RU

Bakının balanslı siyasəti...

Azərbaycan regionda sabitliyi dəstəkləyir

Azərbaycan müstəqillik əldə etdiyi dövrdən etibarən öz xarici siyasət kursunu milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında formalaşdırıb. Bu siyasətin əsasını isə sülh, qarşılıqlı əməkdaşlıq və sabitliyin qorunması təşkil edir. Ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi çıxış edərək daim dialoq və anlaşma mühitinin gücləndirilməsinə töhfə verməyə çalışır. Bu yanaşma təkcə region daxilində deyil, qlobal miqyasda da Azərbaycanın mövqeyini aydın şəkildə nümayiş etdirir.

Xüsusilə uzun illər işğal və təcavüzlə üzləşmiş bir dövlət kimi Azərbaycan münaqişələrin nəticələrinin nə qədər ağır olduğunu yaxşı bilir. Məhz buna görə də rəsmi Bakı hər zaman mübahisəli məsələlərin hərbi deyil, siyasi və diplomatik yollarla həllini dəstəkləyib. Azərbaycan üçün sülh yalnız siyasi seçim deyil, həm də strateji zərurətdir. Çünki davamlı inkişaf, iqtisadi tərəqqi və regional təhlükəsizlik məhz sabitlik şəraitində mümkün olur.

Yaxın Şərqdə baş verən və 38 gün davam edən münaqişəyə münasibətdə də Azərbaycan eyni prinsipial mövqe nümayiş etdirib. Münaqişənin ilk günlərindən etibarən rəsmi Bakı tərəfləri təmkinə çağıraraq, məsələnin danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb. Bu gün də Azərbaycan həmin mövqedə qalaraq sülh təşəbbüslərini dəstəkləyir və regionda gərginliyin azalmasına yönəlmiş addımları müsbət qiymətləndirir.

Sülh və sabitlik üçün...

Bu mənada, Azərbaycan dövlətinin ABŞ ilə İran arasında atəşkəsin əldə olunmasına münasibəti də məhz pozitiv istiqamətdədir. Aprelin 8-də Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. Dövlətimizin başçısı İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb. Məsud Pezeşkian bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb. Qeyd edək ki, İran Prezidentini atəşkəs ilə bağlı təbrik edən ilk lider İlham Əliyev olub.

Bu, Azərbaycanın sülhə verdiyi önəmin konkret nümunəsidir - ölkəmizin beynəlxalq proseslərə məhz sülh, sabitlik, əməkdaşlıq prinsiplərindən yanaşmasının sübutudur. Bu addım Azərbaycanın regionda gərginliyin azalmasına verdiyi siyasi dəstəkdir. Vurğulandığı kimi, rəsmi Bakı belə hallarda tərəflər arasında körpü rolunu oynamağa, qarşılıqlı etimadı gücləndirməyə çalışır. Azərbaycan üçün əsas prioritet regionda sabitliyin qorunması və münaqişələrin daha geniş miqyas almamasıdır. Bu baxımdan atəşkəs kimi mühüm addımların dəstəklənməsi ölkənin xarici siyasət kursunun məntiqi davamıdır.

Bununla yanaşı, Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini qoruyaraq, bütün tərəflərə bərabər və obyektiv yanaşma sərgiləyir. Bu isə ölkəmizin etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir və onu regionda mühüm diplomatik aktora çevirir.

Bakı ABŞ və İsrail ilə yaxın münasibətlərə malikdir...

Azərbaycanın nümayiş etdirdiyi mövqe həm də mühüm bir rakursdan diqqət çəkir - Bakı münaqişə tərəfləri ilə yaxın münasibətlərə malikdir. Xüsusilə, ötən ilin avqustundan bu yana Azərbaycan ilə ABŞ arasında yaxın strateji əməkdaşlıq əlaqələri güclənib. Bu il fevralın 10-da ABŞ-ın vitse-prezidenti Cey. Di.Vensin Bakıya səfəri çərçivəsində Azərbaycan ilə ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiya münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir. Qeyd edək ki, Xartiya özündə bir sıra mühüm məqamları ehtiva edir - diplomatik əlaqələrin genişlənməsi, strateji iqtisadi münasibətlər sisteminin formalaşdırılması, müasir çağırışlara əsasən dialoqun daha da gücləndirilməsi və bu kimi amillər Bakı-Vaşinqton əlaqələrinin keyfiyyətcə mühüm bir müstəviyə çatmasını təsdiqləyir.

Prezident Trampın son bir ildə artıq bir neçə dəfə Prezident İlham Əliyevlə görüşməsi, fərqli kontekstlərdə müzakirələrin aparılması, Cənubi Qafqazın yeni gələcəyinin formalaşdırılması istiqamətində Azərbaycanın irəli sürdüyü strateji yol xəritəsinin dəstəklənməsi, sülhün və sabitliyin qorunmasına xidmət edən yaxınlaşmaların təqdir olunması göstərir ki, Bakı-Vaşinqton əlaqələri sağlam və dinamik xarakter daşıyır. Azərbaycanı hər zaman özünün strateji tərəfdaşı kimi xarakterizə edən rəsmi Vaşinqton əməkdaşlığın çoxşaxəli olmasında maraqlı olduğunu ortaya qoyur.

Paralel olaraq, Azərbaycanın İsrail ilə də münasibətləri hər zaman dostluq müstəvisində inkişaf edib. Bakı ilə Təl-Əviv arasında yüksəksəviyyəli siyasi dialoq. İqtisadi münasibətlər mövcuddur. İsrail daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və müdafiə sənayesi sahəsində ən yaxın strateji tərəfdaşlarından biri sayılıb.

