəməsindən asılı olmayaraq, gələcəkdə dövlət və özəl sektorda rəhbər vəzifə tutmaq hüququndan məhrum edilir. Bu təklif cəzanı sərtləşdirmək məqsədi daşımır. Bu, idarəetmə sistemində sağlamlaşdırıcı və profilaktik mexanizmin yaradılmasıdır. Dövlət vəsaitinə münasibətdə sıfır tolerantlıq nümayiş etdirməli, vəzifəli şəxslər üçün daha yüksək etik və hüquqi standart müəyyən etməli, və ən əsası, bu cür halların təkrarlanmasının qarşısını almalıyıq”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.