Macarıstanın baş naziri Viktor Orban ölkədəki siyasi vəziyyətlə bağlı xalqa müraciətində sərt ittihamlar səsləndirib.
Publika.az TASS-a istinadən xəbər verir ki, hökumət başçısı müxalifətin aprelin 12-nə planlaşdırılan parlament seçkilərinin nəticələrini hər vəclə şübhə altına almağa çalışdığını bildirib.
Orbanın sözlərinə görə, hökumət əleyhdarları hakimiyyəti ələ keçirmək üçün bütün vasitələrə əl atırlar: “Bizim rəqiblərimiz hakimiyyətə gəlmək üçün heç nədən çəkinmirlər. Onlar xarici kəşfiyyat xidmətləri ilə işbirliyi qurur, tərəfdarlarımızı repressiyalarla hədələyirlər. Hələ seçki başlamamış saxta ittihamlar irəli sürərək nəticələrin saxtalaşdırılacağını iddia edirlər”.
Baş nazir bu həssas məqamda ölkədə nifrət və düşmənçiliyin yolverilməz olduğunu vurğulayıb. O, Macarıstan xalqını dövlətçilik naminə birliyə və həmrəyliyə çağırıb.