Bütün bunlara baxmayaraq, Azərbaycan regionda münasibətlər sisteminin güc yolu ilə deyil, sülh yolu ilə tənzimlənməsinə dəstək verir - Bakı bu münaqişədə yalnız sabitləşdirici faktor rolunu oynamağa səy göstərir.

İrana münasibət sadiq və ləyaqətli qonşuluq prinsipləri ilə tənzimlənir

Eyni fikirləri İran barədə də demək olar - Azərbaycanın sadiq və ləyaqətli qonşuluq münasibətlərinə hörmətlə yanaşması sirr deyil. Bakı qonşuları ilə daima istər iqtisadi, istərsə də siyasi münasibətlərini hörmət və qarşılıqlı səmimiyyət üzərində qurur. Hələ fevralın son günündən başlayaraq Azərbaycan yalnız problemin həllinə fokuslanıb - hansısa bir tərəfə dəstək məsələsi gündəmə gətirilməyib. İranın Ali dini rəhbərinin həyatını itirməsi münasibətilə Bakı özünün rəsmi başsağlığını rəsmi Tehrana çatdırıb. Prezident İlham Əliyev ilk dövlət başçısı oldu ki, İranın Azərbaycandakı səfirliyinə gedərək matəm kitabına öz ürək sözlərini yazıb və başsağlığı verib.

Bakı bu münaqişdə mənəvi tərəfləri də unutmadı - İrana humanitar yardımların göndərilməsi bunun bariz sübutudur. Azərbaycanın İran ətrafında baş verənlərə münasibəti neytrallıq və qonşuluq praqmatizmi, suverenliyə hörmət üzərində qurulub. İrana endirilən hava zərbələri fonunda Azərbaycan qonşu ölkəyə humanitar yardım göndərən ilk dövlət oldu. Bu, sadəcə xeyriyyəçilik aktı yox, həm də dərindən düşünülüb-hesablanmış strateji addımdır. Regionun təhlükəsizliyində aktiv rol oynayan, sabitləşdirici faktor kimi qeyd edilən Bakı bu dəfə mənəvi qonşuluq prinsiplərinə də hörmətlə yanaşdığını hər kəsə nümayiş etdirdi. İrana sonradan humanitar yardımlar məhz bu addımından sonra gerçəkləşdi. Eləcə də, Azərbaycan hər zaman bildirdiyi kimi, regional sabitlik faktoruna bir nömrəli fəaliyyət kimi yanaşır - paralel olaraq İrana münasibətdə də mövqeyimiz aydın, dəyişməz və qətidir: Prezident İlham Əliyev hər zaman bəyan edib ki, Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Dövlət başçısı bildirib ki, biz heç vaxt öz ərazimizdən qonşu ölkələrə, o cümlədən İrana qarşı təhdidlərin yaranmasına imkan verməyəcəyik. Rəsmi Bakı bütünlüklə öz davranışlarında bu tezisləri təsdiqləyib və ötən dövrdə nəinki İran, digər region dövlətinə qarşı da heç bir təhdid və ya təhlükə formalaşdırılmayıb.

Regionun sabitləşdirici faktoru...

Beləliklə, illərdir ki, bəlli olan həqiqət növbəti dəfə təsdiqlənir - Azərbaycan regionda sabitləşdirici faktor, lider dövlət olması açıq nümunələrlə ortaya qoyulur. Rəsmi Bakı qonşu ölkələrdə baş verən hadisələri diqqətlə izləyir və bu kimi proseslərdən narahatlığını gizlətmir. Çünki regional sabitliyin pozulması iqtisadi layihələrə, enerji təhlükəsizliyinə və ümumilikdə insanların rifahına mənfi təsir göstərir. Azərbaycan bu riskləri nəzərə alaraq daim sülhün və təhlükəsizliyin tərəfdarı kimi çıxış edir. Eyni zamanda, Azərbaycan əməkdaşlıq platformalarının inkişafına xüsusi önəm verir. Regional dialoq, qarşılıqlı hörmət və ortaq maraqların qorunması ölkəmizin siyasətində əsas istiqamətlərdən biridir. Bu yanaşma sayəsində Azərbaycan yalnız öz maraqlarını deyil, bütövlükdə regionun sabitliyini təmin etməyə çalışan aktor kimi tanınır.

Nəticə etibarilə, Azərbaycan xarici siyasətində balanslı və prinsipial mövqe nümayiş etdirən dövlət kimi çıxış edir. Ölkəmiz bütün hallarda tərəflər arasında tarazlığı qorumağa, münasibətləri gərginləşdirmək deyil, əksinə, normallaşdırmağa çalışır. Bu yanaşma həm milli maraqlara xidmət edir, həm də beynəlxalq hüququn tələblərinə uyğundur.

Azərbaycan üçün münaqişələrin güc yolu ilə həlli qəbuledilməzdir. Ölkəmiz hesab edir ki, davamlı sülh yalnız dialoq, qarşılıqlı anlaşma və diplomatik vasitələrlə mümkündür. Bu səbəbdən rəsmi Bakı beynəlxalq arenada daim sülh təşəbbüslərini dəstəkləyir və bu istiqamətdə aktiv fəaliyyət göstərir.

P. İSMAYILOV

Избранный
14
1
yeniazerbaycan.com

2Источники