RU

İstanbul COP31 ərəfəsində Sıfır tullantı forumuna ev sahibliyi edəcək

Türkiyənin İstanbul şəhəri COP31 prosesi ərəfəsində qlobal ekoloji və iqlim diplomatiyasının genişmiqyaslı tədbirlərindən birinə ev sahibliyi edəcək.

“İki sahil” xəbər verir ki, fıfır tullantı fondu tərəfindən 5–7 iyun tarixlərində Atatürk Havalimanı ərazisində təşkil olunacaq forumda dünyanın 100-dən çox ölkəsindən nazirlərin və yüksək səviyyəli nümayəndələrin iştirakı gözlənilir.

Forum COP31 prosesi öncəsi keçiriləcək ən böyük ekoloji, iqlim və sıfır tullantı platformalarından biri kimi qiymətləndirilir. Tədbirdə 150-dən artıq ölkədən iştirakçıların, 500-dən çox qurumun və 5 mindən artıq beynəlxalq qonağın qatılacağı bildirilir.

“Antalyaya gedən yol: İqlim fəaliyyəti kimi sıfır tullantı” mövzusunda keçiriləcək forumda hökumət nümayəndələri, beynəlxalq təşkilatlar, akademik dairələr, özəl sektor və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edəcəklər. Tədbir qlobal ekoloji siyasətlərin müzakirəsi üçün platforma rolunu oynayacaq.

Sıfır tullantı təşəbbüsü Əminə Ərdoğanın himayəsi ilə 2017-ci ildə başladılıb və qısa müddətdə beynəlxalq səviyyədə nümunəvi modelə çevrilib. United Nations General Assembly tərəfindən 30 mart tarixinin “Beynəlxalq Sıfır tullantı günü” elan edilməsi təşəbbüsün qlobal əhəmiyyətini artırıb.

Sıfır tullantı fondunun prezidenti və COP31 üzrə Yüksək Səviyyəli İqlim Çempionu Samed Ağırbaş bildirib ki, forum sıfır tullantı yanaşmasının iqlim gündəliyində mühüm yer tutmasına xidmət edir. Məqsəd COP31-ə konkret və tətbiq oluna bilən nəticələrlə töhfə verməkdir.

Forum çərçivəsində nazirlər səviyyəsində keçiriləcək iclaslarda dövri iqtisadiyyat siyasətləri, plastik çirklənməsi ilə mübarizə, tullantıların idarə olunmasında qlobal standartların uyğunlaşdırılması, iqlim maliyyəsi və yaşıl investisiyalar, həmçinin inkişaf etməkdə olan ölkələr üçün potensialın gücləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Üç gün davam edəcək forum çərçivəsində qida israfının qarşısının alınması, üzvi tullantıların idarə olunması və metan emissiyalarının azaldılması, dövri iqtisadiyyatın maliyyələşdirilməsi, şəhərlərdə sıfır tullantı tətbiqləri, plastik çirklənməsi ilə bağlı qlobal siyasət prosesləri, təkrar istifadə sistemləri, enerji sektorunda tullantıların azaldılması strategiyaları, eləcə də tekstil və moda sənayesində dövri transformasiya mövzularında panellər keçiriləcək.

Forumun, 9–20 noyabr 2026-cı il tarixlərində Antalya şəhərində keçiriləcək COP31 konfransı öncəsi ölkələrin mövqelərinin uzlaşdırılması və qlobal iqlim gündəliyinin formalaşdırılması baxımından mühüm rol oynayacağı gözlənilir.

Избранный
16
ikisahil.az

1Источники